“Tarixi Şəxsiyyətlər” jurnalı Ərdoğandan yazıb




"Tarixi Şəxsiyyətlər” jurnalının növbəti buraxılışı işıq üzü görüb.

Sherg.az xəbər verir ki,  "Tarixi Şəxsiyyətlər” milli-mənəvi irsin öyrənilməsi üzrə beynəlxalq ictimai-siyasi aylıq jurnaldır. 

Baş redaktoru Xəlil Qarəhmədov olan jurnal ayda bir dəfə nəşr olunur. Nəşr Azərbaycandan başqa, Avropa və Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr də yayımlanır. 

Jurnalda yer alan məlumatlar rus dilində dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılır. Nəşrin hər buraxılışı hansısa bir ölkəyə və ya tarixi şəxsə həsr olunur.

 "Tarixi Şəxsiyyətlər” jurnalının sonuncu sayı Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. 

Nəşrdə türk dünyasında böyük nüfuza malik olan prezident Ərdoğanın keçdiyi ömür yolu, gərgin və keşməkeşli siyasi fəaliyyəti barədə ətraflı məlumatlar, məqalələr yer alıb. Jurnalın girişində qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan Vətən və millət qarşısında borcunu ləyaqətlə ödədiyi, milli-mənəviyyata və Türk-İslam mənəvi dəyərlərinə hörmətlə yanaşdığına görə "Tarixi Şəxsiyyətlər” tərəfindən "2015-ci ilin adamı” mükafatına layiq görülüb. Jurnalda həmçinin, türk dünyasının böyük oğlu - Mustafa Kamal Atatürk, Türkiyə-Azərbaycan münasibətləri, Türkiyə Cümhuriyyətinin qısa tarixi, Çanaqqala zəfəri, Ərdoğan və İlham Əliyev arasındakı səmimi dostluq münasibətləri haqqında maraqlı məqalələr və rəngarəng fortolar dərc edilib. Məqalələrdə Azərbaycan-Türkiyə arasında qardaşlıq əlaqələrinə diqqət çəkilib və vurğulanıb ki, ortaq dil, din birliyi, mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alıb: "Azərbaycan - Türkiyə münasibətlərinin inkşafında hər iki tərəf maraqlıdır. 

Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin "Bir millət, iki dövlət” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bugününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilir”. Jurnalda həmçinin, 15 iyul hərbi çevriliş cəhdini və türk xalqının möhtəşəm birliyini səciyyələndirən yazılar, Ərdoğanın son illər ərzində həyata keçirdiyi uğurlu xarici və daxili siyasət, həyata keçirdiyi iqtisadi islahatlar da öz əksini tapıb. Bununla yanaşı Türkiyədə təhsil, idman, turizm sahələri və qardaş ölkənin zəngin mətbəxi barədə oxuculara qeyri-adi məlumatlarla dolu məqalələr təqdim olunub. Jurnalda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərovun, BDU-nun professoru Əsədulla Qurbanovun, yazıçı-publisist Məmməd Əlizadənin və digərlərinin məqalələri də verilib.

İsmayıl