"Rusiyadan ehtiyatlandıqca o, daha çox üzərimizə gəlir" - Şərh






"Azərbaycan Rusiya ilə bağlı siyasətini ciddi korrektələr edib və bu əsasda xarici siyasətini yürüdəcək”.

Bunu Sherg.az-a Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun "Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu Moskva və Yerevanın öz işdir, lakin Bakı bunu hər zaman nəzərə alır” –bəyanatının sirr pərdəsini çəkərkən politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu mesajlar çoxdan ünvanlanmalı idi. Çünki Rusiyadan ehtiyatlandıqca o, daha çox üzərimizə gəlir və Ermənistana dəstəyini ciddi şəkildə artırır:

"İllərdir şərhlərimdə bildirirəm ki, zamanı gəldikcə Rusiyaya öz narahatlığımızı bildirməliyik. Rəsmi Moskvanın Azərbaycanın maraqları əleyhinə Ermənistanla əməkdaşlıq etməsi hər kəsə bəlli olan faktdır. Vəziyyət o həddə çatıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını bəyan edir. Azərbaycan qanunlarını pozan bloger Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası zamanı baş verən hadisələr də göstərdi ki, Rusiya münaqişənin ədalətli həllini istəmir. Ermənistana dəstəyini davam etdirir. Belə olan halda biz də Rusiyaya müəyyən mesajlar göndərməli, müttəfiqlərlə əlaqələri isə gücləndirməliyik”.

E. Şahinoğlunun sözlərinə görə S. Lavrovun məlum bəyanatından sonra da Moskva tərəfinə müəyyən mesajlar göndərildi:

" Lavrovun cavabı Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun son bəyanatı ilə verildi. Nazirin "Rusiya hərbi bazalarının Ermənistanda varlığını nəzərə alırıq” ifadəsi o deməkdir ki, bu fakt özü də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mənfi təsir edir”.

Qeyd edək ki, "RİA Novosti”yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının Ermənistanda Rusiya hərbi bazası olması faktını hər zaman nəzərə aldığını bildirib.

Aysel Aslan