Türkiyənin bu qərarı ABŞ-ın yuxusuna haram qatıb - AKTUAL

Tofiq Abbasov: “ABŞ Türkiyənin Rusiyadan “S-400” raketlərini almasını məqbul saymır. Amerika çalışacaq ki, Rusiya ilə Türkiyə arasında nifaq salıb, gərginlik yaratsın”
Türkiyə müdafiə sistemini gücləndirmək üçün Rusiyadan "S-400” zenit-raket kompleksini almaqda qərarlıdır. Prezident Rəcab Tayyib Ərdoğanın müşaviri Fuat Oktay Türkiyənin müstəqil ölkə olduğunu bildirib.
Müşavir qeyd edib ki, Türkiyə havadan müdafiə sisteminə ehtiyacı yarandığı üçün Rusiyadan "S-400" zenit-raket kompleksi almağa qərar verib:
"Türkiyə hansısa bir anlaşmaya imza atırsa, sözünün üstündə dayanır. Biz "S-400” alacaq dediksək, alacağıq”.
ABŞ isə raketləri Rusiyadan alacağı üçün Türkiyəyə müəyyən təzyiqlər göstərir. Maraqlıdır, bu durum Türkiyə - ABŞ münasibətlərini daha da gərginləşdirə bilərmi?
Sualmızı cavablandıran politoloq Tofiq Abbasov "Sherg.az” bildirib ki, ümumiyyətlə, Ankara- Vaşinqton münasibətlərində gərginlik var.
Politoloqun qənaətincə, müəyyən konfliktin baş verməsi hər iki dövlətə öz təsirini göstərəcək:
"Çünki ABŞ Türkiyənin Rusiyadan "S-400” raketlərini satın almasını məqbul saymır. Hətta ABŞ deyirdi ki, Türkiyə NATO ölkəsi olaraq mövcud standartlardan uzaqlaşmalı deyil. Rusiyanın silahlar satması ilə bağlı ABŞ-ın xüsusi mövqeyi var. Məsələ ondadır ki, indi silah bazarında çox böyük sıxlıq müşahidə olunur. 
Rusiya bir növ neft-qaz ölkəsi olaraq enerji daşıyıcılarının ixracatından öz problemlərini həll edə bilir. Amerika Rusiyaya qarşı çox sərt sanksiyalar tətbiq edir ki, Rusiyanın iqtisadi vəziyyətini daha da zəiflətsin. Bütün hesablamalar ona tuşlanıb ki, Rusiyada xalqın narazılığı artsın və bununla da rejimi devirsinlər. Bu baxımdan Rusiyanın ağır silahların satılmasına böyük marağı var. Çünki "S-400” raketləri dünya bazarına çıxıb və bu rakterləri də istəyənlər çoxdur. Məsələn, Hindistan, Venesuella, İran və başqa ölkələr bu sistemlərin izinə düşüblər”.
Politoloq qeyd edib ki, Rusiya "S-400” raketlərini satmaqla özünün valyuta ehiyatlarını bərpa edir:
"Ona görə də təbii olaraq ABŞ çalışır ki, bu satışlar baş tutmasın. Çünki bir yandan Türkiyə Rusiya bazarına meyillilik göstərir, digər tərəfdən Rusiyanın valyuta ehtiyalarının bərpa olunmasına şərait yaranır. Və Rusiyanın Yaxın Şərqdə mövcudluğu ABŞ-ı narahat edir. Əlbəttə Amerika çalışacaq ki, Rusiya ilə Türkiyə arasında olan münasibətlərə nifaq salsın və gərginlik yaratsın”.
Yeganə Bayramova