Türkiyənin Kastamonu şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə təşkil olunmuş təntənəli mərasimlərə Azərbaycan jurnalistləri ilə yanaşı Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Moldova və Tatarıstandan 20-yə yaxın jurnalist qatılıb.
Mərasimlərə dəvət olunmuş «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı türk dünyasını təmsil edən bu jurnalistlərlə Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi barədə söhbət edib. Baş redaktor bu söhbətlərin nəticəsindən məyusluğunu gizlətməyib.
"Sherg.az"a verdiyi məlumatda A.Aşırlı bildirib ki, Qarabağ probleminin Avropanın siyasi mərkəzlərində daha çox müzakirə olunmasına diqqət göstərilir, ciddi fəaliyyət ortaya qoyulur, amma türk-islam dünyasının bir parçası olduğunu qəbul etdiyi ölkələrdə bu işin səviyyəsi çox aşağıdır.
Hətta SSRİ dönəmində bir yerdə olduğumuz Orta Asiya dövlətlərində də Azərbaycanın haqlı davası lazımınca obyektiv qiymətləndirilmir. A.Aşırlının sözlərinə görə, Özbəkistanı təmsil edən gənc reportyor Şirzad İkramutdinov söhbət zamanı Qarabağ konflikti barədə geniş məlumata malik olmadığını deyib. Çalışdığı informasiya agentliyində xəbərlər getdiyini söyləyib, amma Qarabağ konflikti barədə neytrallıq nümayiş etdirdiklərini bildirib:
«Mən bu münaqişədə kim haqlı, kimin günahkar olduğunu bilmirəm".
Tatarıstandan olan gənc xanım jurnalist də məlumatı olmadığı üçün Qarabağdan danışmayıb. Moldovadan olan «Qaqauziya xəbərləri» saytının əməkdaşı Alla Böyük isə bir neçə dəfə Azərbaycana səfər etdiyini qeyd edib, amma o da Qaqauziyada Qarabağdan daha çox Ukrayna və Rusiyadan yazmağı üstün tutduqlarını vurğulayıb.
Qaqauzlu jurnalistin fikrincə, Azərbaycan Moldovadan çox uzaqdır. Amma Qarabağ barədə də yazırlar: «Bilirik ki, kiçik konfliktlər olur, onda xəbər veririk». Özünün şəxsi fikrinə görə isə Alla Böyük Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Digər gənc qaqauzlu politoloq, siyasət yazarı Anatoli Tolmaç Qarabağ konfliktinin tarixini, yaranma səbəblərini daha yaxşı bilir. Hətta İranda - Cənubi Azərbaycanda 35 milyon Azərbaycan türkünün yaşadığını, üzləşdiyi çətinlikləri və beynəlxalq vəziyyəti təhlil edir. A.Tolmaçın dediyinə görə, Moldova kimi dövlətlər Qarabağ konflikti barədə neytrallığını qoruyub saxlayır və bu da dünyada erməni diasporunun fəaliyyətini yada salır:
«Rəsmi olmasa da, deyim ki, qaqauzlar eyni soykökə bağlı Azərbaycanı dəstəkləyir».
A.Tolmaç Azərbaycanı güclü dövlət hesab edir və hərbi potensialını çox yüksək qiymətləndirir.

Qazaxıstanlı jurnalist Tolqadan Baturxanın fikrincə, Qarabağın həlli yolu müharibə deyil, sülhdür. Azərbaycanın ədalətsiz müharibəyə cəlb olunmasına münasibət bildirən qazaxıstanlı jurnalist prosesin hansı istiqamətdə getdiyindən məlumatsızdır.
Çünki Qazaxıstan mətbuatı əsasən öz problemlərindən yazır və bir də ki, onun fikrincə, Qarabağ problemi digər dövlətə aiddir.
Qırğızıstanın rəsmi «Qırğız tusu» qəzetinin redaktoru Ernest Bolbakov isə Qarabağ konfliktinin mahiyyətini və Azərbaycanın haqlı mövqeyini bu cür açıqlayır: «Qarabağ türk sözüdür. Qarabağ türkcə qara və bağ sözlərindən götürülüb. Bu, torpağın sahibliyinin kimliyini göstərən faktdır. Ermənilərlə heç bir əlaqəsi, bağlantısı yoxdur». Qırğız türkləri bu konfliktən bəzi imperialist və maraqlı qüvvələrin istifadə etdiyini düşünür. Qırğız mediasının bu konfliktə həmişə toxunduğunu deyir: «Qırğızların böyük əksəriyyəti öz qardaşları azərbaycanlılıların yanındadır».
Türk dünyasından gəlmiş həmkarlarımızla söhbət bu acı gerçəyi ortaya qoyur ki, Avropadan ədalətli mövqe gözlədiyimiz halda, Qarabağ həqiqətlərini hələ öz din bir qan bir qardaşlarımıza lazımi səviyyədə çatdıra bilməmişik.
Məlahət Rzayeva