Tarif Şurasının səlahiyyətləri parlamentə verilsin

10 milyonluq xalqın gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, xalqı təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir

Parlamentin dünənki iclasında deputat Razi Nurullayev Tarif Şurasının ləğv edilməsini, səlahiyyətlərinin Milli Məclisə verilməsini təklif edib. Deputat qeyd edib ki, Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır, əsaslandırmalar da tutarlı deyil: “Dövlət müəssisələrinə külli miqdarda büdcə vəsaiti ayrılır və onlar da səmərəli işləmir. Dövlət onların götürdüyü kreditləri hələ 20-30 il bundan sonra da ödəyəcək. Yəni bizdən sonra gələn nəsil də onların kreditlərini ödəyəcək. Səmərə və effektivlik varmı?  Bahalaşma ona görədir ki, məhz ayrılan dotasiyalara görə əmək haqlarını və pensiyaları qaldırmaq olmur. Məhz ona görədir ki, uşaq pulu adı gələndə aidiyyəti vəzifəli şəxslər qulaqlarını tutur”. 

Parlament üzvünün qənaətincə, bu qərarlar 20 il öncə verilməliydi:

“Əgər populyar olmayan qərarlar 20 il öncə verilsəydi, vətəndaşlar fərqli və sosial cəhətdən rifah halında yaşayardılar. Yüz milyonlarla vəsait və kreditlər havaya sovrulmazdı, oğurlanmazdı və xaricə daşınmazdı. Xalq gözünü neft şirkətinə dikib, o belə dövlət büdcəsindən dotasiya alır. Belə yanaşma dünyada varmı? AZAL büdcənin pulu və dövlətin zəmanəti ilə təyyarə alır, biz də basa-basa gedib Tiflisdən uçuruq. 10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, xalqı təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir. İnanıram ki, bu qərarın mənfi təsirini azaltmaq üçün hökumət tərəfindən əlavə sosial qərarlar və paketlər hazırlanacaq. Milli Məclis də bu yöndə lazımi müzakirələri keçirməlidir”.