Sabiq nazir NARAZIDIR: "Dil dövlətin atributudur, onu qoruyun!"




"İnsanlar ana dilinə biganə yanaşması bir növ ovqat halını alıb”.

Bunu Sherg.az-a tanınmış türkoloq alim, sabiq təhsil naziri Firudin Cəlilov deyib. 

O bildirib ki, bəzilərinin fikrincə, ana dilində deyil, başqa dildə danışmaq səviyyənin yuxarı olduğunu göstərir:

"Bu, çox ciddi məsələdir. Bakıda küçədə gəzəndə belə görürük ki, 15 mağazanın adı yazılırsa, onun 3-4 -ü Azərbaycan dilindədir. Qalanların adlarının heç mənasını da anlamaq olmur. Xarici dillərdə yazılır. Azərbaycan dili, onun işlənməsi, qorunması haqqında verilən misallar əyani göstərir ki, dövlətin qanunu işləmir. Əgər həmin obyektlər üzərindəki əcnəbi dildəki yazılara görə, cərimələnsələr, mətbuatda bunlar dərc olunsa, digərləri də özünü yığışdırar.  İnsanların dilimizə laqeyd yanaşması qanunun işləməməyinin nəticəsidir. Dil dövlətin atributudur, onu qoruyun". Bu, pozulmamalıdır. Dil, bayraq, əlifba, gerb kimi atributlara qarşı düzgün olmayan addımlar atanlar cəzalanmalıdır. Əgər ana dilində deyil, başqa dildə obyektlərə yazılar yazanlar, reklamlar verənlər cəzasını almırsa, sonra bunlar artacaq. Dövlətin buna nəzarəti ciddi olmalıdır”.
 
Aysel Aslan