Uşaq pulunu bərpa etməyə dövlətin imkanı varmı ?- Ekspertlər “hə” dedi

Nazim Bəydəmirli: “Vətəndaş da uşaq pulunun verilməsini tələb etməkdə haqlıdır. Fikrimcə, aşağıdan gələn çağırışlara adekvat reaksiya verilməlidir”Qadir İbrahimli: “Dövlətin bu cür maliyyə yükünü daşımaq imkanları var”
Uzun müddətdir ki, ölkəmizdə uşaq pulunun yenidən bərpası müzakirə olunur. Bununla bağlı Milli Məclisdə məsələ qaldırılıb və müəyyən təkliflər səsləndirilib.
Millət vəkili Fazil Mustafa bildirib ki, uşaq pulu anlayışı yenidən gündəmə gəlməli və bərpa olunmalıdır.
Onun sözlərinə görə, uşaqların sağlamlıq problemlərinin vaxtında həlli və keyfiyyətli qida ilə təmin olunması baxımından, uşaq pulunun bərpası çox əhəmiyyətlidir. Büdcədən 120 milyon tələb olunur ki, ən azı 6 yaşa qədər uşaqlara uşaqpulu verilsin. Bunu ünvanlı etmək, bir çox imkanlı ailələrə bunu tətbiq etməmək də olar. Hər halda, uşaqların sağlamlığı naminə bu, çox zəruri məsələdir”.
Deputatın təklifi ilə bağlı fikirlərini "Sherg.az”la bölüşən iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, uşaq puluna yalnız demoqrafik proseslərin stimullaşdırıcı amili kimi baxmaq lazım deyil.
Ekspertin qənaətincə, uşaq pulu dövlətin vətəndaşına sahib çıxmağı kimi qiymətləndirilməlidir:
"İnkişaf etmiş sivil ölkələrin əksəriyyətində 18 yaşına, bəzi ölkələrdə hətta 23 yaşına qədər uşaq pulu verilir. Düzdür, bu elementlərin bir hissəsi Azərbaycan qanunvericiliyində 3 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub və müəyyən ödəmələr var. Amma uşaq pulunun məbləği ilə bağlı kifayət qədər yanlışlıqlar mövcuddur. Bu məbləğin yaşayış minimumunu təmin edə biləcək qədər olması çox vacibdir. Uşaqların sağlam böyüdülməsi və qidalanması üçün təbii ki, valideynlərlə bərabər dövlətin də öhdəliyi var. Uşaq pulunun verilməsi vətəndaşın məsuliyyətini də artırır. Uşaq düşünür ki, onun böyüməsində yalnız valideynlərinin yox, həm də dövlətin rolu olub”.
N.Bəydəmirli uşaq pulunu sosial problemdən çox vətəndaşın mənəvi borcu kimi qiymətləndirdiyini də vurğuladı:
"Hesab edirəm ki, həm məbləğlə, həm də müddətlə bağlı müzakirələr aparılmalıdır. Təəssüf ki, dövlət müxtəlif layihələrə və işlərə daha çox vəsait ayırır. Bu vəsaitlərin əksəriyyəti səmərəsiz xərcləmələr olur. Vətəndaş da uşaq pulunun verilməsini tələb etməkdə haqlıdır. Fikrimcə, aşağıdan gələn çağırışlara adekvat reaksiya verilməlidir”.
Digər iqtisadçı-ekspert Qadir İbrahimli təklifi dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, dövlətin bu cür maliyyə yükünü daşımaq imkanları var:
"Ölkəmizdə uşaq pulunun verilməsi mümkün olan bir məsələdir. Bəzi ailələri var ki, maddi durumları olduqca aşağıdır. Bu cür hallarda uşaqların yetkinlik yaşına qədər dəstəklənməsi lazımdır. Bu tamamilə normaldır. Hökümət də etiraf edir ki, ölkəmizdə 5 faiz yoxsul təbəqə var. Həmin təbəqədən olan uşaqların dövlət himayəsinə götürülməsi mühüm məqamdır”.
Yeganə Bayramova