"Sosioloqdan SOS: "Bu tədbirlər görülməsə, vəziyyət gərgin olacaq"

Əhməd Qəşəmoğlu: "Mühitdə gərginlik artıbsa, məktəblərdə gərginliyin azalması üçün iş çoxalmalıdır"


"Tədbirlər görülməsə, qorxuducu proqnoz verilir ki, ilbəil kriminal halların sayı da çoxalacaq. Bu, cəmiyyətin qanunauyğunluğudur”.

Bunu Sherg.az-a Bakıda qardaşın amansızlıqla bacısını öldürməsinin və bu hadisənin fonunda kriminal olayların çoxalmasının səbəblərini izah edərkən sosioloq Əhməd Qəşəmoğlu deyib. Sosioloq kriminal hadisələrin, ailədaxili münaqişələrin baş verməsinin səbəblərinə elmi cəhətdən aydınlıq gətirib:

"Belə arzuolunmaz halların səbəbini izah edək: Hər hansı davranış 3 amildən asılıdır. İlk olaraq mühit, ikinci, şəxsin aldığı informasiya, üçüncü isə insanın üstünlük verdiyi dəyərlər. Baş verən hadisələrdə səbəbləri araşdırmalıyıq. Mühitin hansı təsirləri var?, İnsanlar necə informasiyalar alır?, onların üstünlük verdiyi dəyərlər hansı rolu oynayır? Bunun səbəbi odur ki, cəmiyyət gərginləşib. Sürətlə qloballaşma gedir. Ailələrdə də gərginləşmə çoxdur. Birdən-birə heç bir qurum qərar qəbul edə bilmir ki, sabah cəmiyyətdə, yaxud ailələrdə gərginlik azalsın. Bu zamanın yaratdığı məsələdir. Amma təhsil sisteminə təsir edə bilərik. Deməli, mühitdə gərginlik çoxdursa, məktəblərdə gərginliyin azalması üçün iş çoxalmalıdır. Yəni indiki vaxtda məktəbin qarşısında duran vəzifələr 30-50 il bundan əvvəlkindən fərqlidir. Məktəb elə formalaşmalıdır ki, şəxsiyyətin, mənəvi faktorların inkişaf etdirilməsində mühüm rol oynasın. Şagirdlər elmləri öyrənir, riyaziyyatı, fizikanı biologiyanı və s. yaxşı oxuyur, ingilis dilini bilir, lakin təhsil müəssisəsinin işi təkcə bu deyil. O, eyni zamanda şəxsiyyət formalaşdırır. Digər tərəfdən biz fikir verməliyik ki, insan hansı informasiyaları alır. O əgər bütün gün kriminal xəbərləri dinləyirsə, sözsüz ki, aqressivləşəcək. Ona görə çalışmaq lazımdır ki, rahat, yaxşı sakit ailələrlə bağlı da informasiyalar verilsin. Yoxsa ancaq kriminal xəbərlərə yer ayırmamalıyıq. İnsan düşünməsin ki, cəmiyyət bu dəqiqə vur-vurum, öldür-öldürüm dünyasıdır. Televiziyalar elə təsəvvür yaradır.

Min illərdir deyilir: O cəmiyyətdə ki, maddi dəyərlər ön plana çəkiləndə mənəvi dəyərləri sıxışdırılır. Və gərginlik çoxalır. O cəmiyyətdə ki, mənəvi dəyərlər get-gedə artır, maddi dəyərlər mənəvi dəyərlərin inkişafına kömək edir, burada avtomatik özünü tənzimləmə prosesi baş verir. Cəmiyyətdə xoş münasibətlər yaranır və problemlər aşılır”.

Ə.Qəşəmoğlu onu da əlavə edib ki, ilk növbədə elmi əsaslarla fəaliyyət proqramı olmalıdır və o proqramda sadalananlar əks olunmalıdır:

"Bilinməlidir ki, indiki zamanda qanunvericilik orqanları, Kütləvi İnformasiya Vasitələri, məktəb hansı işləri görməlidir. Bu işlər həyata keçirilməlidir ki, tədricən bu vəziyyət aradan çıxsın. Bunun qarşısını almaq üçün dediyim istiqamətdə fəaliyyət proqramı hazırlamaq lazımdır və tədbirlər həyata keçirilməlidir. Həmin tədbirlər həyata keçirilməsə, cəmiyyətdə mədəni aşınma və bunun fonunda kriminal hallar aratacaq".

Aysel Aslan