“Sürət həyatda tərəqqi, yolda təhlükədir”

Yeni layihəyə start verildi


Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr edilmiş daha bir layihənin icrasına start verilib.
Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçiriləcək. Bu barədə məlumat verən təşkilat sədri Elməddin Muradlı bildirib ki, "Sürət həyatda tərəqqi, yolda təhlükədir - yol hərəkəti təhlükəsizliyi naminə təbliğatın gücləndirilməsi” adlı layihə 3 ay ərzində icra olunacaq. Layihə çərçivəsində Şuranın dəstəyi ilə yaradılmış Avtosfer.az saytı və sosial şəbəkələr vasitəsilə yol hərəkəti təhlükəsizliyinə dair geniş təbliğat işləri həyata keçiriləcək.

Təşkilat sədri deyib ki, Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi üçün görülən tədbirlərə baxmayaraq, hələ də problemin qarşısını tam almaq mümkün olmayıb:

"Bu gün yol mədəniyyətinin aşağı səviyyədə olması kifayət qədər qanun pozuntusu hallarının və yol qəza hadisələrinin artmasına imkan yaradır. Çox təəssüf ki, sürət həddini aşma, spirtli içkinin təsiri altında avtomobil idarə etmə, təhlükəsizlik kəmərindən, dəbilqədən və digər qoruyucu vasitələrdən istifadə etməmək və avtomobil idarə edərkən mobil telefonlardan istifadə halları da qalmaqdadır. Hesab edirik ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yeni metodların və təşəbüsslərin axtarılıb tapılmasına ehtiyac var”.

Yeganə