
Var-dövlət hərisliyi onların gözünü tutub
"O qədər imkanı, pulu, obyektləri var, amma bir şəhid ailəsinin 50 kvadratmetrlik yerinə də göz dikib"
Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb.
Bu barədə jurnalist Aidə Eyvazlı özünün facebook səhifəsində məlumat verib.
O bildirib ki, Ali Məhkəmədə aprel şəhidimiz polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar qəbul edilib və onun ailəsinin evi əlindən alınıb. Jurnalist qeyd edib ki, məhkəmə Şərurlu İsfəndiyarın tələbini qanunsuz olaraq təmin edib:
"Sənan Axundov vəfat etməmişdən bir neçə il əvvəl "Kamran MMC"-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra "Kamran MMC”-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini Şərurlu İsfəndiyar alıb. Həmin binada əlavə 5 mərtəbə də tikib. Şərurlu İsfəndiyarın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetrlik yerin sahibi onun özüdür. Şərurlu İsfəndiyar isə dayanmayıb. Sənan şəhid olandan sonra ailəni məhkəməyə verib və məhkəmə prosesini qazanıb”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə şəhid ailələrinə, Qarabağ əlillərinə diqqət və qayğı göstərib, bütün məmurlara da bu insanlara qarşı diqqətli olmağı, onlarla ədalətli davranmağı tapşırıb. Amma bəzi məmurlar və iş adamları şəhid ailələrinə qarşı ədalətsiz və laqeyd münasibət göstərirlər.
Şəhidin həyat yoldaşı Nəcibə Axundova Ali Məhkəmənin ötən gün çıxardığı ədalətsiz qərardan ölkə rəhbərliyinə müraciət edib:
"Çünki söhbət inşaat maqnatı Şərurlu İsfəndiyar və şəhid ailəsindən gedir. Burada iki qonşunun sadə pay bölüşdürməsi məsələsindən bəhs edilmir. Bu ağırlığı hiss edirsinizmi? O da bilir ki, burada şəhid ailəsindən söhbət gedir. Ancaq birmənalı qeyd edir ki, biznesmendir və bu, onun biznes siyasətidir. Dünənki prosesi hakim Əsəd Mirzəliyev aparırdı. Məhkəmədə onlar hər şeyin hüquq və qanun çərçivəsində həll olunmağına tərəfdar olduqlarını bildirdilər. Hətta çıxışlarında qeyd edirdilər ki, yalnız hüquqdan və qanundan danışaq. Əlavə heç bir rəy deməməyimizi tələb edirdilər. Hakim Əsəd Mirzəliyev dəfələrlə vurğulayırdı ki, haqqımızda məlumat materialda var. Bunu deməyə ehtiyac yoxdur. Dedim ki, anlamıram, mənzilin mənim pulumla tikildiyini vurğulamalı deyiləm? Bunu demək sizi narahat edirmi? Yəni, bir sözlə, məhkəməyə girəndə hər şey bəlli idi. Bizi dinləməməyə, söz verməməyə çalışırdılar. İsfəndiyarın vəkili Ramiq Axundov bizə qarşı çox böyük hörmətsizlik etdi. Dedi ki, şəhid ailəsinin məhkəməyə və onlara heç bir aidiyyəti yoxdur. Mən ona sual verdim ki, siz bunu hamının, Ali Məhkəmənin qarşısında utanmadan, çəkinmədən deyirsiniz? Bəs, bu məhkəmədən, xalqdan, dövlətdən ötrü bu gün məhkəmə fəaliyyət göstərsin, qanun yerinə yetirilsin deyə mənim yoldaşım kimi oğlan gedib canından keçib. Dedi ki, bəli, mən öz sözümün üstündə dururam. Bu çox böyük hörmətsizlikdir. O, Şərurlu İsfəndiyarın mövqeyini bildirirdi”.
N.Axundova vurğulayıb ki, dövlətdən, ya da Şərurlu İsfəndiyardan artıq heç nə istəmir:
"Pul verdiyimiz evi istəyirik. Onu da İsfəndiyar bizə vermir. Çünki o evin ikiqat pulunu bizdən istəyib. Biz 53 min pul ödəmişdik, 11 min borcumuz qalmışdı. Əvvəl bizdən 100 min, sonra 53 min pul istədi. Biz isə razılaşmamışıq. Bina təhvil veriləndən sonra, sakinlərdən ikiqat pul istədi. 76 ailə onunla razılaşdı. Kim ki razılaşdı, müqaviləni yeniləyib kupçanı payladı. Kim ki, onun istədiyi məbləği vermədi, onları məhkəmələrdə süründürməyə başladı. İndi biz Ali Məhkəmədə kassasiya şikayətinə bir müraciəti də əlavə etmişdik ki, eyni vəziyyətdə olan vətəndaş Məhkəməyə müraciət edərək Şərurlu İsfəndiyarı udub. İsfəndiyar vətəndaşı Apelyasiya Məhkəməsinə verib. Yenidən həmin sakin Ali Məhkəməyə verib, Ali Məhkəmə vətəndaşın tərəfində durub. Ancaq bizim situasiyada Ali Məhkəmə Apelyasiyanın qərarını qüvvədə saxladı. Halbuki, eyni şirkət, eyni bina, eyni müqavilədən söhbət gedir. Bizdə isə müqaviləni bəhanə etdilər. Dedilər ki, guya, müqaviləniz saxtadır. O zaman siz bu saxta müqavilə ilə iki il bundan əvvəl başqa bir vətəndaş haqqında Apelyasiya Məhkəməsinin verdiyi qərarı ləğv etmisiniz və vətəndaşın xeyrinə qərar çıxarmısınız. Onda belə çıxır ki, özünüz özünüzü təkzib edirsiniz?! İkincisi, İsfəndiyarla razılaşan 76 ailəyə həmin müqavilə ilə "kupça” verilib. Necə olur ki, onda o müqavilə saxta olmadı?!
Başqa yerdə bu cür iri inşaat şirkətləri şəhid ailələrinə mənzillərin açarlarını özləri verirlər ki, biz milyonlar qazanırıq, oğullarımız isti evin içində oturub əsgərliyə də getmirlər. Amma sizin həyat yoldaşınız, ya oğlunuz gedib şəhid olub, canından keçib. Ancaq bunlar bizim özümüzkünə sahiblənirlər”.

Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da şəhidin ailəsinin evini əlindən alan iş adamının bu addımını qəbulolunmaz hal kimi qiymətləndirib. Var-dövlət hərisliyi onların gözünü o qədər tutub ki, mənəviyyatlarını itiriblər:
"Görün bunlar nə qədər harınlayıb, pul qazanmaq istəyi bunları necə əsir alıbsa, qarşısındakının şəhid ailəsi olduğunun belə fərqinə varmır. O qədər imkanı, pulu, obyektləri var, amma bir şəhid ailəsinin 50 kvadratmetrlik yerinə də göz dikib. Hesab edirəm ki, tez bir zamanda bu biabırçılıq aradan qaldırılmalı, şəhid polkovnikin ailəsinin haqları təmin edilməlidir. İctimai qınaqla biz məsələnin hüquqi həllinə nail ola bilmərik. Mütləq şəkildə dövlət prosesi nəzarətə götürməli, mənəvi dəyərləri unudan insanlarla bağlı ciddi ölçü götürməlidir”.
Şəymən