Radio aparıcısında böyük enerji olmalıdır

Əzizə İsmayılova: “Aparıcı dinləyicini bir tək səsi və fikri ilə dalğada saxlama imkanına malikdir”
“Dinləyici bilmir sən kimsən, necəsən, qaşın necədir, gözün necədir? O ancaq səni eşidir və sən onu ancaq səs və enerjinlə dalğaya bağlamalısan. Enerji ona çatmasa, o səni dinləsə belə eşitməyəcək”


Radio haqqında danışılanda gözümün önünə "Şərikli çörək” filmindəki epizod gəlir; qırçı Məhəmməd balaca köməkçisi Vaqiflə nahar edir. İçərişəhərin qala divarlarının önündə yerə qəzetdən süfrə açıblar. Başlarının üstündə elektrik dirəyinə bərkidilmiş səsgücləndiricidən Bülbülün səsi gəlir. Müharibə dövrü üçün tamamilə təbii mənzərədir. O vaxt elə idi. İşıq dirəklərinə bərkidilmiş səsgücləndiricilərdən gecə-gündüz təzə xəbərlər verilərdi. İllər keçdikcə bu böyük radiolar yığışdırıldı, idarələrdə iş otaqlarında divara vurulan balaca radiolara döndülər. Sonrasa ümumiyyətlə, itib-batdılar.

İllər keçdikcə radionun dinlənildiyi cihazlar da dəyişdi. Dəyişməyən təkcə "Danışır Azərbaycan radiosu” kəlməsi oldu. İndi o qədər radio dalğaları var ki. Nə çoxdu, "fm”lər, "çm”lər. Radioların dinlənildiyi texniki qurğular da artıb. Kimisi avtobusda radioya qulaq asır, kimisi avtomobildə, bəzisi də mobil telefon vasitəsilə. Əsas odur ki, radio bu gün də ən çox dinlənilir, ən çox qulaq asılır.
Cəmiyyət üçün bu qədər cəlbedici olan radionun imkanlarından necə, lazımi şəkildə istifadə edilirmi? Əvvəlcədən deyək ki, sualı eşidən həmsöhbətlərimiz həmən giley-güzara başladılar. Radiolarımızın, əlbəttə ki, Dövlət radiosunu çıxmaq şərtilə, səviyyəsindən razı olan tapılmadı. Radio sözünü eşidənlərin təpkisi "başdan ayağa lağ-lağı, səviyyəsizlik” oldu. Halbuki radionun kütləvilik imkanları daha genişdir. Və ondan xəbər daşıyıcılığında əsas vasitə kimi istifadə edilə bilər. Radionun imkanları nəzərə alınaraq kütləvi xəbər daşıyıcısı funksiyasını ona həvalə etmək tam mümkündür.

Bəs bu gün çox dinlənilən, dinləyici auditoriyasına malik özəl radioların əməkdaşları nə düşünür? İnformasiya daşıyıcısı olmaq yükünü çiyinlərinə almağa hazırdırlarmı?

"Radio Antenn 101 FM”in aparıcısı, jurnalist Əzizə İsmayılova "hazırda ən çox dinlənilən radiodur” iddiası ilə qismən razılaşır və məsələyə bir neçə istiqamətdən yanaşılmasını təklif edir.

- Bəli, razıyam, amma baxır məsələyə hansı istiqamətdən yanaşılır.

Yəni hər hansısa bir radionun dinləyici auditoriyası, onun yayımının əhatə etdiyi miqyas etibarı ilə ölçülür və əsas kimi də tezliyin əhatə dairəsi götürülür. Məsələn, 10 ildir ki, aparıcı kimi çalışdığım Radio Antenn 101FM, yeganə və ən böyük əhatə dairəsinə malik və ən çox ötürücüsü olan radiostansiyadır. Nəinki respublikanın bütün bölgələrində, hətta xaricdə də çox asanlıqla yayımlanır və dinlənilir. Yəni bizi hər hansı ucqar dağ kəndində belə çox asanlıqla dinləmək mümkündür. Eyni zamanda internet üzərindən yayım da mümkündür ki, bu da dünyaya çıxışdır.

Bir də var, eyni məkan daxilində "ən çox dinlənilən radio”. Tutaq ki, kimsə deyir ki, "Bakı şəhərində ən çox dinlənilən radio filan radiodur”. Bu fikri söyləmək və iddia etmək, zənnimcə, reallıqdan və professionallıqdan çox uzaq olar. Çünki eyni məkan daxilində hansı radionun neçə nəfər tərəfindən dinlənib-dinlənilməməsini ölçə biləcək bir ölçü meyarı yoxdur, belə bir iddianı nə sübut etmək, nə də əsaslandırmaq mümkün deyil. Eyni əhatə dairəsində yayımlanan hər bir radionun nəinki hər saatda, hər dəqiqədə, hətta hər saniyədə belə müxtəlif dinləyiciləri olur və olacaq. Məsələn, insan bir dalğaya qulaq asır, tutaq ki, qulağına hansısa söz xoş gəlməyəndə avtomatik keçir digərinə, orda da mahnı xoşuna gəlmir, keçir daha başqa dalğaya, ta ki, ürəyinə yatan bir dalğada dayanana kimi. Ona görə də, eyni məkan daxilində "ən çox dinlənilən radio” ifadəsi ilə razılaşmam nə səmimiyyətə, nə professionallığa sığmaz - deyə düşünürəm.

- Radionu televiziyadan fərqləndirən və üstün edən cəhətlər hansıdır? Əlbəttə, əgər üstün olduğunu hesab edirsinizsə.

- Hesab edirəm ki, televiziya və radionu müqayisə etmək olmaz. Onları birləşdirən yeganə bir prinsip, hər ikisinin KİV-in bir qolu olmasıdır. İstər iş prinsipi, istər auditoriya cəhətdən radio ilə televiziya qətiyyən müqayisəyə gəlmir. Televiziyanın canı görüntüdədir, radionun canı səsdə.

Ümumilikdə götürsək, radionun televiziyadan əsas fərqi ondadır ki, radioda hər şey canlıdır, dinamikdir, pozitivdir, sürətlidir. Radio hər dəqiqə, hər saniyə dinləyicisinin yanındadır, ən əsası radio dinləyicisi ilə səmimidir. Radio qətiyyən ətaləti sevmir - qaçanla qaçır, işləyənlə işləyir, sürücü ilə sürür, sərnişinlə yol gedir, hətta kitab oxuyanla oxuyur və s.

Televiziyada isə bunların heç biri yoxdur. Televiziya ətaləti sevir ki, müasir dünyada da ətalət, ancaq bir qədər yaşlı insanları və bir də yeni ayaq açan körpələri özünə cəlb edə bilir. Televiziyada radio üçün sadaladığım şeylər yoxdur. Canlı ünsiyyət yoxdur, falş daha çoxdur, tamaşaçını görüntüyə bağlamaq məcburiyyəti var. Tamaşaçını ekran qarşısında saxlamaq üçün bu gün televiziyaların hansısa bir tutarlı səbəbi yoxdur. Tamaşaçının "mən niyə televiziyaya baxmalıyam” sualı açıq qalıb, cavabsızdır.

Fikrimi belə izah edim: Bu gün informasiya əsrindəyik və cəmiyyət demək olar ki, sosial şəbəkələrlə nəfəs alır. Orta yaş qrupunda olan insanlar (15-60 yaşa kimi təxminən olanları nəzərdə tuturam. Ə.İ) televiziyadakı verilişləri deyil, hansısa verilişdən, hansısa fraqmentin sosial şəbəkə üzərindən paylaşılan hissəsinə baxır, o da çox vaxt yarımçıq. Çünki mobillik, temp yoxdur, monotonluq hökm sürür. Tamaşaçı ilə səmimiyyət yox dərəcəsindədir. Tamaşaçını ekran qarşısına bağlayacaq yeganə ən əsas şərt, ən əsas məsələ - operativlik anlayışı, itib gedib.

Razılaşaq ki, televiziyada verilən hər hansı informasiya tamaşaçıya çatanda tamaşaçı artıq onu çoxdan nəinki həzm etmiş, hətta ətrafındakılarla müzakirə də etmiş olur. Televiziya hər yerə gecikir. Tamaşaçı onun arxasınca qaçmır, əksinə, televiziya tamaşaçının arxasınca qaçmağa cəhd göstərir və çata bilmir. Deməli, tamaşaçının televiziyadan gözləntisi yoxdur. Televiziya tamaşaçısına ögeydir, onu eşitmir, duymur. Tamaşaçıya sanki "şou elementi” kimi yanaşılır, arada bağ yoxdur.
Radio isə tam fərqlidir. Radio sosial şəbəkə qədər mobildir, hərəkətlidir (hətta bəzən şəbəkələri belə üstələyir) və ən əsası operativdir. Radio üçün dinləyicisi doğmadır - o, hər bir dinləyicisini eşidir, duyur. Radio dinləyicisini sevir, onunla nəfəs alır. Bu baxımdan da arada səmimiyyət var.

- Radionun proqram siyasəti sizcə, necə olmalıdır?

- Hər bir radionun proqram siyasətini onun rəhbərliyi müəyyən edir. Hesab edirəm ki, yuxarıda sadaladığım bütün elementlər proqram siyasətində öz əksini tapmalıdır. Yəni, vacib və dinləyici üçün bilinməsi önəmli olan informasiyaların doğru-dürüst şəkildə çatdırılması, hər hansı bir mövzu ətrafında dinləyicini sıxmayacaq, dalğanı dəyişməyə məcbur etməyəcək bir şəkildə qarşılıqlı söhbət etmək, hər hansı sosial-iqtisadi mövzuda yenə də dinləyici marağından çıxış edərək, ekspert və ya qonaqlarla söhbət etmək, musiqi seçimini nizamlamaq və s. və ilaxır. Nəzərə almaq lazımdır ki, radioda aparıcının bir tək silahı var - mikrofon. Aparıcı dinləyicini bir tək səsi və fikri ilə dalğada saxlama imkanına malikdir, başqa heç nə. Bunun üçün də çox böyük enerji tələb olunur. Dinləyici bilmir sən kimsən, necəsən, qaşın necədir, gözün necədir? O ancaq səni eşidir və sən onu ancaq səs və enerjinlə dalğaya bağlamalısan. Enerji ona çatmasa, o səni dinləsə belə eşitməyəcək.

Zənnimcə, radiolar son dövrdə əvvəlki funksiyasını bir qədər dəyişib. Əvvəl insanlar əsasən musiqi dinləmək üçün radioya qulaq asırdılar. Amma indi hər kəsin öz sevdiyi musiqini dinləmək üçün əlinin altında saysız-hesabsız variantlar var - disk var, yaddaş kartı var, telefonlar və s. Bu gün dinləyici, radiodan səs istəyir. Onunla danışacaq, onu eşidəcək bir səs. Aparıcı ilə söhbət, hər hansı bir məlumat, xəbər. Musiqi isə hər hansısa bir söhbət əsnasında bir növ "pauza” rolunu oynayır və fikrin möhkəmlənməsi üçün hər iki tərəfə "vaxt qazandırır”.

- Xəbər yayımçılığında radionun əhəmiyyəti nə dərəcədədir?

- Radionun dinləyici auditoriyası üçün əhəmiyyəti hərtərəflidir. Onlardan ən birincisi də Xəbər yayımçılığıdır. 10 ildir ki, Radio Antenn 101FM-də xəbər aparıcısıyam. Hər gün səhər saat 8:00-dan 15:00-a kimi hər saatın tamamında efirdə "Xəbərlər”i oxuyuram. Xüsusi hadisələr olanda hətta hər 15 dəqiqədən bir də efirə çıxdığım olub. Bu 10 illik müşahidə göstərir ki, dinləyici həmişə xəbərin "acı” olur. Mütləq nəsə eşitmək, bilmək istəyir. Hətta Xəbərlər hər yarım saatdan bir efirə çıxsa, dinləyici yenə onu əvvəlki aclıqla dinləyir.

Qeyd etdiyim kimi, radionun "Xəbərlər” buraxılışı olduqca operativ, vacib informasiyaların dinləyiciyə çatdırılmasına xidmət edir. Radioda, bəzi istisnaları nəzərə almasaq, demək olar ki, təkrar xəbər efirə getmir.
Hər bir xəbər özü-özlüyündə çox böyük bir informasiya daşıyıcısıdır, olduqca böyük gücə malikdir və hər insanın alt şüurunda mütləq özünə yer edir. Ona görə də, radioda xəbər buraxılışı həmişə dinləyicilərin diqqətində olur və onlar özlərini "doydura” biləcək Xəbər buraxılışını heç bir halda buraxmırlar. Xəbər aparıcısı, radionun siması, dinləyici sinirinin ən mərkəz və həssas nöqtəsidir. Ola bilər ki, hər hansı bir məlumat veriliş əsnasında oxunanda dinləyici ona o qədər də diqqət etməsin və ya o qədər də beyninə yaxın buraxmasın, amma eyni məlumat Xəbər buraxılışında oxunanda olduqca böyük rezonans doğursun. Ona görə, Xəbərçilikdə radio çox böyük gücdür. Televiziyalarla müqayisə edilməyəcək qədər böyük.

- Bəs, ənənələrin qorunması, dil və nitq mədəniyyətində radionun rolu.

- Bilirsinizmi, "ənənələrin qorunması” çox böyük bir anlayış və məfhumdur. Baxır kim bu məsələyə hansı prizmadan baxır və nəyi nəzərdə tutur. Ümumi götürsək, heç bir radio ənənədən kənara çıxmır. Nəzərə almaq lazımdır ki, radioda çalışanlar da həmin o ənənələrin yetişdirdiyi insanlardır. Hətta istəsək belə hansısa ənənə çərçivəsindən çıxmaq mümkün deyil - alternativ yoxdur çünki. Ola bilər hansısa aparıcı fikrini qeyri-səlis ifadə etsin, yaxud cəmiyyətə qeyri-etik görünən qıcıq yaradacaq hansısa ifadədən və ya replikadan istifadə etsin. Zənnimcə, bu da ənənənin pozulması deyil, insanın yanaşmasından, düşüncəsindən doğan bir şeydir.

Dil və nitq mədəniyyətinə gəlincə, bu gün radio təmiz, səlis və eyni zamanda sürətli nitqi sevir. Sürət əsrində monoton və sakit templə danışmaq artıq radionun qəbul etmədiyi bir prinsipdir. Dinləyici anındaca dalğanı çevirəcək və çətin ki, bir də geri qayıtsın. Nitq sürətli olmaqla yanaşı, həm də aydın və rəvan olmalıdır. Dil və nitq mədəniyyətinin formalaşması isə aparıcının nə qədər savadlı olmasına, qiraətinə və dünyagörüşünə bağlıdır. Təəssüf, bu gün radiolarda bu xətt üzrə çox böyük boşluq var.

- Çağdaş dünyada radionun tutduğu yeri necə dəyərləndirirsiz?

- Hesab edirəm, bütün sadaladıqlarım radionun müasir dünyada nə qədər önəmli, nə qədər vacib və əsas yer tutduğunu göstərir. Fikrimi təkrar etsəm, bu gün radio cəmiyyətin nəbzi ilə bir vurur. Bircə kiçik fakt deyim - sükan arxasında olan 98 faiz sürücü radioya qulaq asır. Şəxsən öz praktikamdan deyim - hər gün "Xəbərlər”dən əlavə, səhər saat 11:00-dan 13:00-a kimi canlı yayımda oluram. 2 saat ərzində efirə gələn saysız-hesabsız səsli və yazılı mesajlar göstərir ki, sürücülərdən əlavə, ofisdə çalışan insanlar, bank işçiləri, auditoriyada mühazirəyə girən tələbələr, yolda piyada gəzənlər, yemək bişirənlər, xəstəxanada yatanlar, çöldə mal-heyvan otaranlar hamısı eyni anda radioya qulaq asır. Eyni məsələyə hər insan öz olduğu prizmadan yanaşmağa çalışır, öz rakursundan çıxış edir. Bu da imkan verir ki, cəmiyyət üçün ümumi bir ortam yaratsınlar, biri-birlərinin fikirlərindən yararlansınlar və yaxud da təəccüblənsinlər. Radio sosial şəbəkələrdən daha çox insanlara yaxındırsa, hesab edirəm onun hansı yerdə olduğunu müəyyən etmək çətin olmaz.

Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb