Suallar da çoxdur, problemlər də...

"Ədəbiyyatımızın tam mənzərəsi heç bir ədəbi orqanda görünmür"
Əsəd Cahangir: "Azərbaycan” jurnalının baş redaktorunun müaviniyəm, amma bu orqanda öz ideyalarımı həyata keçirmək səlahiyyətim yoxdur"


Fərid Hüseyn: "Ağrılı məqam odur ki, bədii əsərlər az yazılır, tanınmış nasirlərdən hekayə istəyirsən deyir, çoxdandı yazmıram, seçkin şairlərdən şeir istəyirsən, deyir neçə vaxtı yazmıram"

Sevinc Elsevər: "Ədəbi mətnlərin qəzet, jurnallarda çap olunmasının daha yaxşı olduğu düşüncəsindəyəm. Amma təəssüf ki, bu cür mətbu orqanlar da çox azdı"

Oğuz Ayvaz: "İctimai, idman, şou, iqtisadiyyat saytları nə qədər desəz var. Ədəbiyyatın inkişafında mən deyərdim feysbukun rolu əhəmiyyətlidir"

Azad Qaradərəli: "Bu anlayış, ümumən bizdə varmı?"


(… Əvvəli ötən sayımızda)

Ədəbiyyatın inkişafına təkan vermək, yeni yazarları və onların əsərlərini oxuculara təqdim etmək daim qəzet və jurnalların da ümdə missiyalarından biri olub. Mətbuat tariximizə nəzər salanda da bunu görmək olar. Bir sıra qəzetlər və jurnallar XX əsrin əvvəllərində ədəbiyyatın və ədəbiyyat nümayəndələrinin tanınmasına, inkişafına təkan verib.
Onlar yalnız yazıçı ilə oxucu arasında körpü olmayıb. Onların missiyası hansısa yeni əsərin təqdimatı ilə məhdudlaşmayıb. Zaman-zaman dərgilərin ədəbiyyatın yönünü müəyyənləşdirdiyini, ədəbi prosesə istiqamət verdiyini, onu diri tutduğunu bilirik. Dərgilərin ətrafında bir ədəbi xəttin, dünyagörüşün tərəfdarı olan yazarlar toplaşıb, qarşı görüşdə olan dərgilərin bir-biri ilə "müharibə”si ədəbi prosesə rəng qatıb, onun özünü canlı orqanizm kimi hiss etməsinə yol açıb.

Çar Rusiyası və 19-20-ci əsrlər Avropasına xas ədəbi dərgilər ətrafındakı yazıçı birlikləri daha effektli, daha dinamik, daha rəngarəng, daha faydalı olub. Bununla belə sovetlər dövründə də Azərbaycanda fəaliyyət göstərən yaradıcı təşkilatlar müəyyən qədər ədəbi prosesləri özündə əks etdirib.
Ancaq son illərdə Azərbaycanda ədəbiyyata marağın azalması ədəbi nəşrlərdən də təsirsiz ötüşməyib. Ölkədə ədəbi nəşrlər fəaliyyət göstərsə də, onları oxuyanların sayı həddindən artıq azdır. Bu məqam da istər-istəməz nəşrlərin fəaliyyətinə mənfi təsir göstərir. Ədəbiyyatla bağlı jurnal və qəzetlərin fəaliyyətində müəyyən dərəcədə zəiflik hiss olunur. Eyni zamanda yazılanların bir çoxunda zamanla ayaqlaşma istiqamətində problemlərin olduğu da diqqət çəkir.

Tənqidçi Əsəd Cahangir də "Şərq”ə açıqlamasında hazırda fəaliyyətdə olan ədəbiyyat qəzetləri və jurnallarının həqiqi ədəbi prosesləri özündə əks etdirmədiyini deyib. Onun sözlərinə görə, ədəbiyyatımızın tam mənzərəsi heç bir ədəbi orqanda görünmür. Azərbaycan ədəbiyyatı haqqında təsəvvürü olmayan bir əcnəbi bizim ədəbi dərgiləri oxusa, onda yanlış təsəvvürlər formalaşar. Real ədəbi proseslər qalıb bir kənarda media orqanlarında tamam başqa bir görüntü yaradılır: 

"Siz Azərbaycan Yazıçılar Birliyinin hansısa orqanında ədəbi proseslərin həqiqi mənzərəsini görə bilirsiniz? Halbuki onların əlində çox böyük imkanlar var. Həm maliyyə dəstəyi ayrılır, həcmi də kifayət qədər böyükdür. Basmaqəlib, şablon yazılar dərc olunur. "Azərbaycan” jurnalının baş redaktorunun müaviniyəm, amma bu orqanda öz ideyalarımı həyata keçirmək səlahiyyətim yoxdur. Bir neçə il öncə jurnalın baş redaktoru İntiqam Qasımzadəyə təklif etdim ki, "Azərbaycan”ın heç olmasa dizaynını dəyişin, bunu öz vəzifə səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirdi. Mən izah edə bilmədim ki, jurnalı bu dizaynda görən adam heç vaxt alıb oxumaz. Haqsız da sayılmazlar. "Azərbaycan” jurnalının hər ay cəmi 10-15 nüsxəsi satılır. Alan da yalnız jurnalda yazısı dərc olunan şəxslərdir.

"Qobustan” jurnalı da həmçinin. Ümumiyyətlə, bu jurnalın varlığı ilə yoxluğu belə unudulub. Əksər insanlar bu jurnalın fəaliyyətini dayandırdığı qənaətindədir. Jurnal hələ də 60-cı illərin dəbi ilə gedib, Kamyudan yazılar verir. Jurnalın baş redaktoru Vaqif Əlixanlıya elə gəlir ki, bu yazılar indi də hamı üçün maraqlıdır.

Halbuki müasir dünyanın mənzərəsi tamamilə başqadır. Fərqində deyil ki, Kamyunu vaxtilə Anar verib, bu günün isə öz kamyuları, sartrları var.
60-80-ci illərdə bu jurnal Azərbaycan mədəni həyatının güzgüsü olan bu jurnal indi nə üçün dərc olunur, onu kim alır, kim oxuyur, aydın deyil.

"Ulduz” jurnalı və "Ədəbiyyat” qəzetindəki mənzərə isə nisbətən qənaətbəxşdir. Çünki hər iki ədəbi orqnaın başında yeni nəslin nümayəndələri dayanır. Yeni nəsil isə yeni ideya, yeni təfəkkür deməkdir. Deməli, hər nə qədər bacarıqlı və istedadlı olursa-olsun, müasir dövrün tələblərində yaşın rolu böyükdür. Mənim hədəfim "Azərbaycan” və ya "Qobustan” jurnallarının baş redaktorları deyil. Onların yerinə hər kim olsa, eyni mənzərə yaranacaqdı. Əgər bir adamın 80-dən artıq yaşı varsa və 20 ildən artıq eyni vəzifədə oturursa, deməli, bu orqanın fəaliyyətində heç bir irəliləyişdən söhbət gedə bilməz.
Azər Turan baş redaktor təyin olunduqdan sonra "Ədəbiyyat” qəzetində xeyli islahatlar edib, yeni imzalar cəlb edərək qəzetin həcminin artırılmasına nail olub.

Ə.Cahangirin sözlərinə görə, ədəbi media orqanlarının fəaliyyətinin zəif olmasının bir sıra obyektiv səbəbləri də var. İnternet erasında, sosial şəbəkələr, KİV-lərin maksimum bolluğu şəraitində ədəbi jurnallar bir qədər arxaik, özünüifadənin köhnəlmiş forması kimi görünür. Müəlliflər internet saytları ilə işləməyə, oxucular isə daim yenilənən informasiyaları internetdən əldə etməyə daha çox üstünlük verirlər. Nəinki ayda bir dəfə çıxan jurnal və ya həftədə bir dəfə çıxan qəzetdən.

Ədəbiyyatın inkişafında onlayn medianın oynadığı rola gəldikdə isə təndiqçi deyib ki, "Sim-sim. az” bir sıra intellektual məlumatlar versə də, ədəbi proseslərə daxil ola bilmir. Müəyyən çevrədə bu saytın fəaliyyəti izlənilir. Halbuki ədəbi dərgilər məhdud çevrələr yox, daha geniş kütlə tərəfindən oxunmalıdır. Bunun üçün də həmin media orqanında obyektiv dəyərləndirmə, elmi araşdırmalar olmalıdır:

"Fəaliyyətinə xitam verilən "Kulis.az” saytı ilə bağlı isə onu deyə bilərəm ki, bu sayta rəhbərlik edən şəxslər onlara həvalə olunan bu səlahiyyətdən özlərini reklam etmək məqsədi ilə istifadə etdilər. Sayt bağlandıqdan sonra artıq "böyük yazıçılar”, "böyük romançılar” gözə dəymir. Üstəlik, bu saytda onlardan olmayan, onları tərifləməyənlərə qarşı qərəzli münasibət də vardı. Bu təfəkkürlə ədəbiyyat saytı yaratmaq və idarə etmək olmaz.

"Kaspi.az” saytı isə öz fəaliyyətinə görə digərlərindən seçilir. Bu saytda da müəyyən məhdudiyyətlər olsa da, ədəbiyyatla məşğul olan orqanlar içərisində ən obyektivi budur. Fəaliyyəti yalnız Azərbaycan ədəbiyyatı ilə məhdudlaşmır, dünya ədəbiyyatına da yer ayırır, eyni zamanda ümumi kulturoloji sayt kimi çıxış edir. Müəlliflərə qərəzli münasibət bəsləyib, ayrıseçkilik etmir”.

Tənqidçi imkanı olsa, ədəbi mühitin həqiqi mənzərəsini özündə əks etdirən ədəbi jurnal və ya saytı bir ayın içərisində yarada biləcəyini iddia edib: "Ədəbiyyat azad olmalıdır. Azad söz, azad düşüncə olmayan yerdə ədəbiyyat ola bilməz. Əgər bizim ədəbiyyatçılar şəxsi ambisiyalarını bir kənara qoysalar və maddi dəstək problemi aradan qalxsa, ortaya oxunaqlı bir sayt və ya jurnal çıxarmaq olar”.

"Kaspi” qəzetinin ədəbiyyat əlavəsinin redaktoru və artkaspi.az saytının baş redaktoru, gənc şair Fərid Hüseyn isə Azərbaycanda fəaliyyət göstərən ədəbi media orqanlarının fəaliyyətinin normal vəziyyətdə olduğunu deyib: 

"Ürək sıxmağa əsas yoxdur. Ağrılı məqam odur ki, bədii əsərlər az yazılır, tanınmış nasirlərdən hekayə istəyirsən deyir, çoxdandı yazmıram, seçkin şairlərdən şeir istəyirsən, deyir neçə vaxtı yazmıram. Yəni məsələ belədir. Aruzladığım odur ki, gözəl nəsr və poeziya nümunələri çox olsun ki, qəzet və saytlarımızda oxunan material bol olsun. Başqalarının yaradıcılığından çox yazılır, sırf bədii yaradıcılıq nümunələri azdır”.

Yazar Sevinc Elsevər isə hesab edir ki, bir-iki il əvvəl saytlar, internet mediası ədəbi mühitin canlanmasında fəal iştirak edirdi. Xüsusən azadlıq radiosunun "Oxu zalı", "Kulis" kimi saytlar var idi. Bu saytlar bağlandı. Bəzi saytlar dəfələrlə yeniləndi, hər dəfə yenilənəndə yazılar itdi. Elə sayt redaktoru var, arada bir az anlaşılmazlıq olan kimi sənin yazını qəsdən götüzdürür: 

"Ona görə ədəbi mətnlərin qəzet, jurnallarda çap olunmasının daha yaxşı olduğu düşüncəsindəyəm. Amma təəssüf ki, bu cür mətbu orqanlar da çox azdı. Feysbuka gəlincə, burda da şeir paylaşırsan, qalıcı olmur. Gərək dəfələrlə eyni şeiri paylaşasan. Bir də feysbukda bir şey paylaşırsan, çoxluğun içində unudulur. Sabah görürsən ki, on gün əvvəl paylaşdığın fikri, ya şeiri götürüb başqası yazıb öz adından. Ona görə çalışıram ədəbi mətnə çevirə biləcəyim şeyləri feysbukda paylaşmayım. Təzə şeir də az paylaşıram. Daha çox kitablarda çıxan köhnə şeirləri paylaşmağa üstünlük verirəm. Bir sözlə, feysbuka bir o qədər etibar eləmirəm. Hazırda müəlliflər yazılarını çap eləmək üçün ciddi problem yaşayırlar. Mən uzun illərdi AYB-nin ədəbi orqanlarında çap olunmuram. Axırıncı dəfə tələbə olanda çap olunmuşam o jurnallarda. Ən yaxşısı "Oxu zalı" idi, "Kulis" idi. Artıq yoxdurlar. Üstəlik, ədəbiyyata da oxucunun marağı azdı. Adam yeni yazı çap eləməyə də utanır. Qorxursan deyələr ki, "Şeir zamanı deyil, afət!"”.

Gənc yazar Oğuz Ayvaz isə təəssüflə ədəbi saytların sayının həddindən artıq az olduğunu vurğulayıb: 

"İctimai, idman, şou, iqtisadiyyat saytları nə qədər desəz var. Ədəbiyyatın inkişafında mən deyərdim feysbukun rolu əhəmiyyətlidir. İmzasını təsdiq etmiş şairlər var ki, yeni şeirlərini öz profillərində paylaşırlar. Elə özüm də nəyi ki sayta göndərirəm, profilimdə paylaşıram. "Yarpaq.az” portalı xoşuma gəlir. "Kulis" bağlandıqdan sonra ədəbi portalların boşluqları üzə çıxdı. Ümid edirəm bu boşluq tezliklə aradan qalxacaq. Ancaq ədəbiyyat bu saat sosial şəbəkələrdə daha çox görünür".

"Yazı"dərgisinin baş redaktoru Azad Qaradərəli isə belə deyib:

 " Ədəbi media orqanları ... Bu anlayış, ümumən bizdə varmı? Hə, var. Amma Sovet dövründəki kimi bu orqanlar müstəqil deyil. Ya kiminsə pul kisəsindən asılıdır, ya da AYB deyilən mühafizəkar qurumun nəzarətindədir. "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" dərgiləri, nə yazıqlar ki, bu gündədirlər. "Alatoran" fəaliyyətini dayandırıb. Bizim "Yazı" dərgisi də maliyyə səbəbindən periodik çıxa bilmir.

Ədəbiyyat saytlarının bəziləri müstəqilliyini qorumağa çalışsalar da, özləri özlərini senzura etməklə məşğuldurlar. Mənim yeni çap olunmuş "Renessans həsrəti" (esselər, müsahibələr, 2-ci cild) kitabımı vərəqləsəniz on səhifədən bir belə girişlə rastlaşacaqsınız: "Yazı saytda qayçılanaraq verildiyindən burada ilk dəfə orjinal variantı oxuya bilərsiniz. Yaxud belə: "Yazı heç bir saytın ilgisini çəkmədiyi üçün ilk dəfə yayımlanır" və sair..."


Şəymən