"Ermənistanda hamının bildiyi bir gerçəklik var: Əgər havadarları əllərini bu ölkənin arxasından çəksə, o zaman Cənubi Qafqazda belə dövlətin mövcud olması mümkün olmayacaq"
SUÇLU PaşinYANDI
Ermənistan qara günün oyunçusu ilə sonuna yaxınlaşır
"Ermənistanda hamının bildiyi bir gerçəklik var: Əgər havadarları əllərini bu ölkənin arxasından çəksə, o zaman Cənubi Qafqazda belə dövlətin mövcud olması mümkün olmayacaq"
"Ermənistanda hamının bildiyi bir gerçəklik var: Əgər havadarları əllərini bu ölkənin arxasından çəksə, o zaman Cənubi Qafqazda belə dövlətin mövcud olması mümkün olmayacaq"
Ermənistanın ictimai-siyasi dairələri regionda dəyişən və inkişaf edən geosiyasi şərtlərdən narahatdır. Çünki, düşmən ölkədə baş verən küçə etirazlarından sonra geosiyasi şərtlər Ermənistanın əleyhinə işləməkdədir. Hazırda bu ölkənin baş nazirinin qeyri-müəyyən siyasəti, hər iki stulda oturma cəhdləri Ermənistanın beynəlxalq vəziyyətini və əvvəllər tərəfdaş ölkələrlə əlaqələrini sual altına qoyub. Ermənistanın qonşu Gürcüstan, Rusiya və digər yaxın ölkələrlə əlaqələrində qırılma müşahidə olunmaqdadır. Bunun səbəbi isə baş nazir Nikol Paşinyanın məntiqdən uzaq hərəkətləri və sərsəm bəyanatlarıdır. Nə dediyinin fərqində olmayan baş nazir atdığı hər addımla həm öz siyasi karyerasını, həm də bütövlükdə erməni dövlətini və xalqını uçuruma aparır. Lakin problem ondadır ki, Paşinyan öz məsuliyyətsiz davranışlarının fərqində deyil. Ötən gün Biləsuvarda çıxış edən dövlət başçısı İlham Əliyev də düşmən ölkənin baş nazirinin sülhə zidd yanaşmalarına diqqət çəkib. Prezident vurğulayıb ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan hazırda çox ağır vəziyyətə düşüb və iyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb: "Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin Aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi”. Dövlət başçısı bildirib ki, bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik: "Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar”.
İctimaiyyət nümayəndələri də Prezidentin sözlərinə diqqət çəkərək Ermənistanı çətin proseslərin gözlədiyini və bütün məsuliyyətin Paşinyanın üzərinə düşdüyünü deyiblər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Paşinyanın bəyanatları onun istər müharibə, istər sülh, istərsə də iqtisadi, siyasi və hərbi baxımdan heç bir doktrinasının, planının olmamasından irəli gəlir: "Ermənistanda aprel hadisələrindən sonra hakimiyyətə gələn Paşinyan elə ilk gündən sərsəm fikirləri və Azərbaycanın əleyhinə səsləndirdiyi cəfəng iddiaları ilə əslində küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmədiyini sübut etdi. Azərbaycan isə bu müddət ərzində təmkinli və soyuqqanlı davranmaqla öz hərbi-siyasi gücünə nə qədər arxayın olduğunu nümayiş etdirirdi”. Deputatın sözlərinə görə, Ermənistanda hamının bildiyi bir gerçəklik var: "Əgər havadarları əllərini bu ölkənin arxasından çəksə, o zaman Cənubi Qafqazda belə dövlətin mövcud olması mümkün olmayacaq. 2016-cı il aprel döyüşlərindən Ermənistan əhalisinin əksəriyyəti lazımi əşyalarını toplayaraq ölkədən qaçmağa hazırlaşırdılar. Siyasilər isə Azərbaycan Ordusunu dayandırmaq üçün yalvarmadıqları dövlət buraxmamışdılar. İndi öz siyasi çərənləmələri ilə hər kəsi bezdirən Paşinyan küçə hərəkatı ilə əldə etdiyi hakimiyyəti elə küçə siyasəti vasitəsilə də əlində saxlamağa çalışır. Ancaq bunun mümkün olmadığını gördükdə isə əhalinin aqressiyasını neytrallaşdırmaq üçün Azərbaycana qarşı verdiyi bəyanatları özünə siyasi sipər etmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyev isə bunun müqabilində bir tərəfdən hərbi-diplomatik yollarla özünə müttəfiqlər yaradır, digər tərəfdən isə ordu quruculuğu işlərini keyfiyyətcə yeni mərhələyə qaldırır”. Ekspert əlavə edib ki, Prezident Biləsuvar rayonuna səfər edərkən bir daha işğalçı dövlət olan Ermənistana 2016-cı ilin aprel, 2018-ci ilin Günnüt döyüşlərini xatırladaraq, Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha düşmənin yadına saldı: "Prezident qeyd etdi ki, bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olub və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Yaxşı olar ki, Paşinyan özünün sərsəm açıqlamaları müqabilində Azərbaycan tərəfinin bu qətiyyətli addımlarını nəzərə alsın və Azərbaycan torpaqlarını işğaldan azad etmək barədə düşünsün .Əks təqdirdə, onu sələflərinin aqibətindən də pis aqibət gözləyə bilər”.
Millət vəkili, politoloq Elman Nəsirov da bəyan edib ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını məharətlə almasından nəticə çıxarmalıdır. Deputat ötən gün Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı ictimaiyyətlə görüşdə ölkəmizdə baş verən mühüm hadisələr barədə danışdığını, çıxışında Bakının işğaldan azad olunması ilə bağlı keçirilən hərbi parada və cəbhədəki vəziyyətə də toxunduğunu xatırladıb: "Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən parad bütün dünyaya sübut etdi ki, iki ölkə 100 il öncə də birlikdə olublar və bu gün də yan-yana dayanıblar. Bütün dünya gördü ki, Azərbaycan-Türkiyə dostluğu daimi və əbədidir. Eyni zamanda, hərbi paradda Azərbaycanın ən müasir texnikaları nümayiş etdirildi və bu da bir daha sübut etdi ki, Azərbaycan dünyanın ən güclü orduları sırasındadır”. Politoloq qeyd edib ki, cənab Prezident çıxışında bu günlərdə təmas xəttində erməni hərbi birləşmələrinin təxribata cəhdi və Azərbaycan Ordusunun həmin cəhdin qarşısını məharətlə almasından da bəhs edib:
"Dövlətimizin başçısı dedi ki, Azərbaycan əsgəri həmin təxribatın qarşısını alarkən ermənilərə elə bir zərbə endirib ki, hələ Ermənistan bir müddət özünə gələ bilməyəcək. Dövlət başçısı görüşdə, həmçinin 2016-cı ilin aprel döyüşlərində və bu ilin may ayında Naxçıvanda Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışdı. Qısa müddətdə Azərbaycan hərbçiləri işğal altında olan ərazilərimizin bir hissəsini azad etdi. Azərbaycan Ordusu göstərdi ki, hər zaman Azərbaycan torpaqlarını işğaldan azad etməyə hazırdır. Bundan Ermənistanın yeni rəhbərliyi də nəticə çıxarmalıdır. Ermənistandakı Sarkisyan rejiminin hakimiyyətdən getməsində Azərbaycan da öz rolunu oynadı. Azərbaycanın Ermənistana qarşı təcrid siyasəti öz nəticəsini verməkdədir. Bu vəziyyətdən Paşinyan da istifadə edir. Amma Paşinyan hakimiyyəti hələ ki münaqişənin həlli üçün müsbət addımlar atmaqdan yayınır. Bu işdə məsuliyyət Ermənistanın yeni rəhbərliyinin üzərinə düşür”.
İsmayıl