“Uşaqlar internet klublarda zərərli informasiyalar alır”
Təbriz Vəfalı: “Bütün valideynlərin öz övladlarını hər dəqiqə tam nəzarətdə saxlamaq imkanları xeyli məhduddur”
(əvvəli ötən sayımızda)
Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Uşaqlarla bağlı yayılan məlumatlarda medianın necə davranmalı olmasını tövsiyə edən yetərli qədər etik qaydalar formalaşıb. Ancaq uşaqlardan bəhs edən xəbərlərdə etik çatışmazlıqlar uşaqlar xəbərin bir parçasına çevrildikləri olaylarda ortaya çıxır. Mediamız zorlama, oğurluq, boşanma, narkotikdən istifadə, intihar, xəsarət yetirmə, öldürmə və başqa durumlarda zərərçəkmiş, təqsirli və ya başqa qismdə cəlb olunan azyaşlıları topluma necə təqdim etməkdə zaman-zaman axsadıqlarını büruzə verirlər.
Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən onların kimliyi, görüntüləri efirə verilir. Məhz bu problemlərin qarşısını almaq üçün Milli Məclis "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini müzakirə edir. Deputatların dediyinə görə, hazırda mükəmməl qanun layihəsi üzərində iş gedir. Televiziya, radio, qəzet və jurnal, həmçinin internet resurslarında uşaqlara verilən informasiyalar təsnifatlaşdırılaraq bir neçə yerə bölünüb.
Milli Məclisin bilgisində layihəni parlamentə prezident İlham Əliyevin təqdim etdiyi bildirilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun yerli qanunvericiliyə, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara uyğun hazırlandığı əlavə edilib. 5 fəsil, 19 maddədən ibarət olan qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir. Qəbul edilərsə, qanun bu sahədəki münasibətləri tənzimləyəcək.
Qanunda uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər və uşaqlardan ötrü zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub.
Layihə yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsullarının ekspertizasına dair ümumi tələbləri, ekspertizanın aparılması qaydalarını və ekspert rəyinin verilməsi ilə bağlı məsələləri əhatə edir.
Tanınmış tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalının fikrincə, sözügedən qanun layihəsi barədə fikir yürütməzdən əvvəl bəzi məqamlara diqqət yetirmək lazımdır. Xüsusilə də söhbətin hansı zərərli informasiyaların mövcudluğundan bəhs etməsi, bu məlumatların həqiqətən uşaqlara müxtəlif mənfi təsirlər göstərməsinin faktlarla əsaslandırılmış sübutlarının ortaya qoyulması, uşaqların sərbəst informasiya almaq hüquqlarının məhdudlaşdırılmaması və sair kimi məsələlər mütləq nəzərə alınmalıdır: "Uzun illər ərzində bu istiqamətdə müxtəlif araşdırmalar aparmışam və bununla bağlı xeyli sayda məqalələr yazmışam. Ona görə də bu sahədə mövcud olan çoxsaylı problemlərlə yaxından tanışam. Araşdırmalarımın nəticəsi olaraq deyə bilərəm ki, uşaqlara psixoloji, fiziki və mənəvi təsir göstərən informasiyaları bir neçə istiqamətə bölmək olar. Belə ki, birinci yerdə uşaqlar üçün aldadıcı və şirnikləşdirici oyunlarla bağlı məlumatlar gəlir. Bu qəbildən olan oyunlara daha çox qumara həvəsləndirmə və mənəvi-psixoloji gərginliyə gətirib çıxartmaq məqsədilə təşkil edilən və həyata keçirilən oyunlar daxildir. Qeyd edim ki, uzun illərdir ki, təkcə Bakı şəhərində deyil, hətta respublikamızın ayrı-ayrı bölgələrində də internet klublara üz tutanlar və müxtəlif internet oyunlarını oynayanlar arasında hələ də uşaqlar üstünlük təşkil edir. Hətta onların arasında internet vasitəsilə pullu qumar oyunları oynayanlara da rast gəlinib. Üstəlik, analoji proseslər mobil telefonlar vasitəsilə də həyata keçirilir.
İkinci yeri intim həyat barədə, eləcə də ayrı-ayrı pornoqrafik və erotik şəkillər, videolar və xəbərlər tutur. Bu məsələdə təkcə xarici ölkələrdə deyil, hətta Azərbaycanda fəaliyyət göstərən bəzi yazılı mətbuat orqanları, ayrı-ayrı xəbər portalları və telekanallar da müəyyən qədər aktivlik nümayiş etdirirlər. Məsələn, tanınmış şəxslərin açıq-saçıq, erotik şəkilləri və videoları, eləcə də milli mentalitetimizə və milli-mənəvi dəyərlərimizə zidd olan verilişlər və filmlər yayımlanır. Bununla bağlı xəbərlər bəzi saytlarda sanki manşet, baş yazılar səviyyəsinə çıxarılır. Bundan başqa, Azərbaycanda müxtəlif internet resurslarına əlçatanlığın asan olması da uşaqların ayrı-ayrı saytlarda pornoqrafik və erotik səhnələrin mövcud olduğu videolara və şəkillərə baxmasını əngəlləyə bilmir.
Üçüncü yerdə ailə zorakılığı, həm ailədə, həm bağca və məktəblərdə, həm də ictimai yerlərdə uşaqların fiziki və mənəvi, bəzən də seksual zorakılığa məruz qalması ilə bağlı yayılan xəbərlər, şəkillər və videolar gəlir. Ürəkağrıdan faktdır ki, bəzi yazılı və elektron KİV-lərimiz bu cür məsələləri yalnız yeni gündəm yaratmaq, reytinq qazanmaq, geniş oxucu auditoriyası toplamaq və bəzən də kimlərisə şantaj etmək məqsədilə diqqətdə saxlayırlar.
Dördüncü yeri uşaq intiharları ilə əlaqədar yayılan məlumatlar, şəkillər və videomateriallar tutur. Uşaqlar bu məlumatları oxuyanda, sözügedən şəkilləri görəndə və videolara baxanda ciddi psixoloji mənfi təsirlərə məruz qalırlar və bəzi uşaqların intihar etməsinin kökündə dayanan səbəblərdən biri də məhz bu amildir.
Ümumiyyətlə, siyahını uzatmaq olar. Ancaq düşünürəm ki, yuxarıda sadaladıqlarım Azərbaycanda bəzi uşaqlarla bağlı real və acınacaqlı vəziyyəti tam çılpaqlığı ilə özündə əks etdirir”.
Mərkəz rəhbəri xatırladıb ki, bugünədək Milli Məclisdə çoxsaylı qanun layihələri müzakirə olunub və qəbul edilib. Onlardan biri də informasiya almaq hüququ ilə bağlıdır: "Həmin qanun yaşından asılı olmayaraq hər kəsə şamil edilir. Yəni, uşaqların da yazılı və elektron KİV-lərdən, ayrı-ayrı internet portallarından xəbər, informasiya əldə etmək hüquqları var. Üstəlik, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəmizdə internet tam azaddır və hər hansı bir məhdudiyyətdən söhbət gedə bilməz. Bu da uşaqların internetdən sərbəst istifadəsinə geniş imkan verir. Digər tərəfdən, uzun illərdir respublikamızda rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi, xüsusilə də mobil internet şəbəkəsi yüksək templə inkişaf etdiyindən uşaqların mobil internetdən istifadəsi də kifayət qədər asanlaşıb. Təbii ki, bütün bunlar uşaqların dünyagörüşünün formalaşması, onların normal vətəndaş kimi yetişməsi, uşaqların intellektual səviyyəsinin təkmilləşdirilməsi və sair üçün kifayət edir. Ancaq söhbət ondan gedir ki, xeyli sayda qanunlarımızın mövcud olması uşaqların hüquqlarının bilərəkdən, yaxud, bilməyərəkdən pozulmasının, yaxud, onların sərbəstliyinin müəyyən dərəcədə məhdudlaşdırılmasının qarşısını ala bilmir. Məsələn, hər hansı bir uşağın internet kluba getməsi, onun internetdən, mobil telefondan istifadə etməsi qanunvericiliklə qadağan edilməyib. Üstəlik, qanun hər hansı bir valideynə öz övladına mobil telefon, planşet və sair almağı qadağa qoymur. Bütün bunlar da uşaqların internet vasitəsilə müxtəlif zərərli informasiyalar əldə etməsində hərtərəfli şəraitin yarandığını göstərir”.
Baş redaktor vurğulayır ki, bütün valideynlərin öz övladlarını hər dəqiqə tam nəzarətdə saxlamaq imkanları xeyli məhduddur. Bu səbəbdən də uşaqların istər telekanallarda, istərsə də internet vasitəsilə ayrı-ayrı verilişlərə, videolara və şəkillərə baxmasında tam sərbəstlik yaranır: "Acınacaqlı faktlardan biri də budur ki, bəzən bəzi ailələrdə valideynlər arasında münasibətlərin açıq-saçıq olması, hər şeyin danışılması və sair də uşaqların yaşına uyğun olmayan şeylərə, xüsusilə də intim həyata marağını artırır və onlar bununla bağlı məlumatları oxumağa, videoları və şəkilləri görməyə həvəslənirlər. Hətta qanunvericiliklə pornoqrafik materialların yayılması qadağan edilsə də, bəzi uşaqlar internet vasitəsilə əldə etdikləri erotik, pornoqrafik və intim görüntüləri mobil telefonlarına köçürür və onları digər uşaqlara belə göstərirlər. Xatırladım ki, Rabitə Nazirliyi yaranandan üzübəri bu cür saytların "blakirovka”sı, yəni, onlara girişin məhdudlaşdırılması prosesi həyata keçirilsə də, bütün dünyada mövcud olan milyonlarla pornoqrafik və erotik şəkillərlə və videolarla zəngin olan saytlara girişlərin tam bağlanması qeyri-mümkündür”.
T.Vəfalının sözlərinə görə, "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin birtərəfli hazırlanmasının uğur qazanacağına inanmır. Onun fikrincə, bu məsələ təkcə parlamentdəki deputatlar tərəfindən deyil, ölkə ictimaiyyətinin bütün təbəqələrindən olan insanlar tərəfindən də müzakirə edilməlidir: "Söhbət ondan gedir ki, cəmiyyətdə bu məsələyə ictimai maraq oyatmaq, vətəndaşların iradlarını, təklif və rəylərini də nəzərə almaq lazımdır. Çünki ağıl-ağıldan üstün olar, deyirlər. Dgər tərəfdən, sözügedən qanun layihəsi elə formada hazırlanmalıdır ki, həm uşaqların informasiya almaq hüquqları qorunsun, həm onların sərbəstliyi əllərindən alınmasın, həm də uşaqlar müxtəlif zorakılıqlara məruz qalmasınlar. Bundan başqa, valideynlərin, bağça və məktəblərin kollektivlərinin, internet klubların əməkdaşlarının və digər şəxslərin müəyyən hüquqları da qorunmalıdır. Hesab edirəm ki, uğurlu nəticələrin əldə olunması üçün təkcə Bakı şəhərindəki deyil, bölgələrimizdəki məktəblərdə, bağçalarda, rayon və şəhər mərkəzlərində, kənd və qəsəbələrdə də diskussiyalar, görüşlər təşkil olunmalı, geniş ictimaiyyətin iştirakı ilə müzakirələr aparılmalıdır. Yaxşı olar ki, həmin diskussiyalara, görüşlərə və müzakirələrə uşaqların sevimlisi olan tanınmış insanlar da cəlb edilsin. Çünki onların deyəcəkləri fikirlər də uşaqlar üçün ciddi rəy formalaşdıra bilər. Əgər qeyd etdiyim təkliflər nəzərə alınmazsa, "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi kağız üzərində qalan və icrası gözlənilən müsbət nəticələri verməyən bir layihə olacaq”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb