Məhərrəm Qasımlı: “Ta qədimdən aşıqların dəfnində “Ruhani” çalınıb”
Sazla dəfn ənənəsi şamandan, qamdan, ozandan gəlir
“Kim inkar edirsə, düzgün saymırsa, yanılır”
Məhərrəm Qasımlı: “Ta qədimdən aşıqların dəfnində “Ruhani” çalınıb”
Məhərrəm Qasımlı: “Ta qədimdən aşıqların dəfnində “Ruhani” çalınıb”
Aşıq Azər Xanlaroğlunun dəfn mərasimində saz çalınması ilə sosial şəbəkələrdə sanki növbəti "söz savaşı”nın təməli atıldı. Dəfn mərasimində saz çalınmasının islam qaydalarına uyğun olub-olmadığından tutmuş, bəzi dar düşüncəlilərin "nağara ifaçısının dəfnində də nağara çalınacaq?!” kimi istehzalı paylaşımlarına kimi hər cür müzakirələr açıldı, müxtəlif rəylər yazıldı.
"Dəfn edin siz məni zabul-segahın mayəsinə...”
Deyirlər, əvvəllər bəzi regionlarda gənc, həyatdan nakam köçmüş cavanların dəfnində musiqi səsləndirilməsi adəti olub. Gəncin dəfnində musiqi çalınmasını bununla izah edirdilər ki, bu cavana toy etmək, gəlin gətirmək nəsib olmayıb, gözü arxada qalmasın deyə musiqi sədaları ilə dəfn edilir. Ümumiyyətlə biz azərbaycanlıların ipə-sapa düzülməz - nə islama, nə Qurana, nə şəriətə, nə də adi məntiqə sığmayacaq növbənöv adət-ənənələrimiz var. Məsələn, bəziləri oğlan uşağına kiçik toy mərasimi keçirmir, keçirəndəsə musiqisiz edir ki, düşər-düşməzi olar, guya hansısa inanca görə insan üçün toy musiqisi bir dəfə səslənməlidir. Kiçik toyda musiqi çalınarsa, Allah eləməmiş, böyük toyun görməz və sair bu kimi sayıqlamalar... Bildiyimiz qədər dəfn mərasimində musiqi çalınması ritualını xristian dininə mənsub olanlar və mənfur qonşularımız (heç bilmirsən hansı dinə qulluq edirlər - red.) ermənilər icra edir. Yadıma gəlir ki, İçərişəhərdəki evimizə qonşuluqda rus ailəsi yaşayırdı. Bir gün ailənin başçısı vəfat etmişdi, onun tabutunu küçə boyu musiqi - həm nəfəs, həm də zərb alətlərinin sədası altında apardılar.
Yəni, ruslarda, ermənilərdə musiqili dəfn mövcuddur. İslam dinində isə mərhum üçün yalnız Quran oxunur, cənazə namazı qılınır, qəbrə qoyulanda da molla şəriət hökmünü icra edir, lazımi duaları oxuyur. Lakin saz tamam başqadır. Saz, türkün köküdür, qanıdır, mayasıdır, türkün özüdür. Bəlkə də dünyadan köçənlərin saz çalğısı ilə dəfni islamiyyətdən əvvəl mövcud olub. Xüsusən də, dünyadan köçən haqq aşığıdırsa.
Amma sazla yox, sözlə - muğamla dəfn olunmaq istəyən məşhurumuz da vardı axı - xalq şairi Bəxtiyar Vahabzadə;
Dəfn edin siz məni zabul-segahın mayəsinə,
Deyirəm, bəlkə bir gün məni oyandırdı muğam...
Qəlbi xalqın qəlbi ilə döyünən xalq şairi son mənzilə muğam sədaları altında getməyi arzulayırdı. Muğam da Azərbaycanın rəmzidir. Saz kimi.
Bəs niyə xalq şairinin muğamla yola salınmaq istəyi unudulur, əvəzində hamı sazın üstünə "tökülüşür”?
"Saz qanan üçündür”
Dəfn mərasimində saz çalğısı polemikasına sosial şəbəkədə qoşulan həmkarımız Anar Niftəliyevin bununla bağlı maraqlı yanaşması var. A.Niftəliyev yazır:
"Sazla dəfn məsələsi müzakirə olunur. Durub, "nağaraçı dünyasını dəyişsə, onda nağara ilə dəfn olacaq?” deyə sual da qoyurlar.
Bu sualın özü o qədər savadsız və tarixini bilməməkdən qaynaqlanır ki, adam söz tapa bilmir.
Əzizlər, söhbət ondan getmir ki, aşıq sazla dəfn olunur və yaxud o məclisdə islama uyğun dini rituallar icra olunmur. Bütün məclislərdə dini mərasim keçirilir - kəfn-dəfnindən cənazə namazına, ehsanına qədər.
Sadəcə, aşıq - qam, şaman, ozan ənənəsindən gəlir. Qamlar dünyadan QOPUZla köçüblər. Öz qopuzu çalınıb dəfnində və sonra da onun çanağını qıraraq, "əcdad ruhunu” azad ediblər.
Ona görə aşıq dünyadan köçəndə bəzən o ənənə özünü göstərir, məzarı başında saz çalınır.
Aşıq sizin təsəvvür etdiyiniz "manıs” deyil - aşiqlərdir, haqqa bağlıdırlar. Ozanların aşiqləşməsi isə təkkə-təriqət ocaqları ilə bağlıdır. Belə deyək, bu, şamanizmin (əski türk təfəkkürünün) islam libası geyinməsidir ki, bunu da zirvəyə Şah İsmayıl qaldırıb (ona görə Şaha yarımallah kimi baxıblar, Qam/Kahin gözündə görüblər).
Bir az tarixinizi öyrənin, bilmədiyiniz şeylər haqda danışmayın. Öz savadsızlığınızı bu dərəcədə qabarıq büruzə verməyin. Kökünüzü-soyunuzu, imanınızı 7-ci əsrdən o tərəfə də təsəvvür edin - ən azı, haralardan gəldiyinizi bilin.
Zəruri qeyd: son abzasdakı iradlarım özümünkülərə - TÜRKLƏRƏ aiddir. Mənim qarışıqlarla işim yoxdur.
...SAZ qananlara aiddir.
A.Niftəliyevin paylaşımına "bəyənmələr” də gecikməyib.
Rasim İsmayılov: Bizdə hələ də qalmışdı bu adət. Yalnız aşıqlarla bağlı yox, həm də nakam vəfat edən gənclərin son mənzilə yola salınmasında. Mən 1986-ci ildə özüm şahid olmuşam. Çox ağrılı və yaddan çıxmayan bir səhnəydi. Amma orada sazın şənlik aləti olduğu heç adamın ağlına da gəlmir. Yəqin ki, yaddaşımızın alt qatında qalıb. Hirslənmə, çoxu o düşüncəni bilmir. Onların günahı deyil. Məşhur bir qarğış var - anan tərs oynasın. Guya onun mənasını kim bilir ki?
"Ruhani”ylə dəfn olunanlar
"Ruhani” deyən kimi, İsa Muğanna - "Saz” povesti - "Tütək səsi” filmi - İsfəndiyar kişi - "Ruhani” düşür. "Tütək səsi” filmində qəlbimizi titrədən, damarımızda ildırım kimi çaxan o bənzərsiz ifa, İsfəndiyar kişinin çaldığı "Ruhani”. Belə də deyirlər ki, film üçün "Ruhani”ni xalq yazıçısı İsa Hüseynovun özü çalıb. Bu dahi vəsiyyət etmişdi ki, dəfnində "Ruhani” çalınsın. Çalındı. Xalq şairi Zəlimxan Yaqub, Aşıq Ədalət, Aşıq Azər... Dəfnləri sazın sədaları altında olub. Bəs, çalınan sazın sonra qırılması nə dərəcədə həqiqətdir?
Məsələ ilə bağlı "Şərq”ə danışan folklorşünas-alim, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı qeyd etdi ki, dəfn mərasimlərində saz çalınması dədə-baba adətidir:
- Dəfn mərasimində saz çalınması tamamilə normaldır. Dədə-babadan bu adət var. Kim bunu inkar edirsə, düzgün saymırsa, yanılır. Hət kəsin şəxsi düşüncəsi var, biri bəyənər, biri bəyənməz. Amma kim deyirsə ki, bu, adət-ənənəmizə ziddir, düz danışmır. Dəfndə sazın çalınması heç də islam qanunlarına saymazlıq kimi yozulmamalıdır. Bir müsəlman olaraq hamımız dəfn mərasimində islam qaydalarına riayət edirik. Sadəcə, saz sahibinin ruhu şad olsun deyə çalınır. Çünki saz, sıradan bir alət deyil. Saz bizim soy-kökümüzdür. Ta qədimdən aşıqların dəfnində "Ruhani” çalınıb. Mikayıl Azaflının, Hüseyn Saraclının, Aşıq Mirzə Bayramovun dəfnində "Ruhani” çalınıb. Sazın qırıqlanması kimi bir adət isə yoxdur. Qədim türklərdə belə adət olmayıb. Folklorumuzda da buna rast gəlinmir. Rəhmətlik Aşıq Ədalət vəsiyyət eləmişdi ki, sazı sinəsində dəfn olunsun. Amma bu, dini qaydalara uyğun olmadığından əməl etmək mümkün deyildi. Lakin mən məsləhət gördüm ki, gəlin, sazın sinə qabığını çıxarıb məzarına qoyaq. Belə də edildi. Aşıq Ədalətin sinə qabığı çıxarılmış o məşhur sazı sonra yenə düzəldildi və indi də saxlanır, qorunur. Kiminsə dəfnində saz çalınmasına xor baxmaq lazım deyil.
Məlahət Rzayeva