Əjdər Ağayev: “Kömək etmək o demək deyil ki, inşa yazını başdan-ayağa valideyn qələmə almalıdır”
Uşaqların əvəzinə valideynlər inşa yazır
Vurğun Əyyub: “Uşaqların əvəzinə inşa, esse yazmaq yox, onlara yazmaq üçün istiqamət vermək lazımdır”
Əjdər Ağayev: “Kömək etmək o demək deyil ki, inşa yazını başdan-ayağa valideyn qələmə almalıdır”
Əjdər Ağayev: “Kömək etmək o demək deyil ki, inşa yazını başdan-ayağa valideyn qələmə almalıdır”
Sevinc Elsevər: "Etiraf edirəm, boynuma alıram, onların əvəzinə inşanı mən yazmışam. Gərək yazmayaydım”
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev sosial şəbəkədə çəkici məsələyə toxunub. İ.Quliyev feysbuk səhifəsində belə bir paylaşım edib: "Axşam saat 10-da işdən qayıdanda - qapını açıb evə girən kimi Fərid salamsız-kəlamsız başımın üstünü alır: "Ata, inşa yazmalıyıq!” Elə tonda deyir ki, elə bil müəllim tapşırığı buna yox, mənə verib. Çətindir!..”
Təbii ki, baş redaktorun paylaşımı sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və maraqlı rəylərlə çıxış ediblər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri, filologiya elmi üzrə fəlsəfə doktoru Vurğun Əyyubun fikirləri xüsusilə diqqəti cəlb edir:
"Burdakı rəylərdə valideynlərin məsələyə münasibəti narahatedicidir. Uşaqların əvəzinə inşa, esse yazmaq yox, onlara yazmaq üçün istiqamət vermək lazımdır. Uşaqların əvəzindən bu işləri gördüyümüz üçün onlar yazılı və şifahi şəkildə, səmimiyyətlə fikirlərini ifadə edə bilmirlər. Hansısa mövzu ətrafında inşa, ya esse yazmaq tapşırığı veriləndə, o mövzu ətrafında öz yaş səviyyəsinə uyğun səmimi düşüncələrini yazmaq əvəzinə, daha çox necə yazılsın ki, hamının xoşuna gəlsin, düşüncəsi ilə yaşayırlar və qaçırlar valideynin üstünə ki, inşa yazmalıyıq. Valideyn isə yol göstərmək əvəzinə ya öz düşündüklərini, ya da internetdən tapdığı materiallar əsasında bir şey quraşdırır. Fəlakətin kökü bax burdadır”.
Təcrübəli pedaqoq, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev problemlə bağlı fikirlərini "Şərq”ə bildirdi:
- Bəli, bu problem var, həm də geniş yayılıb. Uşaqların əvəzinə valideynlər inşa yazır. Uşağın yazısı orada əks olunan fikirlərdən bilinir. Uşağın, məktəblinin düşüncələri ilə böyük adamın düşüncələri heç vaxt eyni cür ola bilməz. Hətta böyüklər "uşaq kimi” yazmağa cəhd göstərəndə də yenə üslub tərzi onları ələ verir.
Təcrübəli pedaqoq bunu asanlıqla ayırd edə bilir. Amma problem həm də bundadır ki, bəzi müəllimlər inşa yazılarına da, o yazını şagirdin özünün, yoxsa valideyninin yazdığına biganə yanaşırlar. Buna əhəmiyyət vermirlər. Nəticədə şagirddə inşa yazmaq, fikrini ifadə etmək, düşüncələrini çatdırmaq qabiliyyəti formalaşmır. Şagirdin inşa yazını özünün yazıb-yazmadığını müəyyənləşdirməyin sadə bir üsulu var. Şagirddən inşa yazını şərh etməsini istəyirsən. Əgər şagird inşa yazını şifahi şəkildə şərh edə bilirsə, oradakı fikirləri ifadə edirsə, deməli, özü yazıb. Yox əgər, şagird təqdim etdiyi inşanı şərh edə bilmirsə, orada yazılanları danışa bilmirsə, deməli, özü yazmayıb. Kimsə onun əvəzindən yazıb. Tamamilə doğrudur ki, valideyn uşağı istiqamətləndirməlidir, məsləhət verməlidir. İnşa yazının mövzusuna uyğun hansısa bədii ədəbiyyatı, hansısa kitabı oxumasını məsləhət görməlidir, lap uşağa nədən necə yazmağı öyrədə də bilər. Kömək etmək başqadır, uşağın əvəzinə inşa yazmaq başqa. Kömək etmək o demək deyil ki, inşa yazını başdan-ayağa valideyn qələmə almalıdır. Təəssüf ki, bizim bir çox valideynlər necə kömək etməyi bilmir. Özlərini də aldadırlar, uşağı da, müəllimi də. Şagirdin əvəzindən kiminsə inşa və ya esse yazması uşağın sərbəst düşüncə inkişafının qarşısını alır.
Yazar Sevinc Elsevər də şagirdin əvəzindən valideynin inşa yazmasını uşaqların düşüncə qabiliyyətlərini inkişafdan saxladığı fikrindədir:
- Qızlarımın 2-si də orta məktəb şagirdidir. Amma indiyədək bir dəfə də olsun məndən inşa yazmaq üçün kömək istəməyiblər. Bunun səbəbi bilirsiz nədi? Mən onlara lap kiçik yaşlarından çoxlu kitablar almışam. Onlar kitab oxumağa alışıblar. O qədər kitab oxuyublar ki, inşa yazmaq da onlar üçün problem deyil. Fikirlərini düzgün ifadə etmək bacarığı formalaşıb onlarda. Kitab oxumaq həm ədəbi dili formalaşdırır, həm də düşüncə qabiliyyətini. Məsələ təkcə kitab oxumaqla da bitmir. Gərək valideyn uşağın oxuduğu kitab barədə müzakirə açsın, əsərdəki qəhrəmanlar barədə uşağın fikirlərini öyrənsin. Uşaq danışdıqca dil qabiliyyəti də inkişaf edəcək, düşüncə tərzi də. Söz ehtiyatı da genişlənəcək. Uşağa kitabla dialoqa girmək bacarığı öyrədilməlidir. Məşhur bir tapmacamız var; ağaca çıxdım adamla, bir nəlbəki badamla, nə dili var, nə ağzı, hey danışır adamla. Bu kitab barədə deyilib. Deməli, kitabı təkcə oxumaq azdır, onunla danışmaq lazımdır. Kitaba təkcə "qulaq asmaq” yox, həm də onunla danışmalıyıq, onunla söhbət etməliyik. O zaman kitab uşaqlara hərtərəfli inkişafda ən yaxın köməkçi olacaq. Bizim orta məktəblərdə problem həm də bundadır ki, dərslikdə yazılanları şagirdlərə tabu kimi, dəyişməz ehkam kimi təqdim edirlər. Şagirdin hansısa məsələdə mübahisə etməsinə, fikir bildirməsinə, müzakirə açılmasına izin verilmir. Əsərlərdəki obrazlar müzakirə olunmur. Ancaq əzbərçilikdir. Əgər valideynlər övladlarını kiçik yaşlarından kitab oxumağa alışdırsalar, onların təhsil illərində inşa yazmaqla bağlı heç bir problemi olmayacaq.
S.Elsevər şagirdlərin əvəzinə valideynlərin inşa yazmasının yayqın bir problem olduğunu dedi:
- Dediyim kimi, mənim qızlarım heç vaxt bu problemi yaşamayıb. Amma qonşu uşaqlar mənə inşa yazısında kömək üçün müraciət ediblər. Etiraf edirəm, boynuma alıram, onların əvəzinə
inşanı mən yazmışam. Gərək yazmayaydım. Xahiş ediblər, geri çevirə bilməmişəm. Amma onlara kitab da vermişəm, demişəm oxu. Bir müddət sonra maraqlanmışam görüm oxuyub, ya yox, anası deyib ki, uşağın vaxtı yoxdu, dərslərin ağır olduğunu bəhanə gətirib. Qızlarım gecə saatlarında da kitabdan əl çəkmir. Axırda, məcbur olub yataq otağının işığını söndürərəm ki, yatsınlar, baxıram, qaranlıqda oxuyurlar. Təpinirəm ki, bu, gözlərinizə ziyandır. Hər şey uşağı nəyə, necə alışdırmaqdan asılıdır. Uşaqların ən böyük dostu kitab olmalıdır və belədə onlar nəinki məktəb illərində, həyatlarının sonrakı mərhələlərində də problemlər yaşamayacaqlar. Ən azı, problemlərin düzgün həlli yolunu biləcəklər.
Məlahət Rzayeva