Rusiyanın hərbi bazası Ermənistanın bazası sayılmır

Lakin düşmən ölkə bunu o cür qələmə verməyə cəhd edir
MiQ-29 məsələsini Rusiyanın yeni nəsil silahlanmaya keçidi kimi dəyərləndirmək lazımdır

Rusiya Ermənistandakı Erebuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək.
Bu barədə "Voennoye obozreniye” nəşri yazıb. Qəzet bildirib ki, Rusiyanın Kurskda yerləşən Xalino aerodromuna çoxtəyinatlı "Su-30SM” qırıcı təyyarələri gətiriləcək. Ona görə də hazırda alayda olan MiQ-29 təyyarələrinin yeni təyyarələrlə əvəzlənməsi prosesi aparılır:

"Alayın yeni texnika ilə təmin olunması nəticəsində çox da böyük yaşı olmayan MiQ-29-lar Ermənistandakı Erebuni hərbi bazasına göndəriləcək”. Bir sıra ekspertlərə görə, Moskva Ermənistandakı bazasına nisbətən köhnə hərbi texnika göndərsə də, bu addım nəticədə düşmən ölkənin yersiz təhdidlərinə yol aça bilər. Çoxluq isə bunun əksini düşünür. 

Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aydın Mirzəzadə "Şərq”ə verdiyi açıqlamada deyib ki, Rusiyanın köhnəlmiş hərbi texnikalarını Ermənistandakı hansısa bazasına yerləşdirməsi Azərbaycanı qətiyyən narahat etməməlidir:

"Ona görə ki, Moskvanın özünün geosiyasi maraqları var. Həmin geosiyasi maraqlarda Azərbaycan Kremlin müttəfiqi, tərəfdaşıdır. Azərbaycanla Rusiyanın heç bir problemi yoxdur. Rusiya ölkəmiz əleyhinə yönələn hər hansı addım atmaqdan həmişə çəkinib. Amma Moskvanın NATO ilə, dünyanın bir neçə aparıcı dövlətləri ilə müəyyən problemi, rəqabəti var. Erebuni bazasının gücləndirilməsinə də məhz həmin aspektdən baxmaq lazımdır”. 

Deputatın sözlərinə görə, Rusiya Ermənistanla müttəfiq olsa da, Rusiyanın hərbi bazası Ermənistanın bazası sayılmır:

 "Ermənistan bunu o cür qələmə verməyə cəhd edir. Çalışır ki, işğal siyasətində Rusiyanın onun tərəfdaşı və həmfikri olduğunu sübut etsin. Ancaq belə deyil. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Moskva ötən ilin aprel hadisələrində Ermənistanın mövqeyini müdafiə etmədi. Rusiya düşmən ölkənin silah təchizatını kredit yolu ilə həyata keçirir. Ermənistan heç də Rusiyanın ən müasir silahlarını ala bilmir. O baxımdan MiQ-29 məsələsini Rusiyanın yeni nəsil silahlanmaya keçidi kimi dəyərləndirmək lazımdır. Buna baxmayaraq, Azərbaycan belə məsələləri hər zaman diqqətdə saxlayır. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, Ermənistanla bağlı istənilən hərbi məsələ nəzərimizdə olacaq”.

İsmayıl