Valideynlər, DİQQƏT ! "Uşaqlar arasında infeksiya yayılıb !" - Qızdırma, kəskin qarın ağrısı və qaytarma

"Azyaşlı uşaqlar arasında mövsümə uyğun infeksiyalar yayılıb. Amma heç bir virusdan, ciddi narahatlıq yaradan xəstəliklərdən söhbət gedə bilməz”.
Bunu "Sherg.az”a pediatr Vaqif Qarayev deyib. 
O qeyd edib ki, yay aylarında müraciət edən uşaqlar arasında ən çox rast gəlinən mədə-bağırsaq zədələyicisi törədiciləri müşahidə olunur:
"İsti aylarda uşaqların qidasına ciddi nəzarət etmək lazımdır. İsti hava şəraiti ilə bağlı gigiyenik qaydalara əməl olunmur. Uşaqlar nəzarətsiz qalıb, yoluxmuş qida məhsullarından istifadə edəndə mədə-bağırsaq sistemi mütləq pozulacaq. Müxtəlif regionlarda pərakəndə halda narahatlıqlar yaşanır, ancaq ölkədə daha çox uşaq sayını əhatə edən xəstəlik törədici virus yoxdur.
Buna baxmayaraq, valideynlər diqqətli olmalıdırlar. Yuyulmamış meyvə və tərəvəzi, digər məhsulları uşaqlara vermək olmaz. Bu, həmişə belə olmalıdır. Uşaqların rəngləndirici maddələr qatılmış məhsullardan, dönər, "fast food” qidalarından istifadə etməməsi məsləhətdir”.
Yay aylarında infeksiyaların çimərliklərdən, digər su hövzələrindən daha çox yayıldığını diqqətə çatdıran V.Qarayev əhaliyə qadağan olunmuş çimərliklərə getməyi məsləhət görmür:
"Ən çox Şıxov və Sumqayıt çimərliklərində uşaqlar üçün ziyanlı, xəstəlik törədən infeksiyalar yayılırdı. Həkimə müraciət edənlər arasında bu çimərliklərdə dincələn şəxslər üstünlük təşkil edirdi. Qadağan olunmuş çimərliklərə uşaqları aparmaq olmaz. Amma valideynlərin də arqumenti var ki, suyu təmiz olan istirahət məkanları bahadır. İlin bu vaxtında dənizin suyu, qumu uşaqlar üçün faydalıdır. Amma maksimum uşaqları qorumaq, onları xəstələndirməkdənsə, dəniz kənarına aparmamaq məsləhətdir”.
Aysel Aslan