Savadlı müəllimlər önə çıxır

Qeyri-qanuni yolla işə qəbul olmayacaq



Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadənin sözlərinə görə, avqust ayının ikinci yarısı və sentyabr ayının birinci yarısında Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müəllimlərin müddətli müqavilə ilə işə qəbulu həyata keçiriləcək.

M.Camalzadə deyib ki, bu il baş verən ən ciddi dəyişikliklərdən biri ümumtəhsil müəssisələrində vakant olan və ya müsabiqədən sonra yaranan vakant yerlərə müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi olacaq: "Müəllimlərin işə qəbulu qaydalarında göstərilir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra Təhsil Nazirliyi tərəfindən əlavə yerləşdirmə keçirilə bilər. Ancaq bu il planlaşdırılır ki, əlavə yerləşdirmə deyil, sırf müddətli müqavilə ilə müəllimlərin işə qəbulu həyata keçirilsin”.

Mərkəz müdiri əlavə edib ki, ötən illərdə bu prosesin həyata keçirilməsi üçün yerli təhsil idarəetmə orqanları tərəfindən müəllimlər dəvət edilirdi və onlarla müddətli müqavilə bağlanılırdı: "Bu il isə tamamilə fərqli olacaq. Müsabiqənin əsas hissəsində vakant yerlər necə tutulursa, müddətli müqavilə ilə də işə qəbul həmin formada həyata keçiriləcək”.

Təhsil eksperti Kamran Əsədov da "Şərq”ə açıqlamasında deyib ki, orta məktəblərə müəllimlərin işə qəbulu mərkəzləşdirlmiş qaydada müsahibə və müsabiqə mərhələlərindən sonra həyata keçrilirdi: 

"Təəssüf ki, bir çox hallarda rayon təhsil şöbələri və məktəb direktorları MİQ-ə bütün vakansiyaları çıxarmırdılar. Təhsil Nazirliyi MİQ üzrə müsabiqə və müsahibə mərhələsini keçirəndən sonra, tədris ilinə az qalmış, RTŞ-lər və məktəb direktorları onlara kadrın lazım olması ilə bağlı müraciət edirdilər və bir çox hallarda qeyri-qanuni tələblər əldə edərək özləri müddətli, müəllimlərin işə qəbulunu həyata keçirirdilər.

Bu ildən etibarən bütün proses RTŞ və məktəb direktorlarından alınaraq mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcək ki, bu da kimlərinsə qeyri-qanuni yolla orta məktəbdə işləmək imkanının qarşısını alacaq”.

K.Əsədov hesab edir ki, həyata keçirilən bu tədbirlər nəticəsində orta məktəblərə daha bilikli, savadlı müəllimlər işləməyə göndəriləcək ki, nəticədə bu da təhsilin inkişafına təkan verəcək.

Şəymən