Təhsildə aparılan dəyişikliklər sosial partlayışla nəticələnir-EKSPERT





Azərbaycanda həm ümumi orta, həm də tam orta təhsil pilləsini bitirənlərə attestat veriləcək. 
Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov artıq şəhadətnamələrin olmayacağını və IX-XI sinfi bitirən şagirdlərə verilən sənədin də attestat adlanacağını deyib.

Şəhadətnamənin ləğv edilərək tam orta və ümumi orta təhsil səviyyələri üzrə yalnız attestatın verilməsinin təkmilləşdirmənin nəticəsi olduğunu vurğulayan şöbə müdirinin sözlərinə görə, yeni attestatlar əvvəlki təhsil sənədlərindən daha da rahatdır. Forması və içərisinin məzmunu dəyişilib. Sənədin məzmunu daha səlis və rahat formada yazılacaq: "Əvvəllər buraxılış imtahanın nəticələri qiymətlə - "2”, "3, "4” və "5” yazılırdı. Amma yeni attestatlarda buraxılış imtahanı keçirilən fənlər üzrə qiymətlər balla yazılacaq. Qiymətlərin bala uyğun olaraq necə hesablanacağı hələlik məlum deyil. Amma 100 ballıq sistemdə "4”, "5” və digər qiymətlərin hansı bala uyğun tutulacağına dair ayrıca təlimat olacaq. İlik qiymət isə elə əvvəlki qaydada yazılacaq”

Qeyd edək ki, şöbə müdiri təhsil sənədlərində bu kimi dəyişikliklərin edilməsinin gələcəkdə vahid imtahanın tətbiq olunmasına heç bir aidiyyatı olmadığını desə də, sözügedən dəyişiklik sosial şəbəkələrdə buraxılış imatahanları ilə qəbul imtahanlarının birləşdirilməsinə hesablanmış növbəti addım kimi qiymətləndirilib. 

Təhsil eksperti Nabatəli Qulamoğlu Sherg.az-a bildirib ki,  attestatlarda 100 ballıq sistemə keçidə səbəb qəbul imtahanları ilə buraxılış imtahanlarının nəticələri arasındakı fərqi konkretləşdirməkdən ibarət ola bilər. Yəni ki, abitruyentlərin qəbul imtahanlarında topladıqları ballarla buraxılış imtahanlarında topladığı ballar qarşılaşdırılacaq və fərq nisbəti müəəyən ediləcək: 

" Məsələnin bir tərəfi də təhsil sistemində baş verən dəyişikliklərin sosial partlayışlarla nəticələnməsidir. Hesab edirəm ki, bu dəyişikliklər ciddi sosial narazılıqla nəticələnsə, dərhal dayandırıb. əvvəlki sistemə qayıdacaqlar. Bunu tam əminliklə deyirəm!”

Dünyanın aparıcı ölkələrinin hamısında buraxılış imtahanları ilə qəbul imtahanlarının birgə keçirildiyini vurğulayan təhsil eksperti sözlərinə görə, vahid imtahan sistemi dövlət büdəsi üçün sərfəli olduğu üçün imtahanlar biləşdirilməlidir: "Amma sual doğuran əsas məsələ imtahanların birləşdirilməsi üçün Azərbaycanda mövcud şəraitin olub- olmamasıdır. Mənim şəxsi qənaətimcə, hələ ki, biz o sistemə hazır deyilik. 5-6 il öncə də bu istiqamətdə müəyyən fikirlər səsləndirilirdi. Hətta sabiq təhsil naziri Misir Mərdanov açıqlama da vermişdi ki, biz buraxılış imtahanları ilə qəbul imtahanlarının nəticələrini yaxınlaşdırmağa cəhd etsək də buna müvəffəq ola bilmirik. Aradan neçə il keçməsinə baxmayaraq yeni nazir də bu çatışmazlığı aradan qaldıra bilməyib”.

Buraxılış imtahanlarının attestat vermək üçün olduğunu vurğulayan ekspert deyib ki, dövlətin siyasəti hər bir gənci attestatla təmin etmək istiqamətində formalaşıb. Əgər abituriyentlərə buraxılış attestatları paylanırsa, onda təbii ki, qəbul imtahanları ilə buraxılış imtahanları arasında müəyyən fərqlər olacaq: "Bu baxımdan qəbul və buraxılış imtahanlarının mahiyyətində ciddi fərqlər var. Buraxılış imtahanları sadə suallardan ibarətdir və görüntü xarakterli olur. Qəbul imtahanlarında isə suallar çox sərt qoyulur və bu iki imtahan arasında köklü fərqlərin olması ortaya çıxır. İndi isə fikirləşirlər ki, bu iki imtahanı birləşdirsinlər, həm də büdcəyə xeyir olsun. Digər tərəfdən bu imtahanın nəticəsində həm attestat verilsin, həm də qəbul keçirilsin. Bunun üçün vahid forma yoxdur. Azərbaycanda hələ ki, bu iki imtahanı birləşdirmək prosesi çətin görünür. Amma bu proses gec-tez reallaşacaq”.

Şəymən