"Tibbi sığortaya dair xarici ekspertlərin dəvəti işin xeyrinə olacaq"




Tibbi sığorta ilə bağlı xəstəxanalara xarici ekspertlər cəlb ediləcək. Bu barədə ictimaiyyəti məlumatlandıran İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin sözlərinə görə, icbari tibbi sığortanın pilot layihə şəklində icrasına başlanan Mingəçevir və Yevlax rayon xəstəxanalarına ixtisaslı həkimlər və türkiyəli ekspertlər cəlb ediləcək.

Z.Əliyev bildirib ki, regionlarda kifayət qədər ixtisaslı həkimlər olsa da, hazırda Mingəçevir və Yevlax rayon xəstəxanalarında İcbari tibbi sığortanın baza zərfində təklif edilən müəyyən xidmətlər göstərilmir. Bu da əsasən xəstəxanalarda avadanlıq çatışmazlığı, ya da həmin xidmət üzrə həkimin olmaması ilə bağlıdır. Agentlik direktoru deyib ki, buna görə Bakı şəhərindən daha ixtisaslı həkimlər mütəmadi olaraq rayonlara cəlb ediləcək: "Bu həkimlər davamlı şəkildə həftənin bir neçə günü həmin xəstəxanalarda vətəndaşlara xidmət göstərəcəklər. İkincisi, xarici ekspertləri dəvət etməyi planlaşdırırıq. Daha çox üstünlük türk ekspertlərinə veriləcək. Türkiyədən dəvət edilmiş mütəxəssislər tibb personalına təlimlər keçəcək. Səhiyyə Nazirliyi ilə də danışıqlarda bu məsələni qeyd etmişik və tam dəstək göstərməyə hazırdırlar”.

Son illər Azərbaycan səhiyyəsinin ən müasir avadanlıqlarla təmin olunduğunu vurğulayan tibb eksperti, həkim-terapevt Şəmsiyyə Namazovanın sözlərinə görə, regionlarda və paytaxtda yeni istifadəyə verilən klinikaların hər biri yüksək tibbi avadanlıqlarla təchiz olunub: 

"Ola bilsin ki, rayonlarda həmin avadanlıqlarla işləməyi bacaran ixtisaslı həkimlər yoxdur deyə, əlavə dəstəyə ehtiyac duyulub. Bu problemi rayonlarda fəaliyyət göstərən həkimləri xarici kurslara göndərməklə də aradan qaldırmaq olar”.

Ekspertin sözlərinə görə, icbari tibbi sığorta sahəsində olmasa da, ümumi sığorta sahəsində Azərbaycan səhiyyəsinin kifayət qədər təcrübəsi var: 

"Bir neçə dövlət qurumlarının və ya böyük özəl şirkətlərin klinikalarla, xəstəxanalarla müqaviləsi var. Amma icbari tibbi sığortanın tətbiqi bizdə yeni olduğu üçün ola bilsin ki, müəyyən çatışmazlıqlar olsun. Bu baxımdan ilkin dövrdə xarici ekspertlərin müvafiq xəstəxanalara dəvət olunması və mütəxəssislərin tibbi personala təlimlər keçməsi başadüşüləndir. Hər halda onlar uzun illərdir bu prosesi tətbiq etdikləri üçün təcrübə mübadiləsi aparmaq görülən işin xeyrinə olar”.

Şəymən