Türkiyə və Azərbaycanın xaricdə birgə səfirliklərinin yaradılması praktik cəhətdən mümkün deyil
"Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyi açıla bilər”. Bu təklifi Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri İsmayıl Alpər Coşqun verib. Səfir söyləyib ki, Türkiyə ilə Azərbaycan biri-birinə sıx bağlıdır:
"Türkiyə heç vaxt Azərbaycanın maraqlarına zərbə vuran addım atmaz. Türkiyə hər hansı addım atarkən Azərbaycanın maraqlarını nəzərə alır. Çünki iki ölkənin hədəfləri eynidir. Bəzi fikir ayrılıqları ola bilər. Amma ümumi məsələlərdə fikirlərimiz üst-üstə düşür”. Təklifə münasibət bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında əvvəlcə sabiq səfirin fəaliyyətindən danışıb. Ekspert vurğulayıb ki, İ.A.Coşqun çox çalışqan səfir kimi özünü təsdiqləyib: "Gələcək fəaliyyətində ona uğurlar arzulayıram. Keçmiş səfir haqlı olaraq iki ölkə arasında əlaqələrin çox sıx olduğunu qeyd edir. Azərbaycan-Türkiyə müttəfiqlikdən də o tərəfə keçib. Strateji müttəfiq olmaqla yanaşı, həm də qardaş ölkələrik. Avrasiya regionunu əhatə edən mühüm layihələrə birgə imza atmışıq. İki dövlət arasında münasibətlərin inkişaf səviyyəsi çox yüksəkdir. Demək olar ki, Azərbaycanla qardaş Türkiyənin ortaq məxrəcə gələ bilmədiyi heç bir məsələ yoxdur”. Buna baxmayaraq, politoloq hesab edir ki, iki müstəqil ölkənin vahid səfirlik ideyası praktik baxımdan mümkün deyil: "Azərbaycanın müstəqillik qazandığı ilk illərdə ölkəmizin bir çox xarici dövlətlərdə səfirlikləri yox idi. Həmin ölkələrdə yerləşən Türkiyə səfirliyi Azərbaycanın milli maraqları üçün böyük səy göstərirdi. 1999-cu ildə ABŞ-da səfərdə olanda mənə maraqlı bir hadisə danışdılar. O zaman Azərbaycanın BMT nümayəndəliyi yox idi. Türkiyənin isə Nyu-York şəhərində BMT nümayəndəliyinin yerləşdiyi böyük bir binası vardı. Binanın bir neçə dəhlizi, otaqları Azərbaycanın istifadəsinə verilmişdi. Tarixdə belə müsbət nümunələr çox olub. İndi Azərbaycan inkişaf etmiş ölkədir və bir çox dövlətlərdə səfirliklərimiz var. Bu baxımdan indiki məqamda ortaq səfirlik bir qədər münasib olmaz. Lakin elə ölkələr var ki, Azərbaycanın orada səfirliyi yoxdur. Məsələn, Afrika və Cənubi Amerika ölkələrində təmsilçilik yaratmaqdansa, Türkiyə səfirliyinin nəzdində bir neçə diplomatdan ibarət qrup yaradıla bilər”.
İsmayıl