Sürücülər də intizamlı olacaq, sərnişinlər də...

Avtobuslarda kameraların quraşdırılması müsbət effekt verəcək

Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma avtobuslarına nəzarəti və təhlükəsizliyi həyata keçirmək üçün praktiki olaraq nəzarət kameralarının tətbiqinə başladı. "Xaliq Faiqoğlu” nəqliyyat şirkəti də Bakıda 6 marşrut üzrə sərnişindaşımanı həyata keçirən avtobuslarda müşahidə kameralarının quraşdırılmasını başa çatdırıb.

Müşahidə kameraları "BakıKart” kartlarından istifadə etməklə nağdsız ödəniş sisteminin tətbiq olunduğu 130 avtobusda - 61, 65, 85, 79, 96 və 18 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslarda quraşdırılıb.

Kameralar bundan əvvəl hüquq-mühafizə orqanlarından şirkətə daxil olmuş müraciətə uyğun olaraq quraşdırılıb. Burada məqsəd vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Şirkətdən digər avtobuslarda da nağdsız ödəniş sisteminin tətbiq olunacağını istisna etməyiblər.

Məsələni dəyərləndirən "Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov kamera sistemlərinin tətbiqini sərnişindaşıma xidməti üçün irəliləyiş hesab edir:

"Yayılan məlumatlara görə, avtobuslarda kameraların quraşdırılması artıq başa çatıb. Yaxın gələcəkdə tam nəzərdə tutulan proqram üzrə fəaliyyət göstərəcək. Həm daxili, həm də xarici kameralar nəzərdə tutulub. Daxili kameralarla sürücü və sərnişinlərə nəzarət həyata keçirilir. Xarici kameraların da quraşdırılmasına başlanılacaq. "Baku Bus” avtobuslarında bu kameralar artıq istismara buraxılandan var. Kameraların quraşdırılması intizam və hüquqi baxımdan çox əhəmiyyətlidir. Tək sürücünün yox, həmçinin sərnişinlərin hansısa hüquqa zidd əməlləri qeyd olunur. Kameralar həm də ictimai təhlükəsizlik üçün çox önəmlidir. Başlıca məqsəd sürücülərə nəzarət etməkdir. Bu, tam məntiqli bir şey deyil. Avtobus sürücünün iş yeridir və o, sutka ərzində orda işləyir. Ona nəzarət funksiyasını yerinə yetirən dövlət orqanı bilməlidir ki, sürücü nə işlə məşğuldur. Bu, yol hərəkəti təhlükəsizliyi, sərnişindaşıma üçün vacibdir ki, sürücülər intizamlı olsunlar və özbaşınalıqlar eləməsin. Yol hərəkəti qaydalarına, vətəndaşlarla mədəni davranış qaydalarına da riayət etməlidirlər”.

Yeganə Bayramova