
Təkqapı oynayacaqsansa, tamaşaçı sənə niyə baxsın?
Tənqidi fikri olan insanları da efirə dəvət etməyin vaxtı gəlibQoy fərqli fikirlər də olsun. Müxtəliflik, rəngarənglik və irəliləyiş müxtəlif fikirlilikdən doğur
(əvvəli ötən sayımızda)
Yerli telekanallardan, xüsusilə də özəllərdən artan narazılıq, nəhayət, bədii şuraların yaranması zərurətini gündəmə gətirdi. Və sevindirici olan da budur ki, bədii şuralar formalaşdı. Niyə məhz özəl televiziyalardan daha çox narazılıq olduğunu vurğuladıq, çünki Azərbaycan Dövlət Televiziyası özünün bir əsrlik təcrübəsinə əsaslanaraq istər proqram siyasətində, istərsə də əyləncəli verilişlərin hazırlanmasında milli adət-ənənələrə, dəyərlərə ən çox sadiq qalan televiziyadır. Peşəkarlıq da burada öz sözünü deyir. Diktorların nitq mədəniyyəti, aparıcıların professionallığı, siyasi, ictimai biliklərə malik olmaları və əlbəttə ki, mövcud ənənələr Azərbaycan Dövlət Televiziyasını ən baxımlı kanal edib. Halbuki, özəl televiziyalar daha müstəqildir, daha sərbəstdir, düşüncəsi onların tamaşaçı auditoriyasını artırmalı idi. Auditoriya isə bir-iki dəfə aldana bilər, istədiyini görə bilməyən və ya, gec-tez bayağılıqdan bezən tamaşaçı yenə pultun düymələrində «1»i - «doğma televiziya»nı - AzTV-ni seçir. Bununla, özəl telekanalların fəaliyyətini sıfırlamaq niyyətində deyilik. Özəl televiziyalarda da baxımlı, düşündürücü, insanı ekran qarşısına kilidləyən proqramlar, tok-şou və əyləncə proqramları var. Lakin bəzi hallarda efir mədəniyyətinin pozulması, aparıcılar, verilişə dəvət olunmuş qonaqlar tərəfindən etik çərçivələrin aşılması, kobud səhvlərə yol verilməsi halları da yaşanır.
Bu baxımdan telekanallarda bədii şuraların yaradılması xəbərindən ilk sevinənin tamaşaçılar olması da həqiqətdir. Tamaşaçı düşünür ki, televiziyalarda efirə gedəcək proqramlar artıq mütəxəssislər tərəfindən bəyəniləcək, əyər-əskiklər düzələcək və ortaya keyfiyyətli məhsul qoyulacaq.
Xatırlatmışdıq ki, Azərbaycan Dövlət Televiziyası yenə öncüllük edib və Bədii Şura üzvləri regionlara səfərə çıxıb, ilk dayanacaq da qədim Gəncə şəhəri olub. Dövlət başçısının tapşırığına əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın üzvlərinin regionlara səfərə çıxmasında məqsəd tamaşaçıların rəyini yerində öyrənmək, onların irad və təkliflərini dinləmək, gələcək fəaliyyətdə tamaşaçıların arzu və istəklərinin nəzərə alınmasıdır.
Görüş barədə yayılan xəbərdə bildirilir ki, televiziya daim inkişaf etməli, günün tələblərinə cavab verməlidir. Tarixi ənənələrə malik Azərbaycan Televiziyası forma və məzmun baxımından yeni verilişləri tamaşaçılara təqdim edir. Tamaşaçıların rəy və təkliflərini öyrənmək məqsədilə televiziyanın nəzdində yaradılan Bədii Şuranın üzvləri Gəncədə oldu. Tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar belə görüşlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladılar.
Görüşdə tamaşaçıların irad və təklifləri dinlənildi.
Açıq dialoq şəraitində keçən görüşdə Bədii Şura üzvlərinin iştirakı ilə konsert proqramı da təşkil edildi.
Qeyd edək ki, bədii şuraların yaradılması nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir, bədii tərtibatla bağlı şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.
Şuralarda kifayət qədər tanınmış simalar təmsil olunur. Məsələn, AzTv-nin Bədii Şurasında müğənni, Xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, Xalq artisti Siyavuş Kərimi, bəstəkar, Xalq artisti Faiq Sücəddinov, xanəndə, Xalq artisti Mənsum İbrahimov, şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, Xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, Xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, Xalq artisti Təranə Muradova, tarzən, Xalq artisti Ramiz Quliyev təmsil olunur.
«Xəzər» televiziyasında yaradılmış Bədii Şurada 12 nəfər təmsil olunur; «Xəzər TV»nin prezidenti Şamxal Həsənli, Xoşqədəm Hidayətqızı, kulturoloq Fuad Məmmədov, millət vəkilləri Elman Nəsirov, Elmira Axundova, Qüdrət Həsənquliyev, Nizami Cəfərov, Novruz Aslan, yazıçı Həmid Herisçi, Xalq artistləri Həmidə Ömərova, Nazpəri Dostəliyeva, kinoşünas Ayaz Salayev.
«Azad Azərbaycan» Müstəqil Teleradio Kompaniyasının nəzdində yaradılmış Bədii Şurada Etibar Babayev, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, Xalq artisti Oqtay Mirqasımov, prodüser, Xalq artisti Murad Dadaşov, Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vahid Əziz, Xalq artisti Faiq Ağayev, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar artist Azad Şükürov, Əməkdar artist Gövhər Həsənzadə, Dövlət Rəssamlıq Akademiyasının professoru, Xalq rəssamı Arif Hüseynov, Xalq artisti İlham Namiq Kamal, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Musiqi Akademiyasının professoru Xuraman Qasımova, Xalq artisti, tanınmış kinorejissor Ramiz Fətəliyev təmsil olunurlar.
İctimai rəy mütləq öyrənilməlidir
Televiziyalarda yaradılan bədii şuralarla bağlı «Şərq»ə danışan Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, İctimai Televiziya və Radionun Yayım Şurasının üzvü Azər Həsrət bədii şuraların fəaliyyətinin nəticə verməsi üçün bir neçə amilin mütləq nəzərə alınmalı olduğunu dedi:

- Birincisi, nəzərə almalıyıq ki, ortada iradə nümayişi var. Televiziyalar öz nəzdində bədii şuralar yaratmaqla iradə ortaya qoyublar və bu da çox sevindiricidir. Şuraların formalaşmasına ictimai rəydə çəkisi olan şəxslər cəlb edilib. Buna görə də bədii şuraların fəaliyyətindən müsbət nəticə, uğur gözləməyinə dəyər.
İkincisi, Şura üzvləri bəlli qrafikə uyğun vaxtaşırı toplanacaq, müzakirələr aparacaqlar, bunu özləri də verdikləri müsahibələrdə, rəylərdə bildiriblər. Amma burada bir vacib məqam var; Bədii Şura üzvləri ictimai rəyə təsir edə bilən şəxslərin fikirlərini də mütləq dinləməlidirlər. Yəni televiziyalarda yaradılmış bədii şuralarda təmsil olunmayan, lakin ictimai rəyi bilən, cəmiyyətin maraqlarından xəbərdar olan insanlarla mütləq təmas qurulmalıdır. Cəmiyyətdə söz sahibi olan insanlar var. Onların fikri dinlənilməli, təkliflərinə ciddi yanaşılmalıdır. Bədii şuralarda təmsil olunmaq hələ cəmiyyətin nə istədiyini, nəyi bəyənib, nəyi bəyənmədiyini bilmək deyil deyil. Bədii şuralar cəmiyyətdən gələn mesajları bilməli və fəaliyyətlərini buna uyğun təşkil etməlidirlər. Bədii şuralarda təmsil olunanların hər birinə böyük hörmətim, sayğım var, hamısı – birər-birər öz sahəsinin peşəkarı, ustasıdırlar. Lakin bu, Bədii Şura üzvlərinin müstəqil, yalnız özünün doğru bildiyi kimi hərəkət etməsinə heç bir halda əsas verməməlidir. Çünki televiziya ictimai maraqları təmin edən kütləvi yayım vasitəsidir. Sizə bir örnək verim: mən İctimai Televiziyanın Yayım Şurasının üzvü seçilmişəm. Media təmsilçisi olaraq. Yayım Şurasının 9 üzvü var. Tutalım mən ictimai rəyi bilirəm, aktivəm, ictimai-siyasi prosesləri yaxından izləyirəm və sairə. Amma bu, onu deməyə əsas vermir ki, mən 1000-lərlə sayı olan jurnalist ordusunun adından danışa bilərəm və ya onların fikirlərini bilə bilərəm. Mən sadəcə, vəzifəm gərəyi ictimai fikri öyrənməyə səy göstərirəm, çalışıram. Rəyləri öyrənirəm və bundan fəaliyyətimdə istifadə edirəm. Düşünürəm ki, Bədii Şura üzvləri də mütləq ictimai rəyi öyrənməlidirlər. Bunsuz irəliləyiş çətin olacaq.
Televiziyalarda tənqidi fikirlərə də yer verilməlidir
A.Həsrət bildirdi ki, televiziyalarımızın yüksək səviyyəyə nail olması daha geniş açılımdan keçir:
- Kütlə ifadəsini heç vaxt sevməmişəm. Televiziya və radio üçün kütlə yox, auditoriya anlayışı var. Tamaşaçı və dinləyici auditoriyası. Auditoriyanın rəyini öyrənmək əsas məsələdir. Axı nəticədə milyonları hədəfləyirlər, elə deyilmi? Bəs necə olar ki, televiziya milyonları ekran qarşısına cəlb etməyi qarşısına məqsəd qoysun, lakin milyonların rəyindən xəbərsiz olsun. Məsələn, İsmayıl Ömərov İctimai Televiziyaya rəhbərlik etdiyi vaxtlarda, mənə müraciət etdi ki, bir həftə davamlı İTV-ni izləyin, qüsurları, nöqsanları, müsbətləri də göstərin. Mən də bir həftə monitorinq apardım, nəticələri təqdim etdim, redaktorları topladı, tənqidləri dinlədilər, müzakirə apardıq, sonra mən toplantını tərk etdim, rəhbərlik bu dəfə yalnız redaktorlarla toplantını davam etdirdi. Yəni dediyim odur ki, ictimai rəyi öyrənməyin müxtəlif metodları, variantları var. İctimai rəyin önündə gedən insanlar var. Onları işə cəlb etmək lazımdır. Məsələn, hamımızın yaxşı tanıdığımız Osman Gündüz, bilirəm ki, yerli TV-ləri davamlı izləyən şəxsdir. İntellektual səviyyəsinə də söz ola bilməz. Eləcə də Ələsgər Məmmədli. Müxalif fikirli olanda, nə olar?! Qoy fərqli fikirlər də olsun. Müxtəliflik, rəngarənglik və irəliləyiş müxtəlif fikirlilikdən doğur. Tənqidi fikri olan insanları da efirə dəvət etməyin vaxtı gəlib. Belədə televiziyalarımız çox böyük auditoriya toplaya bilər. Yoxsa, sən, təkqapı oynayacaqsansa, tamaşaçı niyə sənə baxsın?!
Bayağılıqdan intellektuallığa keçid zamanıdır
Televiziyalardakı nöqsanlarla bağlı fikrini bildirən A.Həsrət bir neçə məqamı qeyd etdi:
- Azərbaycan Dövlət Televiziyasında yaxşı işlər görülür. Müsbət irəliləyişlər çoxdur. Məni narahat edən ən böyük məsələ Az.TV-nin səhər efirinin xarici musiqilərlə doldurulmasıdır. AzTV-nin «Səhər» proqramı dinamikliyi ilə seçilir, lakin görüntünü pozan xarici musiqiyə həddindən artıq yer verilməsidir. Məncə, milli televiziya, həm də dövlət televiziyası belə məsələlərdə hədsiz həssas davranmalıdır. Eləcə də İTV-nin də xarici musiqiyə meyilliliyini qeyd etmişəm və irad bildirmişəm. Bəlkə də xarici musiqi səsləndirməklə çağdaş auditoriyanı toplamağı hədəfləyirlər, amma belə yanaşma yanlışdır. Televiziyanın üstünlüyü budur ki, onun auditoriyanı formalaşdırmaq gücü var. Bu gücündən düzgün istifadə edən TV, öz auditoriyasını toplaya bilir.
Xarici musiqini bol etməklə tamaşaçı toplamaq yanlış taktikadır. Milli və dövlət telekanalı olan AzTV və ictimai kanal olan İTV bu məsələlərə ciddi fikir verməlidir. İnsanlarımızın zövqünün formalaşmasında milli musiqiyə üstünlük verilməlidir. Televiziyalarımızın «bozbaş» proqramlardan intellektuallığa dönməyinin zamanı çoxdan çatıb artıq. Bilirəm, özəl telekanallar şou-proqramları maliyyə məsələlərinə bağlayır, reklam əldə etmək, tamaşaçı toplamağı əsas gətirir. Amma kim deyir ki, şou proqramlar mütləq «bozbaşyana», yaxud şit, bayağı olmalıdır? Şou proqramları da səviyyəli və intellektual, ziyalı insanların izləyə biləcəyi səviyyədə tərtib etmək mümkündür. Niyə Azərbaycan tamaşaçısı, Acun İlıcalının aparıcılıq etdiyi «O səs Türkiyə», «Yetənək sizsiniz» və sairə proqramlara baxır, halbuki onlar da şou verilişlərdir, amma bizim yerli telekanallarda yayımlanan bu tip proqramlara baxmağa həvəsi olmur? Deməli, səviyyə məsələsi var. Məsələn, mən yerli serialların heç birini izləmirəm. Mənim hazırda izlədiyim və hər hansı bölümünü qaçırmamağa çalışdığım iki film var; TRT-də yayımlanan «Diriliş; Ərtuğrul» və «Paytaxt Əbdülhəmid». Mən bir azərbaycanlı və İTV Yayım Şurasının üzvü olaraq niyə xarici televiziyanı izləməliyəm? Çünki öz telekanallarımızda bu filmlərə alternativ ola biləcək filmlər, seriallar yoxdur. Niyə bizdə tutalım, «Səfəvilər»lə bağlı serial çəkilmir.
Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti neçə seriyalı film üçün ən gözəl mənbədir. Necə maraqla izlənər, Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illər, Azərbaycana qarşı məkrli torpaq itkisi planları və sairə. Belə məsələlər ortaya qoyularsa və həllinə çalışılarsa, inanın, televiziyamızda köklü dəyişikliklər baş verər. Demirəm, birdən-birə «bozbaş» verilişlərə əlvida deyilsin. Bunu mərhələ-mərhələ həyata keçirmək lazımdır. Məsələn, televiziyalar gündəmi zəbt edən hadisələri efirə versələr, həm xəbər siyasətində dinamiklik olar, həm də tamaşaçı marağı ödənmiş olar.
Hazırda sosial media üzərindən canlı yayımlar təşkil edən saytlar var. Onlara minlərlə insan baxır, izləyici sayı dayanmadan artır. Yayım bitdikdən sonra sosial şəbəkədə müzakirələr davam edir. Televiziyalar çalışmalıdır ki, tamaşaçını onlayn media üzərindən efirə yönəltsin. O zaman əlbəttə, televiziyalar da daha çox tamaşaçı auditoriyası toplayacaq. Belədə ucuz şoularla maddi gəlir əldə etmək də lazım gəlməyəcək.
Məlahət Rzayeva