“Şəhər böyükdür, marşrutlar isə nəzarətsiz" - Yol terroru

Fərhad Eyyubov: "Sahibkarlar sərnişindaşıma qaydalarının elementlərini yaxşı bilmirlər. Yaxud bilsələr də, bunun maarifləndirmə formasında sürücülərə çatdırmırlar "

"Şəhər böyükdür, marşrutlar isə nəzarətsiz. Təsadüfi xarakterli hadisələr həmişə olub və olacaq.

Bunu Sherg.az-a sərnişinin hərəkətdə olan avtobusun açıq qapısından yıxılmasına münasibət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 

O bildirib ki, son zamanlar sərnişindaşımalarda müəyyən inkişaf olsa da, problemlər hələ də qalmaqdadır: 

"Amma çalışmaq lazımdır ki, yol nəqliyyat hadisələri nisbətən az, ağırlıq dərəcəsi yüngül olsun. Avtobus sürücüləri həddindən artıq məsuliyyətli və ağır işin altına girirlər. Hər adam o işi bacara bilməz. Amma açıq deməliyik ki, seçim zəifdir. Avtobus sürücüləri həm mədəni, həm fiziki, həm də bilik səviyyəsinə görə başqa sürücülərdən fərqlənməlidirlər. Bir gündə təqribi hər bir avtobus sürücüsü 5500-6000-ə yaxın əməliyyat yerinə yetirirlər. Əgər buna fiziki güc çatdıra bilmirlərsə, yorulurlar. Yorğun sürücü isə çox hadisələr törədə bilər.

İkinci tərəfdən, bizdə yaxşı marşrutlar istifadəyə verilib. BakuBus və digər avtobusları misal göstərmək olar. Amma geniş formada şəhərətrafı və şəhərdaxili daşımalarda sahibkarlar güclü nəzarət edə bilmirlər. Nəzarətin modeli avtomatlaşdırılmış dispetçer sistemi, ictimai nəqliyyata nəzarət və sərnişinlərin məsələyə yanaşmasıdır. Sərnişin daşınmasında sərnişindaşıma qaydaları var. Bunlara əməl olunmalıdır. Sahibkarlar sərnişindaşıma qaydalarının elementlərini yaxşı bilmirlər. Yaxud bilsələr də bunun maarifləndirmə formasında sürücülərə çatdırmırlar.

Sərnişinlərin də təqsirləri çoxdur. Bəzən fikir verirsiniz, sərnişinlər istəyirlər ki, tələblərinə uyğun sürücülər dayanacaqlardan kənarda saxlasınlar. Avtobus dayanmadıqda sürücülərə qarşı kobudluq edirlər. Bu, ciddi məsələdir. Hər bir şəhərdə bunlar baş verir. Amma çalışmaq lazımdır ki, sərnişin daşımalarının inkişaf səviyyəsini kəmiyyət formasından keyfiyyət formasına çatdıraq.

Kəmiyyət odur ki, qapı açıq vəziyyətdə, avtobus hərəkətdə olanda yaranan çətinliklə sərnişinləri mənzil başına çatdırsınlar. Keyfiyyət göstəricisi isə bütün sərnişinləri elə formada çatdırmaqdır ki, həm təhlükəsizlik təmin olunmalıdır, həm də sərnişinlərin rahatlığı təmin olunmalı, avtobusların hərəkət vaxtı tez olmalıdır”.

F.Eyyubov əlavə edib ki, ictimai nəqliyyat problemlərini kökündən düzəltmək mümkün deyil. 

İctimai nəqliyyatda sahibkarların, sürücülərin və sərnişinlərin özlərinin mədəni səviyyəsi, avtobusların keyfiyyət göstəriciləri qaydasında olmalıdır. Şəhərdə hazırda elə avtobuslar var ki, texniki cəhətdən nasazdırlar, onları marşruta buraxmaq o qədər də düzgün deyil. Bunlar hamısı əsas səbəblərdir, aradan qaldırılması böyük çətinlik törədir”.

Qeyd edək ki, mayın 26-da paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.
Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb.

Aysel Aslan