Ümumxalq səsverməsi baş tutdu
Xarici müşahidəçilər seçicilərin yüksək fəallığından, referendumun qanunauyğun və yüksək səviyyədə təşkilindən razı qaldılar
Beynəlxalq anti-Azərbaycan şəbəkənin və onların daxildəki əlaltılarının ciddi-cəhdlərinə baxmayaraq, Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsi baş tutdu. Referendum ərəfəsində qərəzli şəbəkələrin ölkəmiz barədə formalaşdırmağa çalışdığı mənfi rəy, aparılan məkrli kampaniya istənilən nəticəni vermədi. Hər zaman olduğu kimi bu dəfə də beynəlxalq müşahidəçilər Azərbaycanın siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən ümumxalq səsverməsinə böyük maraq göstərdilər. Müxtəlif ölkələrdən gələn xarici müşahidəçilər seçicilərin yüksək fəallığını, referendumun qanunauyğun və yüksək səviyyədə təşkilini xüsusi qeyd etdilər. Səsvermə prosesini izləyən bütün beynəlxalq müşahidəçilər müsbət fikirlər bildirdi.
"Səsvermədə qanun pozuntusu aşkarlanmadı”
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESISC) baş katibinin müavini Vilyam Rasimora bildirib ki, Azərbaycanda keçirilən Referendumu ölkədəki siyasi stabilliyin zəmanəti hesab etmək olar. Onun sözlərinə görə, konstitusiya islahatları azadlıqların gücləndirilməsinə, demokratiyanın inkişaf etdirilməsinə yönəlib: "Bu dəyişikliklər ölkənin idarəetmə üsulunda mövcud boşluqları aradan qaldıracaq. Sözügedən dəyişikliklər həyati əhəmiyyət kəsb edir. Biz Referendumu diqqət mərkəzində saxladıq. Müşahidə qrupu 49 seçki məntəqəsində səsvermə prosesini müşahidə etdi və 5 məntəqədə səslərin sayılması prosesini izlədi. Heç bir məntəqədə qanun pozuntuları aşkar edilmədi. Səsvermə xalqın gözləntilərini doğrultdu. Ölkədəki sabitlik və sakitlik gözümüzdən yayınmadı”.
"Referendum xalqın iradəsini əks etdirir”
Finlandiyadan olan Paulina Haijanen bildirib ki, dəyişiklik suveren Azərbaycan dövlətinin qanunvericiliyinə uyğundur: "Dəyişikliklər ölkədə idarəçilik sisteminin gücləndirilməsinə, insan hüquqlarının qorunmasına xidmət edir. Səsvermə prosesi texniki və təşkilati baxımdan yüksək səviyyədə keçdi. Məntəqələrdə seçici aktivliyi yüksək oldu və səsvermə dinc şəraitdə baş tutdu. Polis və icra orqanları əməkdaşlarının heç bir müdaxiləsi müşahidə olunmadı. Hər kəs səsverməyə gələrək rahat şəkildə hüququndan istifadə etdi. Konstitusiyaya dəyişikliklərlə bağlı referendum tam legitimdir, xalqın iradəsini müstəqil şəkildə əks etdirir”.
"Referendum tamamilə legitimdir”
AŞ PA-nın Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski Azərbaycan xalqını dinc şəraitdə keçən referendumla bağlı təbrik edib: "Referendum Azərbaycan qanunvericiliyinə uyğun olaraq təşkil edilib və legitimdir. Biz xalqın iradəsinə hörmət edirik”. Onun sözlərinə görə, səsvermə prosesi şəffaf şəkildə təşkil olunub və səslərin sayılması zamanı ciddi pozuntulara yol verilməyib: "Bizim mandatımız seçki günlərinin monitorinqi və seçki təşviqatı ilə bağlı məsələləri araşdırmaq idi. Azərbaycan xalqının seçiminə hörmətlə yanaşırıq. Nümayəndə heyəti referendumun nəticələrinin xalqın iradəsini ifadə etdiyini və ölkənin sabitliyi üçün addım olduğunu hesab edir”.
"Səsvermədə pozuntu olmayıb”
Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov qurum adından seçici fəallığını yüksək qiymətləndirib. Müşahidə missiyasının üzvü Haluk İpək də bildirib ki, referendum çox yüksək səviyyədə təşkil olunub: "Səsvermənin nəticələri xalqın iradəsini əks etdirir. Referendumun nəticələrinə ciddi təsir edəcək hər hansı bir pozuntu müşahidə edilməyib. Bəzi texniki çatışmazlıqlar müşahidə edilib ki, bu da referendumun nəticələrinə təsir etməyib. Referendum beynəlxalq standartlara uyğun keçirilib”. Qeyd edək ki, bu, TürkPA-nın Azərbaycanda izlədiyi dördüncü seçkidir. Müşahidə missiyasının tərkibində Qazaxıstan, Türkmənistan, Türkiyə, Qırğızıstan millət vəkilləri daxildir.
"Dəyişikliklər islahatlar üçün bazis rolunu oynayacaq”
Moskva Dövlət Universitetinin postsovet məkanı üzrə tədqiqi Mərkəzinin direktor müavini Aleksandr Karavayev dövlət idarəçiliyi strukturunda vitse-prezidentlik institutunun yaradılması bu sistemin effektliyini artıracaq: "Referendum nəticəsində ediləcək dəyişikliklərdən sonra prezidentin verdiyi qərarlar realizə olunması üçün daha qısa yol keçərək effektiv olacaq”. Karavayev belə nəticəyə gəlib ki, dəyişikliklər islahatlar üçün baza rolunu oynayacaq və Azərbaycanın iqtisadi böhrandan daha az zərərlə çıxmasına şərait yaradacaq.
"Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir”
AŞ PA-dan olan müşahidəçi Sevda Gündüz bildirib ki, ümumxalq səsverməsi ilə bağlı məntəqələrdə yaradılan şərait, veb-kameraların quraşdırılması müsbət haldır. Onun sözlərinə görə, insanların azad şəkildə öz iradələrini ifadə etmək üçün məntəqələrdə yaradılan şəraitdən narazı qalmaq üçün əsas yoxdur: "Sevindirici haldır ki, referenduma seçicilərin marağı
yüksəkdir. Bu da referendum ərəfəsi insanların ümumxalq səsverməsinə çıxarılan dəyişikliklərlə bağlı geniş məlumat əldə etmələri ilə bağlıdır”.
"Müşahidə apardığımız məntəqələrdə qanun pozuntusunun şahidi olmadıq”
Avstriya Parlamentinin üzvü Qorburq Volfanq deyib ki, bəzi müxalif təşkilatlar, qeyri-hökumət təşkilatları düşünür ki, Azərbaycandan seçki ilə bağlı müsbət rəy üçün onlara rüşvət verilib: "Bizim obyektiv hesabatımız haqqında belə düşünmələrindən təəssüflənirik. 6 seçki məntəqəsində müşahidə apardıq. Heç birində qanun pozuntusunun şahidi olmadıq. Deyə bilərəm ki, olduğumuz seçki məntəqələrində seçici fəallığı yüksək idi, artıq seçicilərin dörddə bir hissəsi səs vermişdi”. Avstraliya parlamentinin müşahidəçi missiyasının üzvü Kreyq Kelli də deyib ki, Azərbaycanda referendum prosesi şəffaf keçir. O bildirib ki, Azərbaycanda referendumda şəffaflıq və prosesə nəzarət Avstraliyadakından yüksəkdir: "Məsələn, Avstraliyada şəxsiyyət vəsiqəsini tələb etmirlər. Missiya Bakı və Abşeron yarımadasında təqribən 10 seçki məntəqəsində oldu. Referendum prosesində çoxlu qadın iştirak edir ki, bu da məni sevindirir”.
"Referendum olduqca şəffaf keçdi”
Ümumxalq səsverməsində müşahidəçi qismində iştirak edən Fransa Senatının üzvü Natali Qule jurnalistlərə açıqlamasında Azərbaycanda görülən işlərin onu çox sevindirdiyini deyib: "Seçki tamamilə şəffaf keçib. Heç bir şikayət, narazılıq yoxdur. Hər dəfə Bakıya gələndə yeniliklərin şahidi oluram. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Bilirəm ki, ölkənizin uğurlarında birinci xanım Mehriban Əliyevanın da xidmətləri çoxdur”.
"Səsvermə çox yaxşı təşkil edilib”
Kipr Parlamentinin deputatı, ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos deyib ki, Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edilib. Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışıblar: "Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilmişdi. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olduq. Proseduralar dəqiq həyata keçirilirdi”.
"Referendumda müsbət ab-havanı bütün müşahidəçilər hiss etdi”
MDB Parlamentlərarası Assambleyanın Azərbaycanda keçirilən referendumla bağlı missiyasının rəhbəri İlyas Umaxanov yüksək seçici fəallığı müşahidə etdiklərini bildirib: "Azərbaycanda ilk dəfə deyil ki, seçkiləri müşahidə edirəm. Prezident seçkilərini, daha sonra parlament seçkilərini izləmişəm. İnsanlar çox müsbət əhval-ruhiyyədə idilər. Əminəm ki, bütün ölkə ərazisində səs verən, öz fikrini ifadə edən insanlar bu hissləri keçirir. Onlar Azərbaycanın müsbət, qətiyyətli və stabil gələcəyinə kökləniblər. Müsbət ab-havanı tək biz deyil, bütün müşahidəçilər hiss edib. Biz digər müşahidəçilərlə fikir mübadiləsi apardıq. Hamının fikri belədir ki, insanlar seçkilərə müsbət əhval-ruhiyyə ilə qatılıblar”.
"Referendum gələcək üçün atılmış böyük demokratik addımdır”
Fransa parlamentinin deputatı Mişel Vuazen deyib ki, referendum gələcək üçün atılmış böyük demokratik addımdır: "Azərbaycanda seçki prosesini artıq bir neçə dəfə müşahidə etmişəm. Hər dəfə müşahidələrimin sonunda belə bir qənaətə gəlirəm ki, seçkilərin keçirilməsinin keyfiyyəti artır. Referendumda 29 bənd var idi. Bu, seçiciyə "hə” və ya "yox” demək imkanı verirdi. Bu, həm icraedici, həm də qanunverici hakimiyyətə imkan verəcək ki, seçicilərin iradəsini həyata keçirsinlər”.
"Referendum Avropa standartlarına uyğun keçirildi”
Fransa parlamenti Nümayəndə heyətinin rəhbəri, senator, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar Azərbaycanda keçirilən referendumu müşahidə etməkdən məmnunluğunu bildirib. O deyib ki, referendumu müşahidə etmək üçün Fransa parlamentinin nümayəndələrinin bir çoxundan müraciət daxil olub. Rişar vurğulayıb ki, gördükləri və eşitdikləri Azərbaycanda səsvermənin Avropa standartlarına uyğun keçirildiyini deməyə əsas verir: "Ümumiyyətlə, Azərbaycanda seçki prosesi yaxşı təşkil olunmuşdu”. Nümayəndə heyətimiz əsasən məcburi köçkünlərin məskunlaşdıqları bölgələrdə oldu. Həmin insanlar seçki prosesində fəal iştirak edirdi.
"Referendumla bağlı heç bir problem və nöqsanla rastlaşmamışıq”
AŞ PA-nın fəxri üzvü, Monitorinq Komitəsinin Azərbaycan üzrə keçmiş həmməruzəçisi Tadeuş İvinski seçkinin sakit və qanunlara uyğun keçirildiyini bildirib: "Qrupumuza həm seçkiləri müşahidə etmək üzrə ixtisaslaşmış missiya olan Avropa Akademiyasının, həm də AŞ PA-nın üzvləri daxil idi. Biz bir neçə seçki məntəqəsini gəzdik. Heç bir problem və nöqsanla rastlaşmadıq. Mən burada prezident və parlament seçkilərini də müşahidə etmişəm. Referendumu ilk dəfə müşahidə edirdim. Bir çox fərdi müşahidəçilərlə rastlaşdım. Məncə, qadın seçicilər daha aktiv idilər.
"Müşahidə etməmiş də bilmək olur ki, hər şey qaydasındadır”
Fransa parlamentinin üzvü Tyeri Mariani hər şeyin qaydasında olduğunu deyib: "İlk dəfədir ki, 20-dən artıq məsələnin səsverməyə çıxarıldığını görürəm. Düşünürəm ki, xalqın fikrini öyrənmək üçün bu, yeganə yoldur. Referendum təşkilatçıları müxtəlif sualları cavablandırmağa icazə verirlər. Düşünürəm ki, təşkilati tərəfdən hər şey düzgündür. Mən cavabları gözləyirəm. Təbii ki, müşahidəyə davam edirik”.
"Səsvermə üçün bütün avadanlıqlar mövcud idi”
Serbiya parlamentinin deputatı Aleksandra Tomiç deyib ki, referendumla bağlı keçirilən səsvermə üçün bütün avadanlıqlar mövcud idi: "Təbliğat materialları yerləşdirilmişdi. Ümumilikdə referendumun təşkilat işləri yüksək səviyyədə təşkil olunub. Mən şahidi oldum ki, komissiya üzvlərinin çoxu qadın idi. Düşünürəm ki, bu, çox yaxşı haldır. Qadınların belə fəallığı Azərbaycanda demokratiyanın inkişafı üçün böyük uğurdur. Seçici fəallığı normal idi”.
"Təəssüratlarımız pozitivdir”
Avstraliyalı senator Kristofer Back bildirib ki, seçicilərin məntəqələrdə qeydiyyatı çox sadə və düşünülmüş şəkildə həyata keçirilib: "Bülletenlərin küncü kəsilib, seçiciyə təqdim olundu və kəsilmiş künclər ayrıca saxlanıldı. Günün sonunda biz səslərin hesablanması prosedurunda iştirak etdik. Təəssüratlarımız çox xoşdur, pozitivdir”.
"Dövlət yaxşı şərait yaradıb”
Rusiya Federasiya Şurasının komitə sədri Dmitri Azarov deyib ki, dövlət Azərbaycan xalqının gələcəyini müəyyənləşdirəcək vacib qərarla bağlı fikrini ifadə etməsi üçün yaxşı şərait yaradıb: "Səsvermə zamanı yüksək seçici fəallığı müşahidə olundu. Eyni zamanda irəli sürülən müddəaların aydın olması üçün yüksək hazırlıq işləri aparılıb”.
"Demokratiyanı qoruyacaq, sabitliyi təmin edəcək”
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktor müavini Uilyam Rasimora deyib ki, Azərbaycanda Konstitusiyaya dəyişiklik üzrə keçirilmiş referendum ölkədə siyasi sabitliyin yeni təminatıdır. Onun sözlərinə görə, dəyişikliklər Azərbaycanda demokratiyanı qoruyacaq və sabitliyi təmin edəcək.
İsmayıl