Sulu qəlyandan daha çox məktəblilər, gənclər, qızlar istifadə edir - Tədbir görülməlidir

Sulu qəlyanda istifadə olunan müxtəlif aromatlı maddələr nəfəs yollarına daxil olur, örtük epitelini qıcıqlandırır və bronxit yaradır



Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə bildirib ki, ölkəmizdə sulu qəlyan tamamilə qadağan edilməlidir. Millət vəkili bu barədə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə məlumat verib.

"Qəlyan insanın səhhəti üçün çox zərərlidir. İstifadə zamanı onun müştüyü və borusu dəyişməlidir. Lakin buna əməl edilmir. Qəlyanı xəstə insanlar da çəkir və bununla da insanlar arasında vərəm və digər müxtəlif xəstəliklər yayılır. Narkotik çəkmə üçün də ondan istifadə edilir. Bununla da gəncləri narkotiklərə cəlb edirlər. Elə gənclər var ki, siqareti heç çəkmir, amma qəlyanın ətri onların xoşuna gəlir və istifadə edirlər. Digər tərəfdən, Azərbaycanda qəlyan tütünləri istehsal edilmir, onlar xaricdən gətirilir. Buna görə də onun pulu da xaricə gedir. Bu, Azərbaycan büdcəsinə heç bir xeyir vermir”.

Qeyd edək ki, hazırda müzakirə mərhələsində olan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə görə, sulu qəlyan və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

Sulu qəlyanın qadağan edilməsi ilə bağlı "Şərq”ə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla millət vəkili ilə razılaşdığını deyib. Professorun sözlərinə görə, sulu qəlyanda istifadə olunan sintetik maddələr var ki, onların əksəriyyəti konsilurigendir. Bütün bunlar isə insan orqanizmi üçün olduqca zərərli hesab olunur: "Bəzən qızların açıq ictimaiyyətdə qəlyan çəkməyi narahatçılıq doğurur. Başqa məsələlər bir yana, bu əsasən sağlamlıq üçün təhlükəlidir. Çünki sulu qəlyanda istifadə olunan müxtəlif aromatlı maddələr nəfəs yollarına daxil olur, örtük epitelini qıcıqlandırır və bronxit yaradır. Həmçinin ağciyər xərçənginə qədər müxtəlif xəstəliklər əmələ gələ bilər. Bu baxımdan sulu qəlyanın Azərbaycan ərazisində geniş yayılmasını təlqin eləmirəm.

A.Qeybulla həmçinin deyib ki, bu gün narahatlıq doğuran məqamlardan biri sulu qəlyandan orta məktəb şagirdlərinin və gənclərin istifadə etməsidir. Bütün bunlar isə millətin genefondunda mənfi təsirlər göstərir: "Yaşlı nəsil arasında bundan istifadə edən yoxdu. Əsas gənc nəsil, böyüməkdə olan orqanizmdi. Hansısa bir tədbirlərin olması vacibdir, amma görəsən, bunu bacaracaqlarmı?

Sulu qəlyan daha çox müxtəlif brend restoranlarda olur. Ora da hər adamın getmək imkanı yoxdur. Bu baxımdan ictimai fəryadın önəmi var. Bəzi adamlar doğrudan da başa düşüb çəkinir bunlardan. Amma konkret tədbir görmək üçün yüksək səviyyədə hansısa qanunların qəbul edilməsinə ehtiyac var. Daha yaxşı olar ki, bu məsələ maarifləndirmə yolu ilə həll olunsun. İnsanlar bunun neqativ təsirini dərk eləsinlər və özləri çəkinsinlər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da qadağaların qoyulmasının tərəfdarı olduğunu deyib: "Bəli, sulu qəlyan, elektron siqaret əslində tam olaraq qadağan olunmalıdır. Burda təkcə tütündən istifadə yox, eləcə də Araz Əlizadənin dediyi amillər özünə yer tapır”.

Yeganə Bayramova