Sülhəddin Əkbər: “Sızmalar Tramp hakimiyyətinin içindən də ola bilər”

"Heç bir dövlətə bağlı olmayan qurumlar qorunan informasiya sistemlərinə girə bilirlər”



ABŞ prezidenti Donald Trampın Rusiya rəhbəri Vladimr Putinlə telefon danışığının bəzi detallarının mediada yayılması Ağ Evi ciddi narahat edib. Trampın Avstraliya baş naziri və Meksika prezidenti ilə sərt danışdığı xəbərləri də dünya ictimaiyyətinin müzakirə mövzusu olub. 

Amerika hökuməti Trampın xarici ölkə liderləri ilə telefon danışıqlarının mediaya necə sızmasını araşdırır. Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser vəziyyəti öyrənməyə çalışdıqlarını desə də, araşdırmanın necə aparıldığını açıqlamayıb. Sadəcə vurğulayıb ki, Tramp bu məlumatların yayılmasından çox narahatdır: "İnformasiya sızması aparılan danışıqları təhlükə altına atır”.

 Xatırladaq ki, indiyədək bir neçə ölkə rəhbərinin telefon danışıqlarının dinlənildiyi haqda xəbərlər yayılıb. Bunun nə dərəcədə mümkün olduğu, hansı qruplaşmalar tərəfindən hansı məqsədlər üçün həyata keçirildiyi isə xüsusi maraq doğrurur.

 Dövlət rəsmilərinin telefon danışıqlarının dinlənməsi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən keçmiş milli təhlükəsizlik nazirinin müavini, politoloq Sülhəddin Əkbər deyib ki, müasir texnoloji vasitələrlə istənilən şəxsin telefon danışığını dinləmək mümkündür: 

"Dünyada informasiya texnologiyaları sahəsində sürətli inkişaf gedir və imkanlar genişlənir. Hər bir dövlətin kəşfiyyat xidmətləri, hərbi və müdafiə sistemləri bu yenilikdən istifadə edirlər. Dünyanın bir sıra aparıcı dövlətləri və onların xüsusi xidmət orqanları maraq dairələrinə düşən istənilən danışığı dinləmək imkanına sahibdir. Heç bir dövlətə bağlı olmayan qurumlar da fəaliyyət göstərir. Həmin təşkilatlar dünyadakı bütün ölkələrin qorunan informasiya sistemlərinə girə bilirlər. Biz dəfələrlə bunun şahidi olmuşuq. Onu da nəzərə almaq lazımdır ki, hazırda dünyada geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub.

 Qlobal və regional sahədə çox ciddi proseslər yaşanır. Həm Putindən, həm də Trampdan kifayət qədər narazı qüvvələr var. İstər ABŞ və Rusiya daxilində, istərsə də digər dövlətlərdə iki liderə neqativ baxış formalaşıb. Tramp prezidentliyə yeni gəlib və hələlik dövlət qurumları üzərində hakimiyyətini bərpa edə bilməyib. Fikrimcə, sızmalar hakimiyyətin içindən də ola bilər. Bilirsiz ki, hökumətin özündə belə Trampdan narazı şəxslər var”.

İsmayıl