Təhsil və tibb müəssisələrinin təhlükəsizlik sistemində boşluqlar var - Gücləndirlməlidir !

Elmar Nurəliyev:“Bir çox məktəblərdə kənar şəxlərin, istər valideyn olsun, istərsə də taksi sürücülərinin məktəbin içərisinə rahat girib-çıxması danılmaz faktdır”"Hansısa müəssisədə qapıda bir nəzarətçinin olması o demək deyil ki, mühafizə etibarlı təşkil edilib"
Bu günAzərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktının növbəti ildönümüdür. Dəhşətli hadisədən artıq 10 il ötür. Faciəli hadisədən sonra ADNA və digər ali və orta təhsil müəssisələri təhlükəsizlik sistemini gücləndirmək qərarına gəldilər. Təbii ki, ali və orta məktəblərin, bağçaların, kolleclərin, səhiyyə ocaqlarının və s müəssisələrin təhlükəsizliyinin yüksək səviyyədə olması vacib məsələdir. Bəs, hazırda təhsil və tibb müəssisələrində təhlükəsizlik məsələləri necə təmin olunur?
Sualımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az”a bildirib ki, hansısa müəssisədə qapıda bir nəzarətçinin olması o demək deyil ki, mühafizə etibarlı təşkil edilib:
"Heç kim terror hadisəsindən sığortalanmayıb. Ancaq bu o demək deyil ki, əlimizi qolumuzu sallayıb deyək ki hadisə olsa onsuz qabağını ala bilməyəcəyik. Bunun üçün komplek təhlükəsizlik tədbirlər planı görmək lazımdır. Binanın fiziki olaraq qorunmasını təşkil etmək lazımdır. Qapıdakı nəzarətçi əlində silah ilə gələn terrorçunun qabağına necə çıxa bilər ? Çıxsa, terrorçu onu vurub sonra daxil olacaq. Demək ki, təhlükəsizlik daha geniş təşkil edilməlidir. İndi texnologiya dövrüdür. Elektron informasiya sistemlərinin, nəzarət müşahidə avadanlıqlarının , siqnalizasiya vasitələrinin köməkliyi ilə təhlükəsizlik tədbirləri görülməlidir. 
Təbii ki, cinayəti planlayan şəxs birbaşa obyektə gəlmir. O günlərlə, aylarla ölçüb-biçir, plan cızır, həmin yerə gəlib-gedir, nəyi necə etməyi və harada boşluqlar var onu özündə müəyyən edir . Baxın, bu əsasdır , terrorçu boşluqları müəyyən edir və daha sonra öz çirkin əməlini həyata keçirir. Deməli, əvvəl şərait yaranır sonra hadisə olur. Əgər həmin şəxs ora gələndə orada mühafizəni təşkil edən şəxslərin istər vizual, istərsə də nəzarət kamerası ilə baxanda diqqətini çəkir. Bu zaman həmin şəxs araşdırılır, kimdir, nəçidir, neçə dəfə burada görünüb, nə axtarır və.s suallar meydana çıxır. Bu, nəzarətçinin diqqətindən yayınmasa, o aidiyyətı üzrə qabaqcıl tədbirlər görər”.
Ekspert məktəblərin və universitetlərin mühafizəsinə həssas yanaşmağın vacibliyini də diqqətə çatdırdı:
"Yəni, təhsil alan şəxslərin yeniyetmə və gənclərdən ibarət olması, onların gözlənilməz neqativ hadisə vaxtı fövqaladə vəziyyətdə necə davranmaq lazım olduğunu bilməmələri, özlərini müdafiə etmək qabiliyyətlərinin tam formalaşmaması bu məsələyə daha ciddi yanaşmaq tələb edir. 2009-cu ildə Neft Akademiyasında baş verən dəhşətli terror aktı da onu göstərdi ki universitetlərdə , məktəblərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac vardır. Məktəblərdə təhlükəsizliyin təmin edilməsi qapıya nəzarətçinin qoyulması ilə həll olunmur. 
Bu da demək olar ki, bütün məktəblərdə yoxdur. Elə məktəblər var ki onları DİN-in mühafizə polisi qoruyur , elə məktəblər var ki, onlar qeyri-dövlət özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətlərlə müqavilə bağlayıb məktəbin mühafizəsini təmin edir. Bəzən də qapıya özlərinin işçisi olan gözətçini yaxud digər sahədə işləyən birini qoymaqla mühafizəni təşkil edirlər. 
Bu gün bir çox təhsil və tibb müəssisələrinə kənar şəxlərin , istər valideyn olsun, istərsə də pul müqabilində uşaqları məktəbdən evə gətirən taksi sürücülərinin məktəbin içərisinə rahat girib-çıxması danılmaz faktdır. Bilmək olmaz o valideyn kimi gələn şəxsin həqiqətən uşağı orda oxuyur ya içəri o adla girir. Ona görə kənar şəxsləri məktəbin içərisinə buraxmaq olmaz”.
E.Nurəliyev bildirib ki, idman dərslərində, informatika, fizika-kimya labaratoriyalarında, əmək dərsi otağında və hərbi dərslərin tədris olunduğu siniflərdə texniki təhlükəsizlik və əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayyət edilməlidir:
"Dərs başlamazdan qabaq nəzarətçilər tərəfindən məktəbin həyəti, mərtəbələri yoxlanılmalı, uçuq-sökük yer varsa , insan həyatı üçün təhlükəli hallar aşkar olunarsa, məktəb rəhbərliyinə məlumat verilib aidiyyətı üzrə tədbirlər görülməlidir. Hər gün məktəbdə hər mərtəbə üzrə müəllimlərdən növbətçiliyin təşkil olunması tənəfüs vaxtı şagirdlərə nəzarəti artırar və kənar şəxsi gördükdə onun kimliyi məktəbin nəzarətçisi ilə aydınlaşdırılar. O zaman bizim universitetlərin binalarının tikilişi vaxtı demək olarki təhlükəsizlik tədbirləri o qədərdə nəzərə alınmayıb. 
Elə universitetlər var ki yoldan birbaşa içəri girirsən. Yəni unuversitet qapalı bir yerdə deyil, hər tərəfi açıqdır. Beyində terror kimi bir dəhşəti seçmiş adam çöldən pəncərədən də içəri girə bilər. Daha sonra ehtiyat çıxış qapısının , içəridə fövqaladə vəziyyətdə hərəkəti göstərən traparetlərin, hər mərtəbədə fövqaladə vəziyyətdə səsgücləndiricinin olması və bunun sayəsində içəridəkiləri məlumatlandırmaq olar.
Neft Akademiyasındakı hadisədə içəridəkilərin məlumatsızlığından insan nə etməli olduğunu bilmir və özünü yuxarıdan aşağı atır. İçəridə mərkəzləşmiş siqnalizasiya sisteminin olması və yaxınlıqdakı DİN-in polis bölməsinə birbaşa bağlanılması hadisə vaxtı məlumatın daha operativ hüquq mühafizə orqanına ötürülməsini təmin edər və qısa zaman ərzində polis əməkdaşları orada olarlar. Ona görə hesab edirəm ki, universitetlərdə bu kimi hallara diqqət yetirməlidir.
Azərbaycanda təhlükəsizliyi yüksək səviyyədə qorunun təhsil müəssələri də var. Buna xüsusi təyinatlı ali təhsil müəssələrini misal göstərmək olar. Onların təhlükəsizliyi digərlərindən fərqli olaraq daha ciddi təşkil olunub. Hesab edirəm ki, digər təhsil müəssələri də onların təcrübəsindən yararlana bilərlər. Ümumiyyətlə, heyacan siqnalı vaxtı nə etmək lazım olduğu barədə təhsil müəssələrində təlimlər keçirilməsi və bu təlimlərdə müəllimlərin də iştirakını daha məqsədə uyğun sayıram”.
Yeganə Bayramova