Metrostansiyalarda sərnişinlərin məsuliyyətli olması vacibdir
Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında qatar sərnişini vurub.
Sərnişinlərin məlumatına görə, hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb. Təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqə sonra çatıb. Qadın xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Qurum rəsmisi bildirib ki, xəsarət alan şəxs 50-55 yaşlı Adıgözəlova Rəfiqə adlı xanımdır: "O, təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə qatar platformaya daxil olarkən bədbəxt hadisə baş verib. Qatar xanımı vurub. Həmin an Təcili yardım çağrılaraq onu xəstəxanaya aparıblar”.
Bu hadisədən sonra metroda sərnişinlərin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib. Belə ki, bir sıra ölkələrdə sərnişinlərin təhlükəsizliyi baxımından platformanın kənarlarında xüsusi sədlər çəkilir. Boşluqlar yalnız qatarların qapısının açılan hissəsində olur.
Bəs, görəsən, Bakı metrosunda belə sədlərin quraşdırılmasına ehtiyac varmı? Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə metro platformasında təhlükəsizlik sədlərinin çəkilməsinə dünya təcrübəsində rast gəlindiyini deyib:
"Köhnə metrostansiyalarda bu cür təhlükəsizlik sədləri olmasa da, artıq bir çox ölkələrdə yeni metrostansiyaların tikintisi zamanı şüşədən sədlər çəkilir. Tam təhlükəsizlik üçün sədd müəyyən hündürlükdə olur və şüşəbəndlərin qapısı da metro qatarlarının qapısı ilə paralel açılır. Yəni, həmin səddin qapıları elə yerlərə qoyulur ki, qatar dayanan zaman üst-üstə düşsün. Ancaq bu yalnız yeni istifadəyə verilən metrostansiyalarında mümkün olur. Məsələn, Parisdə metrostansiyalar çoxdan istifadəyə verildiyi üçün bu cür təhlükəsizlik sədləri yoxdur. Ancaq son 10-15 ildə tikilən metrostansiyaların hər birində həm əlilliyi olan insanlar üçün rahat infrastruktur, həm də təhlükəsizlik sədlərinin quraşdırılması nəzərə alınıb. Bizdə isə hələ ki, bu tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmayıb. Mövcud metrostansiyaların platformasında təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün əlavə vəsait lazımdır. Hansı ki, bu tədbirləri metro xətlərinin tikintisi zamanı həyata keçirsələr, daha az pul çıxardı. Onu da deyim ki, xaricdə yalnız metro stansiyalarında yox, yerüstü qatarlarda da bu tədbirlər görülür. Hətta aeroportlarda sərnişinləri bir terminaldan o birinə aparan "robot elektriçka”larda da təhlükəsizlik sədləri çəkilir”.
S.Məmmədov metrostansiyalarda təhlükəsizlik sədlərinin çəkilməsinin vacib olduğunu desə də, insanların da maksimum dərəcədə ehtiyatlı olmasının vacibliyini qeyd edib:
"Yəni biz bu gün təhlükəsizlik sədlərinin olmamasına görə Metropoliten rəhbərliyini günahlandıra bilmərik. Amma metro işçiləri müvafiq addımlarla bu cür təhlükələri önləyə bilərlər. Daha çox elanlar verməklə öz içlərinə məsuliyyətlə yanaşa bilərlər. Amma sıxlıq olan vaxtlarda bu da mümkün olmur. Odur ki, ən yaxşısı sərnişinlərin özlərinin məsuliyyətli olması lazımdır. Səbirsizlik edib, xətti keçmək, tunelə tərəf əyilmək düzgün deyil”.
Şəymən