Uşaqlar arasında ayrıseçkilik qoymaq nələrə səbəb olur? - VALİDEYNLƏR, OXUYUN!





"Valideynlərin övladlar arasında qoyduğu fərqlər onların bir-birinə qısqanc yanaşmasına gətirib çıxarır”.

Bunu Sherg.az-a Bakıda qardaşın amansızlıqla bacısını öldürməsinin səbəblərindən danışarkən psixoloq Aytən Ələkbərova deyib. 

O bildirib ki, qardaş-bacı arasında yaşanan qısqanclığın birinci faktoru valideynlərin onlar arasında qoyduğu xüsusilə, cinsiyyət fərqidir:

"Çünki təbii ki, biz azərbaycanlılar çox gözəl xalqıq, çox mərhəmətliyik. Amma buna baxmayaraq, bizdə oğlan övladlarına verilən üstünlük, hətta, oğlanlar bacıdan kiçik belə olsa, idarəetmənin onun üzərinə qoyulması və s. hallar övladlar arasında iyrənc fərqlərə gətirib çıxarır. Bura tək bacı ilə qardaş arasında qoyulan fərq deyil. İki qardaşla, iki bacı ilə aralarında qoyulan fərqlər də daxildir. Böyük uşaqlar, ailənin ilk övladları öncəliklə sevilirlər. İkinci övlad dünyaya gəldikdən sonra böyük övlada olan sevgi hissi sanki azalır. Əslində valideynin ürəyində o sevgi hissi qalır. Qaldığına baxmayaraq, onu büruzə verə bilmir. Valideynlər özləri də bilmədən uşaqlarına elə psixoloji fərqlər aşılayırlar ki, sən böyüksən bunu verməlisən, qardaşına yaxud bacına. Sən böyüksən, sən balacanın hərəkətindən keçməlisən. Artıq böyüksən, böyüksən deməklə uşaqlarda vaxtından qabaq böyüklüyə və müəyyən yaş dövründə, ailə idarə etmək dövrünə gələndə isə yaşca kiçikliyə gətirib çıxarır. Birdə görürsən, 40-45 yaşında kişidir, ailə başçısıdır, ailəsini idarə edə bilmir və deyirlər ki, uşaqdır da fikir vermə. 40-45 yaşında uşaqmı olar? Görün nə dərəcədə gülməli vəziyyətə gətirib çıxarır.

Psixoloq analoji məsələ ilə bağlı rastlaşdığı bir hadisəni də ərz edib: 

Bu yaxınlarda bir hadisə ilə rastlaşdım. Bacıdan iki yaş balaca olan qardaş özünün evi, maşını olsa belə, ata-anasının mülkünün hamısına "mənimdir” deyirdi. Hətta o vəziyyətə gəlib ki, bacısına əl qaldırır, onu döyür, sonda isə deyib ki, at özünü intihar elə. Görün, pula hərislik hansı məqamlara gətirib çıxarır. Baş verən qətllərin, qardaşın bacısını qısqanmasının, xoşagəlməz olayların da əsas kökündə ailədə, o cümlədən cəmiyyətdə oğlan övladına xüsusi üstünlük verilməsi dayanır. Ailələr övladlarının bir-birini qısqanmaması üçün ilk növbədə bunlara diqqət etməlidir”.

Aysel Aslan