"Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyir ki, artıq Azərbaycanla Ermənistan arasında qarşılıqlı güvən yaratmanın zamanı gəlib çatıb. Və onun dediyinə görə, Minsk qrupuna həmsədrlik edən digər ölkə- Rusiya da bu fikirləri bölüşür. Deməyinə deyirlər, amma aralarında son 25 ildə heç vaxt indiki qədər ziddiyyət və güvənsizlik olmayan bu iki ölkənin əl-ələ verib bizim regionda qarşılıqlı güvən yaradacaqları təəssüf ki, ağlabatan deyil".
Sherg.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev bildirib. Deputat qeyd edib ki, bunun iki səbəbi var:
"Birinci səbəb haylarla bizi barışdırmaq istədiklərini deyənlərin vurğuladığımlz kimi özlərinin arasında böyük güvənsizliyin olmasıdır. İkinci və ən əsas səbəb isə həmsərdlərin bilərəkdən odu qoyub tüstüylə oynamalarıdır. Ancaq od tüstüdən yaranmır axı. Tüstü oddan yaranır. Haylar bizim torpağı arada güvən olmadığına görə işğal etməyiblər. Arada güvən ona görə yoxdur və ola bilməz ki, onlar torpaqlarımızı işğal altında saxlayırlar. Güvən yaranması üçün işğalçı işğal altında saxladığı torpaqlardan çəkilməlidir.
Əgər Ermənistan bunu etmirsə, bizə qarşı düşmənçilik siyasəti yeridirsə, ona necə güvənə bilərik? Nəinki Ermənistana, onun işğalçılıq siyasətinə dözümlü nədir, hətta himayədarcasına yanaşan həmsədrlərin özünə belə bu gün Azərbaycanda çox təbii olaraq heç bir güvən yoxdur və cənab Hoqland da bunu bilməmiş deyil.
Ona görə də həmsədr ölkələr ilk növbədə buna çalışmalıdırlar ki, biz azacıq da olsa, onlara güvənə bilək. Bunun üçünsə çox yox, azacıq da olsa, ədalətli davranmalı, öz maraqlarından deyil, beynəlxalq normalardan çıxış etməlidirlər. Ermənistana geosiyasi alət və forpost yox, işğalçı gözüylə baxmalıdırlar".
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti açıqlamalar verib. Həmsədrin sözlərindən bəlli olub ki, son günlər cəbhə bölgəsində yaşayan gərginliyə, ermənilərin mülki sakinləri hədəf seçməsinə baxmayaraq, vasitəçilər prezidentlərin növbəti görüşünün baş tutacağına ümid edirlər. Fəaliyyətdə olduğunu isbat etməyə çalışan Amerikalı həmsədr Hoqland deyib ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək: "Tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığına ümid etmək olar”.
Hoqland əminliklə bildirib ki, münaqişənin həlli ilə bağlı çərçivə sazişi, onunla əlaqəli addımlar və mərhələlər mövcuddur: "Nizamlanma reallaşarsa, regionun əhalisinə sülh, təhlükəsizlik və rifah gətirəcək”.
Vasitəçi Rusiya-ABŞ münasibətlərinin danışıqlar prosesinə təsir edib-etməyəcəyi məsələsinə də toxunub:
"İki ölkə arasında yaranmış gərginliyə baxmayaraq, ABŞ Rusiya ilə bu məsələdə işləməyə davam edir. Biri-birimizə münasibətdə heç nə dəyişməyib. Siyasətçilər öz aralarında toqquşa bilərlər, lakin ümumi işimizi davam etdirmək niyyətindəyik”. Amerikalı həmsədr vurğulayıb ki, hərbi toqquşma ehtimalını aşağı endirməliyik: "İlk növbədə təmas xəttindən və sərhəd zonasından snayperlər geri çəkilməli, müşahidəçilərin sayı artırılmalı və xüsusi avadanlıqlar yerləşdirilməlidir. Əgər iki silahlı tərəf üz-üzə durubsa, hərbi toqquşmanın mümkünlüyü hər zaman var”.
Ayyət ƏHMƏD