Şahbazla Dilqəmin ölümünü gözləməməliyik - TƏCİLİ

Zahid Oruc: "Sabah-birisigün soydaşlarımızı asanlıqla qətlə yetirib, səbəbi onların xəstəliklərinə və digər amillərə bağlaya bilərlər "


"Şahbaz və Dilqəm Azərbaycanın torpaqları kimi işğal altındadır”.

Bunu Sherg.az-a millət vəkili Zahid Oruc deyib. O bildirib ki, bu ifadəni insanlara nəzərən işlətmək doğru görünmür, amma əsir və girov terminləri hazırkı anda öz əhəmiyyətini itirib:

"Bu şəxslər öz doğma torpaqlarını ziyarət edib və ermənilərin əlinə keçdikdə qarşı tərəf düşünüb ki, bundan gələcəkdə həmin ərazilərə baş çəkmək istəyən hər kəsin qarşısını kəsmək üçün istifadə edilə bilər. Yəni cəza o qədər ağır olmalıdır ki, onu görk üçün istifadə etmək mümkün olsun. Bununla bütün Azərbaycan cəmiyyətinə, xüsusilə köçkünlərə mesaj verilsin ki, birdən siz də onlar kimi düşünərsiniz. Bu mənada keçmişdə beynəlxalq təşkilatların missiyasına ümid var idi. Lakin indi Azərbaycan insanları öz vətəndaşlarını, soydaşlarımızı bir xarici qurumun vasitəçiliyi hesabına geri alacağını hesab etmir. Zaman həddən artıq çox keçib. Fərqli üsullar tətbiq olunmuşdu”.

Əsirlərin dəyişdirilməsi xətti və başqa variantların dilə gətirildiyini diqqətə çatdıran deputat bildirib ki, Şahbaz və Dilqəmin əvəzinə 3-5 erməni Azərbaycanın əlində olduğunda hansısa bir cəmiyyətin təzyiqi qarşısında Sarkisyan rejimi fərqli qərarlar verə bilər:

"Əks halda iki soydaşımız üçün deyil, bütövlükdə torpaqlarımız üçün müharibə etməliyik. Onlardan əvvəl də ayrı-ayrı vətəndaşlarımız erməni əsirliyinə düşüblər. Bu gün də onların bir hissəsi xəbərsiz, izsiz məhv edilib, yoxa çıxarılıblar. Onların üzərində qeyri-insani əməliyyatlar aparılıb. Bu, dövlət siyasətidir. Başa düşmək lazımdır ki, belə halda erməni tərəfindən humanizm gözlənilməsi düzgün deyil. Onlar bu qədər əraziləri əldə saxlayıb, iki azərbaycanlıya qarşı humanizm göstərəsi deyillər. Bu səbəbdən düşünürəm ki, Azərbaycanın lokal ərazilərdə olan hərbi birləşmələrinin imkanları olur. Hərbi və mülki şəxslərdən ələ keçən insanlar vasitəsilə sözügedən məsələni çözmək lazımdır. Doğrudur, iki nəfərin əsir olması fonunda buna xarici informasiya fonunda diqqət cəlb etmək olub. Amma indi sona qədər onları Dağlıq Qarabağ ərazisində saxlayıb, sonra Şahbaz və Dilqəmi qətlə yetirib, bununla ermənilərin Azərbaycan insanının üzərində mənəvi-psixoloji imtahan keçirib, onları xüsusi provokasiyaya çəkməyini gözləmək lazım deyil. Sabah-birisigün soydaşlarımızı asanlıqla qətlə yetirib, səbəbi onların xəstəliklərinə və digər amillərə bağlaya bilərlər. Buna görə ölümü gözləmək lazım deyil. Zənnimcə, Azərbaycanın buna qədərki illərdə imkanı var idi, məsələni həll etsin. Bununla bağlı xüsusi plan və proqram qəbul ediləcək. Sonda Dilqəm və Şahbazı geri almaq mümkünləşəcək. Ekstradisiya yaxud başqa formada, ayrı-ayrı cəmiyyətlərin, beynəlxalq qurumların bayrağı altında həmin şəxslərin geri dönüşünü gözləməyin”.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkib. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, onlara ailələri ilə məlumat mübadiləsi aparmaları üçün şərait yaradılıb və baş çəkmə BQXK-nın standart proseduralarına uyğun aparılıb.

İ. Hüseynova həmçinin qeyd edib ki, BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.


Ayyət Əhməd