"Sürücülər var ki, təhlükəsizlik kəmərlərini kəsib gizlədir..."

Elməddin Muradlı: "Həmin sürücünün əməli təsdiq olunarsa, ona cərimə yazılması qaçılmazdır"


"Qanunvericiliyə görə, sükan arxasında oturan şəxs təhlükəsizlik kəmərindən istifadə etmirsə, elektron protokol qaydası ilə cərimə olunur”.

Bunu Sherg.az-a sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə, cərimələnməsindən danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

 O bildirib ki, ötən illərdə inzibati xətalar məcəlləsində sərnişinlərin təhlükəsizlik kəmərindən istifadəsi ilə əlaqədar dəyişikliklər edilib. Bununla təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müşahidə kameraları vasitəsilə qeydə alınır, cərimələnirdilər:

"Həmin qanunda boşluq var idi. Sürücünün yanındakı və ya salondakı təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişinlər kameralar tərəfindən göstərilmirdi. Bu zaman artıq onların müəyyən olunması təftiş aparan polis əməkdaşlarının səlahiyyətinə verilirdi. Sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməyinə görə məsuliyyət illərdir qanunvericiliyimizdə var. Zaman-zaman cərimələr artırılır, amma tətbiqetmə məsələsində müəyyən boşluqlar qalırdı. Artıq həmin boşluqların aradan qaldırılması mümkünləşəcək”.

Son zamanlar nəqliyyat sahəsinə aid Avropadan gələn qonaqların heç də xoş olmayan fikirlər səsləndirməsini xatırladan E. Muradlı vurğulayıb ki, avropalılar Azərbaycanda təhlükəsizlik kəmərindən istifadə edənlərin az olduğunu, ondan düzgün istifadə edilmədiyi söyləyiblər:

"Həqiqətən, tam əminliklə deyə bilərəm ki, Azərbaycanda idarə olunan nəqliyyat vasitəsi sərnişinlərinin təxminən 5-10 faizi təhlükəsizlik kəmərindən istifadə edir. Qalanları isə bunu lazımsız hesab edir. Ona görə də, bu qanunun qəbul olunması sürücülərin və sərnişinlərin məsuliyyətini artıracaq”.

Ekspert əlavə edib ki, bəzi maşınlarda sərnişin oturacaqlarında təhlükəsizlik kəmərləri yoxdursa, cərimələr tətbiq olunmayacaq:

"Cərimə təhlükəsizlik kəməri mövcud olan konstruksiyalı avtomobillərin sərnişinləri üçün nəzərdə tutulub. Kəmər ola-ola sərnişinlər istifadə etmirsə, cərimə yazılacaq. Amma bəzi sürücülər var ki, həmin kəmərləri kəsib gizlədir, sonradan avtomobilin sərnişin oturacaqlarının təhlükəsizlik kəməri olmadığını iddia edir. Həmin sürücünün əməli təsdiq olunarsa, ona da cərimə yazılması qaçılmazdır”.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimələnməsi məsələsinə aydınlıq gətirib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, fərqi yoxdur, avtomobilin ön və ya arxa oturacağında əyləşsin, əgər nəqliyyat vasitəsinin konstruksiyasında təhlükəsizlik kəməri varsa, həmin şəxs o kəmərdən istifadə etməlidir: "İstər sürücü olsun, istərsə də sərnişin. Sürücünün öz məsuliyyəti var, sərnişinin də kəmər bağlamadan getdiyinə görə öz məsuliyyəti var”.

Aysel Aslan