Mənsum İbrahimov: "Hər ölkənin başçısı sənətkarlarla belə görüşlər keçirmir. Hər birimizlə ayrı-ayrılıqda maraqlandılar, muğam sənəti ilə bağlı fikirlərimizi dinlədilər"
Sənətkarlar qürurlanıb
Qarabağda Muğam Mərkəzinin fəaliyyətə başlaması, musiqimizin növbəti qələbəsidir
Mənsum İbrahimov: "Hər ölkənin başçısı sənətkarlarla belə görüşlər keçirmir. Hər birimizlə ayrı-ayrılıqda maraqlandılar, muğam sənəti ilə bağlı fikirlərimizi dinlədilər"
Mənsum İbrahimov: "Hər ölkənin başçısı sənətkarlarla belə görüşlər keçirmir. Hər birimizlə ayrı-ayrılıqda maraqlandılar, muğam sənəti ilə bağlı fikirlərimizi dinlədilər"
Aygün Bayramova: "İnanın, sevincimi ifadə etmək üçün söz tapa bilmirəm. Mehriban xanımın dəstəyi və qayğısının nəticəsidir ki, muğam sənəti bu qədər inkişaf edə bilib"
Muğam təkcə Şərqin deyil, dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayıb. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğam sənətinə olan diqqətinin və qayğısının nəticəsində bu gün muğam sənəti dünyaya səs sala bilib. Azərbaycan dövlətinin muğam sənətinə qayğısının nəticəsidir ki, bu gün muğam sənəti inkişafının ən yüksək mərhələsini yaşayır.
Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.
Bakıda Muğam Mərkəzinin tikilməsi, Muğam müsabiqələrinin keçirilməsi, muğam ensiklopediyasının, disklərinin hazırlanması və digər layihələr muğam sənətinin inkişafı üçün vacib layihələr olub.
Bu günlərdə cənab Prezident və ölkənin birinci xanımı Mehriban Əliyeva Qarabağda, Ağdam şəhərində inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident və birinci xanım rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər.
Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Ramiz Quliyev görüşdə çıxış ediblər.
Ağdamda Muğam Mərkəzinin açılışında iştirak edən Xalq artisti, Şöhrət ordenli Mənsum İbrahimov görüşün təəssüratını "Şərq"in oxucuları ilə bölüşüb:
- Ağdamda Muğam Mərkəzinin açılışı çox önəmli bir hadisədir. Qarabağda muğam mərkəzinin inşa olunması, həqiqətən ən böyük mədəniyyət hadisəsidir. Bilirsiniz ki, Ağdamın böyük bir hissəsi işğal altındadır. Belə bir zamanda Ağdamda Muğam Mərkəzinin açılışı həqiqətən bizləri təsirləndirdi, qürurlandırdı. Cənab Prezidentimiz İlham Əliyev və Mehriban xanım Əliyevanın iştirakı ilə Ağdamda Muğam Mərkəzinin möhtəşəm açılış mərasiminin şahidi olduq.
Bu hadisə biz sənətkarları, muğam ifaçılarını çox sevindirdi. Mərkəzin açılışında mən də çıxış etdim. Təbii ki, ölkə başçısına, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirdim ki, muğam sənətinə bu qədər qayğı göstərilir. Çıxışımda onu da bildirdim ki, bu gün muğam sənətinin yüksək səviyyədə fəaliyyəti, muğam müsabiqələrinin keçirilməsi, məhz onların qayğısının nəticəsində reallaşıb. Qarabağda Muğam Mərkəzinin açılışı təkcə qarabağlılar üçün deyil, bütünlükdə Azərbaycan musiqisinin inkişafı üçün atılan ciddi addımdı. Muğam mərkəzlərinin fəaliyyəti muğam sənətinin akademik şəkildə inkişafına şərait yaradır. Muğam sənətinə olan sevgi gənc nəsildə ildən-ilə artır. Bu da səbəbsiz deyil. Muğam sənətinə olan dövlət dəstəyi, diqqəti gənclərin də diqqətini çəkir.
Onlar gələcəklərini bu sahədə görə bilirlər. Bu, onlara stimul verir. Təsəvvür edin ki, Qarabağda Muğam Mərkəzinin fəaliyyəti muğamsevərlər üçün növbəti bir qapı açdı. Hətta cənab Prezidentimiz də qeyd etdi ki, inşallah, növbəti muğam müsabiqəsi keçirilərkən Ağdam Muğam Mərkəzinin səhnəsindən də istifadə olunacaq. İnşallah, belə də olmalıdır. Ağdam Muğam Mərkəzində biri-birindən maraqlı muğam konsertləri təşkil ediləcək, xanəndələrimiz burda rahat şəkildə çıxış edə biləcəklər. Yenə də qeyd edirəm ki, cənab Prezidentimizlə bu görüş, Mehriban xanımla Ağdam Muğam Mərkəzinin açılış mərasimində iştirak etmək mənim yaddaşımda o qədər dərin izlər buraxdı ki, hələ də o təəssüratdan ayrılmaq istəmirəm. Hər ölkənin başçısı sənətkarlarla belə görüşlər keçirmir. Biz dövlət başçımıza bu səmimiyyətə, qayğıya görə təşəkkür edirik. Hər birimizlə ayrı-ayrılıqda maraqlandılar, muğam sənəti ilə bağlı fikirlərimizi dinlədilər. Bu görüş hər birimizin yaddaşında dərin izlər buraxdı".
Xalq artisti Aygün Bayramova da Ağdam Muğam Mərkəzinin açılışında ölkə başçısı ilə olan görüşün özəlliyindən danışdı:
«Muğam sənəti bu gün o qədər qayğı ilə əhatə olunub ki, bu sənətin inkişafı səbəbsiz deyil. Cənab Prezidentimiz xanəndələrlə görüşdü, mərkəzin açılışında bizlərlə birgə iştirak etdi. Mehriban xanım Əliyeva muğam sənətinin inkişafı istiqamətində böyük işlər görüb. Məhz bu qayğının nəticəsidir ki, bu gün dünya musiqi salnaməsində muğamın xüsusi yeri var.
Beynəlxalq muğam müsabiqələrinin keçirilməsi, muğam festivallarının möhtəşəm şəkildə təşkili muğamımızı dünyaya daha dərindən tanıda bildi. Xanəndələr üçün qururverici hadisədir ki, cənab Prezidentimiz İlham Əliyev, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu möhtəşəm hadisənin açılışında bizimlə bir yerdə oldular.
Həqiqətən Azərbaycan musiqi tarixində önəmli hadisələrdən biridir ki, Qarabağda Muğam Mərkəzi fəaliyyətə başladı. Bu, musiqimizin növbəti qələbəsidir. Bu, Azərbaycan muğamının daha bir uğur məbədidir. İnanın, sevincimi ifadə etmək üçün söz tapa bilmirəm. Mehriban xanımın dəstəyi və qayğısının nəticəsidir ki, muğam sənəti bu qədər inkişaf edə bilib. Xanəndələr üçün bu bir bayramdır. Azərbaycan musiqisinin bayramıdır. Muğamın beşiyi sayılan Qarabağda Muğam Mərkəzinin fəaliyyətə başlaması, muğamımızın sədasıdır».
Tahirə Məmmədqızı