Rəsmilər Bakıdakı ötən gecəki "selin" səbəblərini açıqladı



 
Ötən gecə Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində Ukrayna dairəsindən Nargilə istiqamətində küçəyə mənbəyi məlum olmayan sular axıdılıb.

Sakinlərin Trend-ə verdiyi məlumata görə, həmin ərazidən keçən kanalizasiya xətlərinin birinin partlaması nəticəsində çirkab sular yola axıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələ aydınlıq gətirib. O, Trend-ə açıqlamasında bildirib ki, küçəyə axıdılan çirkab sular olmayıb:

"Bir neçə gündür həmin ərazidə qışa hazırlıq işləri gedir. İstilik sistemlərinin hazırlıq vəziyyəti yoxlanılır. Küçəyə axan sular da istilik sistemlərindən çıxan sulardır".

Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə Trend-ə bildirib ki, Əhmədli qəsəbəsində, əsasən də Aşıq Ələsgər küçəsində "Azəristilik" tərəfindən köhnə borular yenilənir.