Vüqar Babayev: “Bir növ, bu, indiki zamanın tələbidir”
Kəmalə Ağayeva: “Bu sahədə Azərbaycanda ciddi narahatlıqlar var”
Azərbaycanda uşaq pornoqrafiyasını dövriyyəyə buraxan şəxslərin cəzalandırılması üçün tətbiq edilən cərimə ödəməsi ləğv edilir.
Cinayət Məcəlləsinə dəyişikliyə görə, uşaq pornoqrafiyasını dövriyyəyə buraxan şəxslər yalnız azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Məcəllənin hazırkı variantına görə, uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlamaya görə 8000 manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Layihənin yeni variantına görə isə bu əməli törədənlər yalnız 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Bəs, cəzaların sərtləşdirilməsi bu cür qanunsuz işlərlə məşğul olanların sayının azalmasına təsir göstərəcək?
Vəkil Vüqar Babayev sözügedən məsələ ilə bağlı "Şərq”ə açıqlamasında cəzaların sərtləşdirilməsi təklifinin təqdirəlayiq olduğunu deyib:
"Uşaq pornoqrafiyasının yayılması, reklam edilməsi, satılması kifayət qədər ciddi cinayətdir. Həqiqətən də bununla bağlı cəzaların sərtləşdirilməsinə ehtiyac olduğunu düşünürəm. Bu səbəbdən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikləri arzuolunan hesab edirəm. Bir növ, bu, indiki zamanın tələbidir. Biz internet əsrində yaşadığımızdan günümüzün reallığında uşaqlarla bağlı pornoqrafik videoların, şəkillərin yayılması asanlıqla həyata keçirilə bilər. Xüsusən də uşaqların internetə çıxışının mümkün olması uşaq pornoqrafiyasının yayılması, onun təbliğ olunması təhlükəsini artırır”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva da Azərbaycanda uşaq pornoqrafiyasını dövriyyəyə buraxan şəxslərin azadlıqdan məhrumetmə ilə cəzalandırılmasının müsbət addım olduğunu hesab edir:
"Hansısa studiyalarda pornoqrafik uşaq filmləri çəkilməsə də, bu sahədə Azərbaycanda ciddi narahatlıqlar var. Çox təəssüf ki, uşaqları şantaj etmək məqsədi ilə onların intim şəkillərini çəkib sosial şəbəkələrdə paylaşmaq təhdidi ilə vəsait əldə edənlərə, yaxud da həmin uşaqları özlərindən asılı vəziyyətdə saxlama hallarını tez-tez müşahidə edirik. Hesab edirəm ki, uşaq pornoqrafiyasını dövriyyəyə buraxan şəxslərə ən ağır cəzalar verilməlidir ki, digərləri də bundan dərs götürsün. Bu gün saytların birində oxudum ki, hansısa şəxs qızı intim şəkillərini sosial şəbəkələrdə paylaşacağı ilə şantaj edərək ondan 15 min manat istəyir. Yeniyetmə, gənc qızların hissləri ilə oynamaq olmaz. Bu şəxslər qanun qarşısında mütləq cavab verməlidir. Çünki uşaqların pornogörüntülərinin yayılması açıq-aşkar istismardır. Əvvəllər bu işlə məşğul olanlar cərimə ödəməklə özlərini xilas edirdi. Bu da nəticə etibarilə, həmin şəxslərin yenidən belə neqativ işlərlə məşğul olmasına gətirib çıxarırdı. Ancaq belə işlərlə məşğul olanların həbs olunması, nə qədər olmasa da, onları bundan çəkindirəcək”.
Şəymən