"Rusiya 2016-cı ildə şərtləri diktə edən tərəfə çevrilə bildi"- Deputat





"Regionda baş verən hadisələrin taleyi də məhz Amerika-Rusiya münasibətlərindən asılı olacaq”.

Bunu Sherg.az-a Donald Trampın prezident seçilməsindən sonra Rusiya və ABŞ arasındakı münasibətlərin gələcək perspektivindən danışarkən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib. 

Deputatın sözlərinə görə, hazırda Avropanın transatlantik münasibətlərində Rusiyanın mövqeyi sərtləşir:

"Beynəlxalq münasibətlər sistemində 2016-cı ildə baş verən hadisələrdən sonra yeni keyfiyyət dəyişikliklərinin olacağını proqnozlaşdırmaq mümkündür. Lakin bu radikal, yoxsa kardinal dəyişikliklər olacaq, bu barədə fikir bildirmək bir qədər tezdir. Çünki D. Trampın ayın 20-dən sonra səlahiyyətlərinin icrasına başlaması ilə atacağı addımlar bu məsələyə aydınlıq gətirəcək. Əslində yeni prezidentin son bəyanatları onu göstərdi ki, Avropanın ən böyük hərbi-siyasi bloku olan NATO haqqında fikirləri ənənəvi Amerika prezidentlərinin fikirlərindən bir qədər fərqlənir. 

Bu Avropada yeni siyasətlər formalaşdırır və münasibətləri sərtləşdirir. Fransa prezidenti Fransua Olland söyləyib ki, biz Avro-Atlantika əməkdaşlığına maraqlıyıq, amma burada Avropanın öz maraqları olmalıdır. Angela Merkel isə "Avropanın özü öz taleyini həll edə bilər” –dedi. Bu bəyanatların üzərinə Avropadan kənar baş verən hadisələri əlavə etsək, görərik ki, yeni bütlərin formalaşması diktə olunur. O bütlərin içərisində Rusiya da var. Həmçinin ənənəvi coğrafiyada yerləşən milli dövlətlərin müstəqil iradəsi müşahidə edilməkdədir. Türkiyənin timsalında bunu göstərə bilərik. Bu hərəkətlilik, milli dövlətlərin müstəqil iradəsi maraqlı mənzərə yaradır. 

Hələlik, bu prosesdə nizam və ardıcıllıq yoxdur. Belə dinamiklik gələcəkdə yeni müttəfiqlərin ortaya çıxmasına və beynəlxalq münasibətlərdə keyfiyyət dəyişikliyinə gətirib çıxaracaqmı? Rusiya-Amerika münasibətləri yeni kontekstdə necə formalaşacaq? Bu suallara cavab vermək üçün zamana ehtiyac var. Amma görünən odur ki, heç bir halda Rusiya –ABŞ münasibətlərinin 1991-2011-ci illər arasında olduğu kimi birtərəfli olmayacağı dəqiqdir. Çünki 2011-ci ildən revanş götürən Rusiya Federasiyası 5 ildən sonra, yəni 2016-cı ildə şərtləri qəbul edən deyil, onları diktə edən tərəfə çevrilə bildi. Bu da sözsüz ki, dünyanın ən böyük güc mərkəzlərindən olan Amerika və Rusiya arasında yeni mərhələ yaratdı. Bütün prosesləri nəzərə aldıqda, əminliklə deyə bilərik ki, münasibətlər heç vaxt əvvəlki kimi olmayacaq”.

Aysel Aslan