Vahid Əhmədov RAZILAŞMIR: "Heç bir nazirlik məktublarımı cavabsız qoymayıb"




"Heç bir qurum, nazirlik, komitə məktublarımı cavabsız qoymayıb”.

Bunu Sherg.az-a bəzi deputatların dövlət qurumlarının onların məktublarına cavab verməməsinə dair şikayətlərinə münasibət bildirərkən millət vəkili Vahid Əhmədov deyib. 

O bildirib ki, digər həmkarlarından fərqli olaraq, onun belə problemi yaşanmayıb:

"Məndə elə bir məktub olmayıb ki, hər hansı nazirlik və ya dövlət qurumu onu cavabsız qoysun. Bütün nazirliklərdən ya nazirin, ya da müavinin imzası ilə məktublarıma cavab almışam. Bu günə qədər bir dənə də cavabsız məktubum qalmayıb. Milli Məclisdən də öyrənə bilərsiniz, ən çox şikayət ərizələri mənə daxil olur və həmişə də bütün nazirliklər, komitə sədrləri məktublarıma diqqətcildirlər”.

Qeyd edək ki, Milli Məclisin İnsan haqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov bəzi nazirliklərin və digər dövlət qurumlarının məktublara cavab verməməyini Milli Məclisə hörmətsizlik kimi qiymətləndirib.

Aysel Aslan