Türkmənlər özləri bilər

Yerli-yersiz qadağalar insan psixologiyasını pozur
Tək qalmaq istəyən adam qulaqcığı olmasa da, bunun başqa bir yolunu tapacaq


Türkmənistan qadağaları ilə məşhurdur. Türkmənbaşı - Saparmurad Niyazov vaxtilə opera və baleti qadağan etdi. Qadınlar yalnız milli geyimlərdə, kişilər ağ köynək, qara şalvarda olmalıydı. Axşam saat 23:00-dan sonra küçəyə çıxmaq qadağan idi. Türkmənbaşının xələfi Qurbanqulu Berdimuhəmmədov da qadağalar seriyasını genişləndirib.

2018-ci ilin yanvar ayından Türkmənistanda qara rəngli avtomobillər qadağan edilib. 2015-ci ildən etibarən dövlət məmurlarına qara rəngli avtomobil qadağası qoyulmuşdu, bu ilin yanvarından isə artıq bütün əhaliyə həmin qadağalar tətbiq edilir. Deyilənə görə, Türkmənistan prezidenti artıq ağ rəngli xidməti maşından istifadə edir, onu müşayiət edən kortejdəki maşınlar da yalnız ağ rənglidir. Türkmənlər belə deyir: "ağ rəng adamı ağ günə çıxarır”. Başqa bir qadağa isə qulaqcıqlarla bağlıdır. Verilən məlumata görə, Türkmənistanda küçədə, parklarda qulaqcıq taxıb gəzmək qadağandır. Hökumət bu qadağanı belə əsaslandırır ki, qulaqcıqlar insanları cəmiyyətdən təcrid edir. İnsan ictimaiyyətin bir üzvü olduğunu unudur, bu da nəticə etibarilə cəmiyyətə münasibətdə laqeydliyə səbəb olur.
Bir tərəfdən baxanda qulaqcıqlar, həqiqətən də, insanları ətraf aləmdən təcrid edir. Xüsusən də, söhbət avtomobil yolunu keçməkdən gedirsə, təhlükə realdır. Dəfələrlə olub ki, qulaqcıqlı şəxs avtomobil yolunu keçərkən ölümlə üzləşib. Necə deyərlər, qulağı "zanit” olduğundan avtomobilin siqnal səsini eşitməyib. Belə hallar təkcə qulaqcıqlara deyil, mobil telefonlara da aiddir. Hazırda küçədə nə qədər insan görürük ki, əlində telefon ya danışa-danışa gedir, ya da diqqəti telefonda olur, mesajlaşır, yazışır... Ona tərəf gələn təhlükəni isə görmür. Metroda isə qulaqcıq taxmaq ümumiyyətlə, qadağandır. Bununla bağlı xüsusi xatırlatma da var. Əlbəttə, tamamilə anlaşılandır. Qulaqcıqlı sərnişin nə qatarın gəldiyini fərq edəcək, nə bələdçinin, nə də maşinistin hansısa xəbərdarlığını eşidəcək. Sırf təhlükəsizlik baxımından metroda qulaqcıqdan istifadə edilməməlidir. Amma bizim bəzi sərnişinlər bu qadağalara heç məhəl də qoymur. Hətta bəziləri təkcə özünə deyil, yanındakılara da konsert "verir”; musiqinin səsini o qədər yüksəldirlər ki, az qala bütün vaqon eşidir.

Məsələ ilə bağlı "Şərq”ə danışan psixoloq Fərqanə Mehmanqızı qadağaların heç də həmişə məqsədə müvafiq olmadığını dedi:

- Bəlli bir söz var ki, mənim azadlığım sənin azadlığın başlayan yerdə bitir. Yəni, insan öz azadlığını düşündüyü kimi, başqasının azadlığını da düşünməlidir. Kimsə metroda qulaqcıq taxıb yüksək səslə musiqiyə qulaq asır, amma bu musiqi yanındakı sərnişini narahat edirsə, bu, artıq ictimai normanın, insan azadlığının pozulmasıdır. Bütün insanların təməl haqlarını tanıyan və ətrafına laqeyd olmayanlar bu cür hərəkətlərə yol vermir. Belə edənlər ictimai fikri nəzərə almayanlardır. Türkmənistandakı qadağalara gəlincə, mən də eşitmişəm ki, orada bir çox qadağalar mövcuddur. İnsanların şəxsi əşyalarından istədikləri kimi istifadə etmək hüququ var. Qulaqcıq şəxsi əşyadır və hər bir şəxs onunla istədiyi kimi davrana bilər. Əgər qulaqcıq kiminsə azadlığını məhdudlaşdırmırsa, niyə qadağa qoyulmalıdır?!

Doğrudur, yolu keçəndə qulaqcıqlar insana həyatı bahasına başa gələ bilər. Amma baxın, Vyanada avtomobillərin siqnal verməsi qadağandır. Mən o şəhərdə olmuşam və bunu özüm müşahidə etmişəm. Təsəvvür etmək çətindir ki, o şəhərdə heç kim yol hərəkəti qaydasını pozmur. Avtomobillər də doğru hərəkət edir, piyadalar da yolu yalnız onlar üçün ayrılmış xüsusi keçidlərdən keçirlər. Mən qulaqcıqdan istifadə etmirəm. Çünki onun qulaq pərdəsinə ziyanını anlayıram. Amma kimsə qulaqcıq taxmaq istəyirsə, niyə qadağan edilməlidir? Bəzən xırda və gərəkli hesab edilən kiçik qadağalar kütləni bezdirir. Ümumi qadağalar üst-üstə gəlib bir gün sosial partlayışla da nəticələnə bilər. Bilmirəm, türkmənlər nə qədər səbirlidir, amma onlar da türkdürlər, türk qanının daşıyıcılarıdır. Emosionaldırlar. Hesab edirəm ki, yerli-yersiz qadağalar insan psixologiyasını pozur.

Qulaqcıqların cəmiyyətdən təcridə gətirib çıxardığı iddiasına gəlincə, F.Mehmanqızı qeyd etdi ki, ətraf mühitdən təcrid olunmaq istəyən bunun başqa yolunu da tapa bilər:

- İnsan fikirli olduqda özünə qapanıb gəzir. Qulaqcıq oldu olmadı, bu insanın fikri, diqqəti öz problemiylədir. İnsanın problemi varsa, özüylə baş-başa qalmaq istəyir, ətrafdakılarla danışmır, kənar gəzir. Tək qalmaq istəyən adam qulaqcığı olmasa da, bunun başqa bir yolunu tapacaq. Qulaqcıqlara qadağa qoymaqla insanları ictimailəşdirmək mümkün deyil.

Məlahət Rzayeva