Tanınmışlar Könül Xasıyevaya dəstək oldular

Mənsum İbrahimov və Aygün Bayramova Xalq artistinə tezliklə baş çəkəcəklər


Səhhətində yaranan ciddi problemdən əziyyət çəkən Xalq artisti Könül Xasıyeva mətbuata açıqlama verməkdən hər zaman uzaq qaçsa da, bəzən həyat insanı danışmağa məcbur edir. Elə Xalq artisti də danışmaq məcburiyyətində qalıb. Xanəndə uzun illərdir xəstəlikdən əziyyət çəkdiyini, amma son iki ildə müalicələrinə ara vermək məcburiyyətində qaldığını dilə gətirdi.

"Mən özümə və sənətimə o qədər hörmət etmişəm ki, istəmirdim ki, çətinliklərimdən pərəstişkarlarımın xəbəri olsun. Amma artıq danışmağa məcburam. Çünki oğlumun da səhhətində ciddi problemlər var. Əlimdə olan hər şeyi satmaq məcburiyyətində qaldım ki, oğlum həyatda qalsın. Bu müddətdə öz müalicələrimi dayandırdım. 

Çünki eyni vaxtda iki xəstənin müalicə xərclərini ödəmək o qədər asan deyil. Artıq gücüm qalmayıb. Öz səhhətimdə də ciddi problemlər var. Artıq nə yeriyə bilirəm, nə nəfəs ala bilirəm. Onurğa iflici olmuşam. Saçım tökülüb. Əslində ölməkdən qorxmuram, oğlumun tək qalması məni qorxudur, narahat edir. Anayam, nə qədər çalışsam da, bu dərdi özümdən uzaq saxlaya bilmirəm. Sadəcə, oğluma görə dövlət başçımızdan dəstək istəyirəm”.

Yeri gəlmişkən, Xalq artistinin bu açıqlaması sənət aləmində də birmənalı qarşılanmadı. Bəziləri neçə illər toylarda pul qazanan xanəndənin maddi durumunun nədən pis olduğunu söylədi, kimisi deyilənlərə inanmadı. Amma bir reallıq var ki, xanəndə həqiqətən xəstədir. Xüsusilə də son günlər xanəndənin xəstəliyi ilə əlaqədar verdiyi açıqlama zamanı dedikləri ürəkləri dağladı. Mətbuatda Könül Xasıyevanın səhhətində problem olduğu gündəmə gətirildikdən sonra, tanınmış aparıcı Hacı Nuran da ona baş çəkməyə gedib. Məhz bu görüş zamanı lentə alınan kadrlar ürəklərə dağ basdı. 

Xanəndə oğlunun başına sığal çəkərək ona mahnı ithaf edən ananın fəryadına laqeyd qalmaq mümkün deyildi. Kövrək ana nəfəsi ilə, ürəkləri oynadan ifası ilə oğlunu bu fani dünyaya etibar etməkdən çəkindiyini çatdıran xanəndənin bu görüntüləri hər kəsi ağlada bildi. Könül Xasıyevanın ifasında bir ana fəryadı dilə gələrək imdad istəyirdi. Sanki onu sevən, ona dəyər verən hər kəsdən kömək diləyirdi.

Bəs görəsən, Xalq artistinin həmkarları ona baş çəkiblərmi? Xanəndənin səhhəti ilə maraqlanan olubmu?
Suallarımızla Xalq artisti Mənsum İbrahimova üz tutduq. Sevilən xanəndə "Mən Bakıda deyildim. Qastrol səfərində idik. Bir neçə gündür qayıtmışam. Eşitdim, çox təsirləndim. Könül Xasıyeva çox dəyərli sənətkarlarmızdandı. Gözəl ifaları ilə könüllərdə yer ala bilib. Dəyər verdiyim xanəndədir. Düzünü desəm, böyük mənada dostluğumuz olmasa da, amma biri-birimizə böyük hörmətimiz olub. Əgər təşəbbüs göstərilsə və ona baş çəkməyə gedən xanəndələr olsa, təbii ki, mən də bu addımı dəstəkləyən insanlardan olaram. Həyatdı, hamı xəstəliklə üz-üzə dura bilər, həyatda hamının çətin günləri ola bilər. Ona görə də xanəndəyə dəstək olmaq vacibdi. Mənə elə gəlir ki, dövlətimiz də Könül Xasıyevanın sənətinə hər zaman diqqət göstərib. İnşallah, xəstəliyi ilə də bağlı ona dəstək olacaq. Əgər xanəndənin şəxsi hesabı açılsa, maddi baxımdan da həmkarları ona kömək etməyə hazırıq” söylədi.

Xalq artisti Aygün Bayramova da "Şərq”ə açıqlama verdi:

"İnanın, mən onunla uzun illərdi yaxınam.
 Amma belə ağır durumda olduğundan xəbərsiz idim. Oğlunun xəstə olduğunu bilirdim. Elə özünün də xəstəliyindən xəbərim var idi. Amma bu qədər maddi sıxıntısı olduğunu bilmirdim. Mən də həmkarı, yaxın dostu olaraq ona kömək etməyə hazıram. İnanıram ki, dövlət səviyyəsində də Könül Xasıyevaya yardım göstəriləcək. Mən muğama dəyər verən hər bir azərbaycanlıdan Könül Xasıyevaya dəstək olmalarını xahiş edirəm”.

Tahirə