Radikalizm dini bilməməkdən yaranır - Bizdə islam dinindən danışan insanlara qarşı inam itib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov bildirib ki, radikalizmi meydana gətirən əsas səbəblərdən biri islam dini haqqında məlumatsızlıqdır.
Onun sözlərinə görə, radikalizmi meydana gətirən əsas səbəblərdən biri islam dini haqqında məlumatsızlıq və ümumilikdə dini biliklərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizə işində başlıca istiqamət dini maarifçilik, milli-mənəvi dəyərlərin qorunması və təbliği işinin mütəmadi aparılmasıdır.
Sədr müavini ilə razılaşdığını bildirən sosioloq-alim Əhməd Qəşəmoğlu "Şərq”ə deyib ki, ölkəmizdə islamın əleyhinə danışan və yaxud islamı çox dəstəkləyənlərin əslində islamdan heç bir xəbəri yoxdur:
"Bizdə özünə müsəlman deyən, islam dinindən danışan insanlara qarşı inam itib. İnsanların 80-90 faizinin islam barədə təsəvvürü arzuolunan şəkildə deyil. Quranı mahiyyəti etibarı ilə elə oxumaq lazımdır ki, ondan bəhrələnə biləsən. Necə ki, şeiri oxuyub bəhrələnirsən, gərək Qurandakı ayələrdən də bəhrələnəsən. İslamın mahiyyəti insanları kainatın nizamına, ahənginə kökləməkdir. İslamın mənası isə "təslim olunmuş” deməkdir. Amma bu, kainatın qayda-qanunlarına təslim olmaq mənasında başa düşülür. Demək olar ki, bizdə bu istiqamətdə heç bir izahat yoxdur. İnsanları bir az qorxudurlar, şəriətdə bir çox şeylərin qadağan olunduğunu deyirlər. Bu gün islamın təbliğatı ilə bağlı olan işlər çox savadsız formadadır. Bununla bağlı müəyyən mexanizmi qurmaq lazımdır. Əsas məsuliyyət də məhz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşür. Elə etməliyik ki, islamın yaxşı tərəflərindən bəhrələnək, bunun üçün də bir neçə nəfər insan islamın mahiyyəti ilə bağlı kitablar yazmalıdır. Həmçinin təhsil konsepsiyasını da nəzərə almalıyıq ki, orta məktəbdə biz islamı hansı tərəfdən şagirdlərimizin beyninə yeridək ki, onlar xurafata, islamın əleyhinə olan məsələlərə qarışmasın və hiss etsinlər ki, islam onların mənəviyyatını zənginləşdirmək, öz həyatlarını daha gözəl qurmaq üçün necə müsbət rollara malikdir. Bu istiqamətdə elmi tədqiqatlara, yeni kitablara, yüksək səviyyəli maarifləndirməyə ehtiyacımız var”.
Yeganə Bayramova