Uşaqları zərərli informasiyadan qorumaq vacibdir
Qanunla tənzimlənmədən başqa, valideynləri də maarifləndirmək lazımdır
(Əvvəli ötən sayda)
Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Bu baxımdan azyaşlılarla bağlı yayılan məlumatlarda medianın necə davranmalı olduğunu tövsiyə edən kifayət qədər etik qaydalar formalaşıb. Buna baxmayaraq, uşaqlardan bəhs edən xəbərlərdə etik çatışmazlıqlar müşahidə edilməkdədir. Mediamız zorlama, oğurluq, boşanma, narkotikdən istifadə, intihar, cinayət və başqa durumlarda zərərçəkmiş və ya təqsirli qismində azyaşlıları topluma təqdim etməkdə zaman-zaman axsadıqlarını büruzə verirlər.
Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən azyaşlıların kimliyi, görüntüləri efirə verilir. Problemin digər tərəfi isə müasir dövrdə azyaşlıların internetə çıxışının çox asan olması, mövcud məhdudlaşdırıcı metodların effektiv nəticə verməməsidir. Məhz bu problemlərdən dolayı Milli Məclisdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi tez-tez müzakirə mövzusuna çevrilir. Sözügedən qanun layihəsi ötən gün parlamentin iclasında yenidən müzakirəyə çıxarılıb. Qanun haqqında parlamentin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib. Bildirib ki, sənəddə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. Qanun layihəsinin 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcəyi deyilib. Müzakirə zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb. Lakin deputat qanun layihəsinə "dini xurafat” anlayışının əlavə edilməsini təklif edib: "Bəzi ailələrdə uşaqlara dini xurafatçılığa əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə büruzə verə bilir. Məktəblərdə "Həyat bilgisi” dərsliyinin keçirilməsi müsbət haldır. Sözügedən dərslikdə islam dini haqqında düzgün məlumatlar aşılanır. Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi dini xurafatçılığa qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”. Daha sonra müzakirəyə qoşulan deputat Sevinc Fətəliyeva isə vurğulayıb ki, əsas təhlükələrdən biri odur ki, hər kəs internetdə istənilən informasiyanı dərc edə bilər: "Muasir dövrdə zərərli informasiyaya rast gəlmək çox asan məsələdir.
Əgər yaxın keçmişdə biz məişət zorakılığı, fiziki cəzalar, cinsi zorakılıq, uşaq psixikasına mənfi təsir göstərən səbəbləri, intiharları araşdırıb onlarla mübarizə aparırdıqsa, bu gün kiber mühit və internet bütün təhlükəli amilləri özündə birləşdirib və böyük bir riskə çevrilib”. Millət vəkili internetə daha çox diqqət yetirməyinin səbəbini bu cür açıqlayıb: "Bu gün internet həm TV, həm də radionu tam əvəz edir və hər bir insanın, xüsusən uşaqların həyatının ayrılmaz hissəsinə çevrilir. Hətta çox vaxt həyat tərzimizi dəyişir. Uşaqların davranışını, ünsiyyət formasını redaktə edir. Nəzərə alsaq ki, Azərbaycanda internet istifadəcilərinin sayı getdikcə artır, düşünürəm ki, təqdim olunan qanun layihəsində uşaqların internet təhlükəsizliyi daha çox yer alsaydı, yaxşı olardı”. Xanım millət vəkili əlavə edib ki, internet böyük imkanlar verir, amma təqdim olunan məlumatların böyük hissəsi etibarlı və faydalı sayıla bilməz: "Materialların dəqiqliyini qiymətləndirmək üçün, şəbəkə istifadəçiləri tənqidi düşünməlidir. Çünki əsas təhlükələrdən biri odur ki, hər kəs bu gün internetdə hər bir informasiyanı dərc edə bilər. Bu, xüsusilə uşaqlara aiddir, çünki uşaqlar adətən düşünür ki, əgər bu məlumat internetdə varsa, deməli, doğrudur. Qəzet və jurnallarda korrektor, redaktor var, amma internetdə heç kim məlumatların doğru olub-olmamasını yoxlamır.
Bu şəraitdə belə bir qanun layihəsinin qəbul olunmasına böyük zərurət var. Ümumiyyətlə, uşaqların informasiya təhlükəsizliyi qanunvericilik bazasının yaradılması həm uşaqların, həm də valideynlərin rəqəmsal bilik və bacarıqlarının formalaşması kimi bir neçə amildən ibarətdir. 1-ci amilə biz artıq nail olmuşuq. Müzakirə olunan qanun layihəsi uşaq hüquqlarını müdafiə edən, onların təhlükəsizliyini təmin edən bir platformadır. Növbəti mərhələ isə ondan ibarət olmalıdır ki, qəbul etdiyimiz qanunun müddəaları əhaliyə geniş çatdırılsın, uşaqlar informasiya əldə olunmasında öz hüquqlarını bilsin. 2-ci amilə nail olmaq üçün həm uşaqları, həm də valideynləri digər istiqamətdə maarifləndirmək lazımdır: internetdən, sosial şəbəkələrdən istifadə olunması, onlayn oyunların oynanma qaydaları və bir sıra digər fəaliyyət qaydaları haqqında bilmək, onlara riayət etməkdir. Düşünürəm ki, bunun üçün həm parlament, həm müvafiq qurumlar, həm də QHT-lərin birgə fəaliyyət göstərmələri çox faydalı olardı”. Məlumat üçün bəyan edək ki, 5 fəsil, 19 maddədən ibarət qanun layihəsində uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan məlumatlar, həmçinin xəbər məhsulunun yaş təsnifatı, zorakılığın və qəddarlığın nümayişi və digər bu kimi anlayışların izahatı verilir. Layihədə bildirilir ki, "18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməlidir.
Uzun zamandır müzakirə olunan məsələni "Şərq”ə dəyərləndirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət deyib ki, uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı Azərbaycanda tətbiq olunan üsullar mövcuddur. Onun sözlərinə görə, hazırda bu proses filtirlənmiş internet üzərindən həyata keçirilir:
"Evlərə, təhsil müəssisələrinə verilən internetin filtirlənməsi bu kimi halların qarşısını ala bilir. Təhsil Nazirliyinin nəzdinə daxil olan müəssisələrdə internet saytlara girişlə bağlı məhdudiyyətlər var. Məsələn, cinsi istismar, radikal dini qruplar və s. tipli internet resurslara girmək mümkün deyil. Çünki Nazirlik filtirlənmə sistemi ilə məqsədli şəkildə zərərli saytlara girişi əngəlləyir. Tam mümkün olmasa da, ümumilikdə uşaqların təhlükəli informasiyalardan qorunması mümkündür. Dünya ölkələrində uşaqlar üçün internet paketlər satılmaqdadır. Evində uşağı olan valideyn onu qorumaq üçün xüsusi satılan internet paketi alır və bu sayədə zərərli internet resurslarını bloklayır. Bu, etibarlı sayılır, çünki bloku sındırmaq olmur. Yəni təsirli metodlar var, sadəcə bir qədər tənzimləməyə ehtiyac duyulur”.
Azər Həsrət bildirib ki, ümumilikdə maarifləndirmə işini gücləndirmək lazımdır: "Vətəndaşları və xüsusən valideynləri maarifləndirmək lazımdır ki, bu cür xidmətlərdən istifadə etsinlər. Düzdür, belə metodlar məsələni kökündən həll etmiş olmayacaq. Çünki uşaqlar kənarda, internet klublarda, ağlımıza gəlməyən yerlərdə internetə daxil olaraq zərərli kontentə çata bilirlər. Amma qeyd etdiyim variantlar böyük hesabla uşaqların qorunmasına ciddi fayda vermiş olar. Cəmiyyət olaraq hamımız əl-ələ verib bu problemin öhdəsindən gələ bilərik. Əgər məsləhət görülən sistemlər evlərdə tətbiq olunmursa, yaxud da hansısa səbəblərdən həmin internet paketlərdən istifadə etmirlərsə, kompüterin özünün funksiyalarından yararlanmaq lazımdır. Ancaq həmin funksiyalardan istifadə etmək hər adamın işi deyil. Bu da əlavə təcrübə və bilgilər tələb edir. Ən yaxşısı uşaqlar üçün hazırlanmış zərərsiz internet paketlərdir. Şəxsən mən özüm öz ailəmdə həmin sistemi tətbiq edərəm. Düzdür, bizim ailədə uşaqlar o cür saytlara meyillənmirlər, amma hər ehtimalı nəzərə almaq lazımdır. Bəzən başqa istiqamətdə axtarış aparırsan, amma qarşınıza tamamilə fərqli mövzuda, zərərli resurslar çıxır. Bunları gözardı etmək olmaz. Tam olaraq problemi çözməsə də, 90 faiz önləmək mümkündür”.
"Azadinform" informasiya agentliyinin rəhbəri Niyaz Niftiyev də "Şərq”ə açıqlamasında internetdən istifadənin uşaqlar, xüsusən də məktəblilər üçün müsbət tərəflərindən daha çox mənfi nəticələr yaratdığı qənaətində olduğunu deyib. Baş redaktor bildirib ki, informasiya və yaxud da dərs tapşırıqlarını əldə etmək adı ilə limitsiz internet imkanlarından istifadə qətiyyən yolverilməzdir:
"Təəssüf ki, kompüter və ağıllı telefonlardan davamlı istifadə edən uşaqlarda müəyyən vaxtdan sonra asılılıq yaranır. Bu asılılıq məktəblini əsas missiyasından uzaqlaşdıraraq, bilik əldə etmə marağına mənfi təsir göstərir. Beləliklə, müxtəlif sosial platformalarda aktivlik nümayiş etdirən uşaqlar günlərini real və virtual dostları ilə yazışaraq keçirirlər. Bəziləri düşünür ki, internetdə filtir sisteminin tətbiqi ilə zərərli informasiyaların qarşısını ala bilərik. Təbii ki, qismən problemdən çıxmağa kömək edə bilər. Bu mərhələdə həm də çalışmalıyıq ki, uşaqları sosial şəbəkə müzakirələrindən, TV, internet portallardan imkan dərəcədə kənarda saxlayaq. Xüsusilə uşaqlar haqqında informasiyaların təqdimatında diqqətli olmalıyıq”. Redaktor bəyan edib ki, cinayət törətmiş və ya cinayətin qurbanı olmuş uşaqlar haqqında informasiyalar hazırlayarkən bu xüsuslar nəzərə alınmalıdır: "Düşünürəm ki, həm də uşaq olan evlərdə internetdən istifadəyə məhdudiyyət qoyulmalıdır.
Şəxsən mən bir valideyn olaraq bu problemdən əziyyət çəkdiyim üçün internet xəttini bağlatdırmışam. Məktəbli övladım üçün yalnız dərsləri üçün internet lazım olduğu zaman öz telefonumdan onun telefonuna internet çıxışı yaratmışam. Bu xətdən də o yalnız mən evdə, onun yanında olanda istifadə edə bilər. Bu cür istifadə müddəti saatlarla ola bilməz. Şəxsən problemdən bu formada çıxmağa çalışıram. Düzdür, ilk əvvəl bu çıxış yolu aramızda müəyyən problemlər yaratdı, amma indi hər şey qaydasındadır. Qeyd etdiyim kimi, ona lazım olanda mən onun telefonunu 30-40 dəqiqəlik internetlə təmin edirəm”.
(Davamı var)
İsmayıl Qocayev