Rusiya iqtisadi cəhətdən çökür

Elxan Mehdiyev: "Qərb dövlətlərinin sanksiyaları və texnoloji gerilik Rusiyada iqtisadi çətinliklər yaradır"



"Rusiya indi iqtisadi çətinliklərlə üzləşir və buna bir səbəb neftin qiymətinin aşağı düşməsidir”.

Bunu "Sherg.az”a Rusiyanın keçmiş Maliyyə naziri, hazırda Srateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksey Kudrinin bu dövlətin iqtisadi çətinlikləri haqqında fikirlərini şərh edərkən politoloq Elxan Mehdiyev  deyib. 

O bildirib ki, Qərb dövlətlərinin sanksiyaları və texnoloji gerilik Rusiyada iqtisadi çətinliklər yaradır:

"Bu baxımdan Rusiya Qərb dövlətləri ilə münasibətləri yoluna qoymağa çalışır. Amma ortadakı Ukrayna, Krım məsələsi buna imkan vermir. Həmçinin, Putin höküməti nə qədər çətin durumda olsa da, təqaüdçülərin pulunu ödəyəcək. Çünki onlar Rusiyada böyük gücə malikdir. 2000-ci ildə Putinin hakimiyyətə gəlişi də pensiyaçıların dəstəyi və Çeçen müharibəsi üzərində qurulmuşdu”.

Qonşu ölkədəki bu çətinliklərin regiona təsirlərinə gəlincə E.Mehdiyev vurğulayıb ki, Rusiyanın indiki iqtisadi gücü 1993-2000-ci illərdəkindən dəfələrlə güclüdür:

"Bu baxımdan hər kəs buna dözəcək. Rusiyanın bizim regionla bağlı münasibətlərini iqtisadiyyatı yox, onun keçmişi və indiki hərbi-təhlükəsizlik qüvvələri həll edir”.

Qeyd edək ki, A. Kudrinin sözlərinə görə, hökumətin hazırkı təqaüdləri verməyə ehtiyatı qalmayıb. Sabiq nazir vurğulayıb ki, hazırda Rusiya Federasiyasının Pensiya Fondunda defisit yaranıb. Bu defisiti aradan qaldırmaq isə mümkün deyil.

Aysel Aslan