Şeyxin İdarəsinin səlahiyyətləri artdı

Hacı Şahin Həsənli: “Xaricdə təhsil almış şəxslər arasında kifayət qədər işini bilən, Vətəninə, millətinə bağlı insanlar var”


Azərbaycanda "Dini etiqad azadlığı haqqında” qanuna əlavələr təklif edilir. 

Layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Bununla bir növ QMİ-nin səlahiyyətləri artırılır və xaricdə dini təhsil alan kadrların səmərəli istifadəsi quruma həvalə edilir.

Ancaq QMİ qərarlarını müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmalıdır. Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı-alim Hacı Şahin Həsənli "Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişiklikləri müsbət dəyərləndirib. İlahiyyatçı deyib ki, xaricdə təhsil almış şəxslər arasında kifayət qədər işini bilən, Vətəninə, millətinə bağlı insanlar var: 

"Xaricdə dini təhsil alan bütün insanları bütövlükdə ittiham etmək doğru deyil. Düzdür, xaricdə təhsil alan bəzi şəxslər müxtəlif dövlətlərin təhlükəli din-dövlət münasibətlərini Azərbaycana transfer etmək istəyirlər. Onların məqsədi qərəzli şəkildə başqa dövlətlərin dini-siyasi ideologiyasını ölkəmizdə yaymaqdır. Amma vətənpərvər və dini dəyərlərə bağlı səmimi insanlar daha çoxdur. Ona görə də mövcud qanuna dəyişikliklərin edilməsi xaricdə dini təhsil alan kadrların potensialından istifadə edilməsinə imkan verəcək. Düşünürəm ki, həmin şəxslər dini maarifləndirmə işinə öz töhfələrini verə biləcəklər. Təbii ki, bu məsələdə əvvəlcə ciddi nəzarət mexanizmlərinin işlənib hazırlanması vacibdir. Hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Komitə xaricdə dini təhsil məsələsini birgə tənzimləyə, nəzarəti birgə həyata keçirə bilərlər”.

İsmayıl