“Şərq”in əməkdaşı mobil telefon mağazalarında sorğu keçirib

Gənclər son marka telefonlara, nisbətən yaşlı insanlar isə sadə, kiçik telefonlara üstünlük verirlər


Mobil telefonların həyatımızın ayrılmaz parçasına çevrildiyini desək yəqin ki, yanılmarıq. Bu gün avtobuslarda, metroda gənclərdən tutmuş yaşlı insanlara qədər demək olar ki, hər kəs gözünü telefondan ayırmır.

Texnologiyanın sürətli şəkildə inkişafı özünü daha çox mobil telefonlarda göstərdi. Davamlı olaraq fərqli modellərin yaradılmasına baxmayaraq insanlarda bu avadanlığa qarşı daim yeni tələbat yaranır. Daha dəqiq desək, bəzi şəxslər "zəng gəlib, zəng getsin” ifadəsi ilə razılaşmır.

Bəs son aylarda ölkəmizdə ən çox satılan və dəbdə olan telefonlar hansıdır? "Şərq” qəzetinin əməkdaşı olaraq paytaxtımızda yerləşən bir neçə telefon mağazasında olduq və hazırda daha çox hansı markaların satıldığı ilə bağlı kiçik bir sorğu keçirdik.

Qeyd edək ki, ölkəmizdə qiymətindən asılı olmayaraq insanlarımız daha çox son marka mobil telefonlara maraq göstərirlər. Bunların içərisində gənclər xüsusi ilə fərqlənir. Yaşlı insanlar isə, əsasən telefonun sadəliyinə, kiçik olmasına önəm verirlər. Lakin gənclərdə bu hal müşahidə olunmur. Onlar daha çox son dəbdə və görünüşdə olan telefonlara maraq göstərirlər.

"Maqnit” mağazalar şəbəkəsində apardığımız sorğuya əsasən satışda daha çox "İphone” və "Samsung” markalı mobil telefonlar üstünlük təşkil edir. Mağazanın satış menecerinin sözlərinə görə, alıcılar arasında elələri var ki, onlar telefonun hansı marka olmasına deyil, əsasən rahat və sadə funksiyanın olmasına fikir verirlər. Bir qrup alıcılar isə sırf son model olan və sadəcə bir növ markanı əsas götürürlər. Menecer həmçinin qeyd edib ki, alıcılar arasında tamamilə yeni, eyni zamanda fərqli funksiya və dizaynda olan markalara da maraq çoxdur.

Hazırda mobil telefonların satışının hansı formada yerinə yetirilməsi də diqqət çəkən məqamlardan biridir. "Kontakt Home” mağazasındakı Ruslan adlı satıcının sözlərinə görə, kreditlə satılan telefonların sayı daha çoxdur. Bu isə ölkədə insanların maddi durumu ilə əlaqəlidir. Satıcı bildirib ki, buna baxmayaraq nağd ödəniş edən müştərilər də var, lakin bu ödənişlərin çoxu bahalı yox, nisbətən orta qiymətdə olan telefonlaradır”.

Yeganə Bayramova