Tarixçi-alimdən mühüm TƏKLİF: “Cümhuriyyət qurucularının ev muzeyi yaradılsın !”






2019-cu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi tamam olur. Cümhuriyyət dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olan Azərbaycan Respublikası AXC-nin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edib. O vaxtdan etibarən xalqımız 28 May gününü Respublika günü olaraq təntənəli şəkildə qeyd edir.

Ötən il Prezident İlham Əliyev cümhuriyyətin 100 illiyi ilə bağlı sərəncam imzalayaraq 2018-ci ili "Cümhuriyyət ili” elan edib. AXC-nin 100 illiyi ilə bağlı müxtəlif formatda tədbirlər də həyata keçirilib.

Maraqlıdır, builki tədbirlərin hansı formada keçirilməsi məqsədəuyğundur?

AXC-nin tariximizin ən şərəfli dövrünü təşkil etdiyini deyən tarixçi-alim Nəsiman Yaqublu "Sherg.az”a bildirdi ki, cümhuriyyətin elan edilməsi ilə ilk dəfə olaraq hüquqi prinsiplər əsasında milli demokratik dəyərlərə söykənən bir dövlət qurduq:

"Bütün tariximizə boylansaq, Xalq Cümhuriyyətinin ən şərəfli dövr olduğunu görərik. Cümhiryyətimizin dəyərlərini təbliğ etməli və bugünkü nəslə çatdırmalıyıq. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyatı, onların qoyub getdiyi zəngin irsi insanlarımıza çatdırılmalıdır. Onların fəaliyyəti, Cümhuriyyət quruculuğundakı rolu, göstərdikləri fədakarlıqlar təbliğ olunmalıdır. Çünki, bu, çox vacib məsələdir. 

Yeni nəslin tərbiyə olunmasında, formalaşmasında bu dəyərlər bizə mütləq lazımdır. Burada vətən sevgisi, Azərbaycanın ərazi bütövlüyü, ölkəmizdə yaradılan hüquqi dövlət məsələsi, vətənpərvərlik və.s var. Odur ki, biz Cümhuriyyəti nə qədər çox öyrənib həyatımıza daxil etsək, daha güclü və müqavimətli cəmiyyət qura biləcəyik. Dövlətçiliyimizin əsasını Cümhuriyyətin dəyərləri təşkil edir”.

Tarixçi təəssüflə qeyd etdi ki, Cümhuriyyətin təbliği ilə bağlı görülən işlər yetərli deyil:

"Cənab Prezident İlham Əliyevə Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzaladıqdan sonra təkliflər göndərmişdim. Təxminən 12-yə qədər təkliflər var idi. Təəssüflər ki, həmin təkliflərin çoxusu nəzərə alınmadı. Məsələn, təklif etmişdim ki, Cümhuriyyət qurucularının irsi, əsərləri heç bir problem olmadan nəşr edilsin və dövlət buna dəstək olsun. 

Bu gün mən M.Ə. Rəsulzadənin əsərlərinin 10 cildini hazırlayıram. 1 cildi çap olunub, indi 2-ci cild hazırlanır, 8 cild üçün isə materiallar toplayıram. Amma dövlət bu işlərin heç birinə dəstək göstərmir. Eləcə də Cümhuriyyətin digər qurucularının-Nəsib bəy Yusifbəylinin, Fətəli Xan Xoyskinin və digərlərinin əsərləri dövlət dəstəyi ilə çap edilmir.

Digər təklifim isə Cümhuriyyət qurucularının ev muzeylərinin yaradılması ilə bağlı olmuşdu. M.Ə.Rəsulzadənin, N.Yusifbəylinin, F.X.Xoyskinin nə ev muzeyləri var nə də abidələri. Bakı Dövlət Universitetinin qarşısında düz 30 ilə yaxındır ki, bir daş lövhə qoyublar və onun da üzərinə yazılıb: "Burada M.Ə. Rəsulzadəyə abidə qoyulacaq”. 

Özü də bu cümlə kiril əlifbası ilə yazılıb. Həmin lövhəni 30 ildir ki, nə oradan götürə bilirik, nə də abidəni yarada bilirik. O lövhə xalqımız üçün təhqirdir. Elə işlər var ki, onları etmək lazımdır. Həmin işlər bizim milli-mənəvi dəyərlərimizdir, əxlaqımızdır. Universitetdən hər gün minlərlə tələbə keçir, həmin lövhəyə baxanda haqqımızda nə düşünürlər?”.

N.Yaqublu bildirdi ki, onsuz da tarix kimin nə iş gördüyünü yaxşı bilir:

"Amma belə həqarətli münasibət düzgün deyil. Heç olmasa Cümhuriyyətin 101 illiyində və Bakı Dövlət Universitetinin 100 illiyində həmin daş lövhənin yerində Rəsulzadəyə bir abidə qoymaq olar. Çox işlər görülməlidir. Cümhuriyyət qurucularının məzarları Azərbaycana gətirilməlidir. 

Onlar haqqında heç sənədli film çəkilməyib, televiziyalarımız sistemli şəkildə onların təbliğatını aparmır, verilişlər verilmir. Bir tədqiqatçı kimi bütün bunlara narazılığımı bildirirəm. 

Fikrimcə, bu işləri daha sistemi şəkildə aparmaq lazımdır. Çünki bu bizim dövlətçiliyimiz üçün faydalı işdir. Bunları həm də dövlətçiliyimizin müdafiəsi mövqeyindən deyirəm. Dövlətin güclənməsi Cümhuriyyətin dəyərlərindən ibarətdir”.

Yeganə Bayramova