"Türkiyədəki referendum təkcə konstitusiyanın, idarəçilik formasının köklü dəyişimi deyil, eləcə də ölkənin regional və beynəlxalq münasibətlər sistemindəki yerini müəyyənləşdirəcək hadisədir”.
Bunu Sherg.az-a aprelin 16-da Türkiyədə baş tutacaq referendumla bağlı danışarkən millət vəkili Zahid Oruc deyib.
Deputat bildirib ki, referendumla bağlı reaksiyalar, təhlillər, rəylər kütləvi xarakter daşıyır və ölkə ərazisinin hüdudlarından qat-qat kənara çıxır:
"Dost və qardaş ölkə olaraq, Azərbaycanın münasibəti, azərbaycanlıların istəkləri Türkiyənin həyatındakı hansısa hüquqi-siyasi tədbirlərdən asılı olmayaraq dövlətçiliyinin möhkəm olması, vətəndaşın bu prosesləri qəbul etməsidir. Referendumdan sonra legitimlik fenomeninin qorunub saxlanması, Mustafa Kamal Atatürkdən bu yana cümhuriyyətçilik ənənələrinin hifz edilməsi əsas istəklərimizdəndir. Şübhəsiz, bu həm də ona görə lazımdır ki, Türkiyənin uğurları, əldə etdiyi nailiyyətlər, onun beynəlxalq nüfuzu Azərbaycanın da xeyrinə işləyir. Biz bundan dövlətimizin mənafelərinin həyata keçirilməsində yararlana bilirik. Digər tərəfdən uzun illər ərzində elə münasibətlər formalaşıb ki, bu kontekstdə düşünərkən, Türkiyənin sağlığını, hüzurunu, əmin-amanlığını, güclü olmasını istəyirik.
O da reallıqdır ki, buna "əvət və "hayır” deyənlər kimi deyil, bütövlükdə ölkədə qütbləşmənin dərinləşməsi və çox kəskin qarşıdurmaların yer aldığı proses kimi dəyərləndirməliyik. Çünki irəli sürülmüş dəyişikliklərin az olmasına baxmayaraq, fundamental yeniliklər mövcuddur. Bu ilk növbədə ondan ibarətdir ki, prezident üsuli-idarəsi bərqərar olunur. Və belə əsaslandırılır ki, bundan əvvəlki dövrdə əslində Avropada həyata keçirilən parlamentarizm modeli mövcud olmayıb. Tamam fərqli sistem həyata keçirilib. İ.İnönüdən bu yana formalaşdırılan model əksər hallarda Türkiyə xalqının gücünü sarsıdır. Müəyyən intensivlikdə qərarlaşa bilməmək, hökumətin öz funksiyasını yerinə yetirə bilməməsi, siyasi böhranlar indi mövcud olan konstitusiya quruluşunun ayağına yazılır.
Qarşı tərəf isə düşünür ki, qətiyyən belə deyil, Türkiyə xalqı "əvət” deməklə dünyanın normal demokratik ənənələrindən kənara çıxmış olacaq. Bu, Türkiyənin bir tərəfdən daxildə gücünü sarsıdacaq, müxtəlif etnik güclərlə üz-üzə qoyacaq, digər tərəfdən isə parlament ənənələrinin üzərindən xətt çəkəcək, kollegial idarəçilik sisteminin axırına çıxacaq. Həmçinin avtoritarizmi gücləndirəcək, "tək adam” modelini meydana çıxaracaq. Belə istiqamətdə ümumən fikirləri bir araya gətirmək mümkündürsə, bu yöndə mövqelərin şahidiyik”.
Hər iki mövqelərdə həqiqət payı yetərincə çox olduğunu söyləyən Z. Oruc diqqətə çatdırıb ki, R. T.Erdoğanın liderliyi illərində Türkiyə iqtisadi, siyasi, geopolitik uğurlara imza atıb:
"Dünyanın 20 inkişaf etmiş güclü ölkələri sırasına çıxmaq təsadüfi sayıla bilməzdi. Türkiyə iqtisadi, maliyyə qurumlarının qarşısındakı öhdəliklərindən xilas oldu. Daxildə insanların sosial rifahı gücləndi. Hətta qitələrarası layihələr gerçəkləşdirildi. Bununla bərabər bir sıra mənfi hallar da baş verdi ki, Türkiyə cəmiyyətində hadisələr reaksiyasız qalmadı. Müxtəlif qüvvələri anti-dövlət elan etməklə, onların üzərinə gedildi. "Barrioz” və "Ergenekon” əməliyyatlarından, sonra fetoçularla savaş Türkiyədə siyasi qütbləşməni dərinləşdirdi. Eyni zamanda hərbi qüvvələrin rolunun azaldılması fonunda bir sıra dairələr silaha sarılırlar və daxildə terrorçuların aktivləşdiyinin şahidi olduq. Bu isə şübhəsiz ki, Türkiyənin nüfuzu üçün zərbə oldu".
Parlament üzvü bildirib ki, Türkiyənin hazırkı həyatında baş verə biləcək dəyişiklər bütün digər metodiki qüvvələrin razılığı ilə reallaşdırıla biləcəksə, yeni çevriliş cəhdlərindən, silahlı savaşlardan qurtulmaq mümkün olacaq:
"Türkiyə üçün çağırışlar var, Türkiyənin daxilindəki Kürd probleminin və başqa problemlərin yola qoyulması lazımdır. Türkiyə ölkə içindəki məsələlərə başının qarışdığı dönəmdə həm Avrasiya, həm də bir sıra siyasətlərdən kənarda qala bilər. Bunu arzulamırıq və Türkiyənin 16 aprel referendumundan güclənmiş çıxmasını arzu edirik”.
Aysel Aslan