"Vaxtilə parlamentdə Qarabağla bağlı müzakirəyə qatılmayanların səsləri indi ayrı-ayrı yerlərdən gəlir" - Deputat




Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəxtiyar Əliyev Qarabağ məsələsi ilə bağlı fikirlərini səsləndirib. Sherg.az-ın xəbərinə görə, o deyib ki, vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən Qarabağla bağlı mövqe düzgün müəyyən edilib: 

"Bu gün də həmin siyasət həyata keçirilir. O zaman parlamentdə ümummilli lider bütün Azərbaycan xalqına, bütün siyasi qüvvələrə müraciət etdi ki, parlamentdə Dağlıq Qarabağla bağlı təklif olunan 3 layihə var, onları müzakirə edirik. Bəziləri gəlmədilər, burada öz mövqelərini bildirmədilər. Bu gün isə onların ayrı-ayrı yerlərdən səsləri gəlir”. 

Millət vəkili xatırladıb ki, prezident İlham Əliyev vaxtilə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəndə bu siyasəti çox açıq, aydın, israrla davam etdirirdi:

"2005-ci ildə yürüdülən siyasət nəticəsində Avropa Şurasında çox ciddi qətnamə qəbul edildi. Qeyd olundu ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal edilib, bu gün Dağlıq Qarabağ bir qrup separatçının əlindədir, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım həyata keçirilib. Budur Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət. Amma gəlin görək, başqaları ortaya nə qoyacaqlar? Heç olmasa, bir parça kağız gətirsinlər ki, hansısa bir qeyri-hökumət təşkilatı ilə beynəlxalq aləmdə müzakirə ediblər, Azərbaycan xalqının haqq səsini orada ifadə ediblər və dəstək alıblar”.

B.Əliyev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir: 

"Ərazilərimizin azad edilməsi istiqamətində aparılan işlər də sübut edir ki, Azərbaycan heç zaman öz torpaqlarını heç kimə güzəştə getməyəcək. Azərbaycan öz torpaqlarını sülh yolu ilə azad etmək istəyir, ancaq bu alınmasa, əlbəttə ki, torpaqlarımız hərb yolu ilə azad ediləcək”.

Anar