Top atəşindən zərər görmüş evlər əvvəlki vəziyyətindən də yaxşı olacaq

Çünki təmas xəttində yerləşən kəndlərdəki evlər bizim üçün bir qala, qəsr rolu oynayır




Gələn il Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən kəndlərin bərpasına vəsait ayrılacaq. Bu, Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2017-ci ildə Dövlət İnvestisiya Proqramının istiqamətlər üzrə bölgüsünə dair layihə sənədinə əsasən dövlət əsaslı vəsait qoyuluşu hesabına ərazilərin bərpası, yenidən qurulması və fövqəladə halların aradan qaldırılması yönümlü layihələr üzrə proqnozlaşdırılmış 1 mln. manat vəsaitin Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttindən 3 km-lik məsafədə yerləşən kəndlərin bərpası istiqamətində istifadə olunması nəzərdə tutulub.

Aprel döyüşlərindən sonra təmas xəttində, xüsusi ilə də Ağdam və Tərtərin təmas xəttinə yaxın olan kəndlərində düşmənin atdığı zərbələrdən xeyli sayda evlərin zərər gördüyünü vurğulayan Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib ki, "4 günlük” müharibə başa çatan gündən etibarən həmin evlərin bərpasına start verildi: "Ölkə başçısının özü də düşmənlə üzbəüz dayanan səngərlərə gedərək xalqın yanında olduğunu göstərmiş oldu. Bu addım müharibə dəhşətlərindən sonra xalqımız və həmin bölgənin adamları üçün ən böyük psixoloji dəstək idi. Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən kəndlərin bərpasına ayrılacaq vəsait kimlərəsə kiçik görünə bilər, amma kifayət qədər ağır və mürəkkəb illərdə yaşadığımızın fərqində olmalıyıq. Həm də ki, dövlət büdcəsindən 2016-cı ildə Bərpa Agentliyinə ayrılan vəsaitlər hesabına yüzlərlə ev artıq bərpa olunub. Hökumət həmişə olduğu kimi, yenə də ermənilərin atəşi nəticəsində baş verən dağıntıların qarşısını almaq üçün tədbirlər görür və bundan sonra da görəcək. Çünki təmas xəttində yerləşən kəndlərdəki evlər bizim üçün bir qala, qəsr rolu oynayır. Həmin ərazilərdə erməni zərbəsindən ziyan görən evlərin dövlət tərəfindən təmir olunması isə orada yaşayan insanların özlərini təhlükəsiz hiss etməsinin mühüm vasitəsidir. Qarşılarında boşalan erməni kəndlərini görən Azərbaycan vətəndaşlarının dövlətin maddi-mənəvi onların arxasında durduğunu hiss etməsi Qarabağ uğrunda mübarizənin tərkib hissəsidir. Biz bu siyasətin davam etdiriləcəyinə əminik. Gələn ilin dövlət büdcəsindən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən kəndlərin bərpasına 1 milyon vəsaitin artırılması həm də bizi gözləyən Qarabağ savaşında baş verən dağıntıların dövlət tərəfindən aradan qaldırılacağının mesajıdır. Ermənistan hökumətindən fərqli olaraq, Azərbaycan hökumətinin imkanı var ki, ermənilərin atdığı top atəşlərindən zərərçəkmiş bütün evləri əvvəlki vəziyyətindən də daha yaxşı vəziyyətə salaraq təmir edib sakinlərə qaytarsınlar. Talış kəndindən çıxan insanların informasiya vasitələrində öz hakimiyyətləri əleyhinə ciddi ittihamlar irəli sürdüklərinin hər birimiz şahidi olduq. Ermənilər 1-ci Qarabağ savaşında guya qalib gəlsələr də, bizim torpaqlarımızda yaşamaq planları yoxdur. Daha doğrusu, bunun üçün gərəkli olan iqtisadi güc onlarda yoxdur. Talış kəndi 4 günlük savaş zamanı çox böyük dağıntılara məruz qaldı. Amma ermənilərin həmin kənddə dağıntılara məruz qalan evləri bərpa etməyə imkanları olmadı. Onlar səngərdə dayanan əsgərlərinin hərbi təchizat problemlərini belə Rusiyanın köməyi olmadan həll edə bilmirlər. Dağılan evləri necə təmir etdirsinlər?”.

Şəymən